Valideynlərin əsas vəzifələri hansılardır? - VƏKİL AÇIQLADI

"Valideynlik vəzifələri Azərbaycan Respublikasının "Ailə Məcəlləsi"ndə təsbit edilib. Valideynlərin əsas vəzifəsi uşağın mənafelərini təmin etmek, onun sağlam və harmonik inkişafını təmin etməkdir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Mehman Muradlı deyib.

Onun sözlərinə görə, qanunda bəzi mühüm valideynlik vəzifələri qeyd edilib: "Ailə Məcəlləsinin 51-ci maddəsinə əsasən, valideynlər uşağın tərbiyəsi və təhsili ilə məşğul olmalı, onun mədəni, əxlaqi və fiziki inkişafına kömək etməlidirlər".

"Eyni zamanda, nəzarət və qayğı da valideynlərin önəmli vəzifələrindəndir. Valideynlər uşaq üzərində nəzarəti həyata keçirməli və onun sağlamlığına, inkişafına qayğı göstərməlidirlər. Valideynlər bu vəzifələri həyata keçirərkən, həmişə uşağın ən yaxşı mənafelərini nəzərdə tutmalı və onun şəxsiyətinə hörmətlə yanaşmalıdırlar. Valideynlərin öhdəliklərini yerinə yetirməməsi və ya sui-istifadə etməsi halında, qanunvericilikdə müəyyən edilmiş tədbirlər, o cümlədən valideynlik hüquqlarından məhrum etmə, uşağın müvəqqəti yerləşdirilməsi və digər tədbirlər nəzərdə tutulub",- deyə vəkil əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə