Uşağın ad günü hər bir valideyn üçün xüsusi gündür. Bu günün yaddaqalan olması üçün ən çox diqqət yetirilən məsələlərdən biri də banket menyusunun düzgün seçilməsidir. Mütəxəssislər bildirirlər ki, menyu hazırlanarkən təkcə müxtəliflik deyil, qida təhlükəsizliyi, uşaqların yaşı və qonaqların tərkibi də nəzərə alınmalıdır.
SİA mövzu ilə bağlı araşdırma edib.
Menyunu uşaqların yaşına uyğun hazırlayın
Ən böyük səhvlərdən biri böyüklər üçün nəzərdə tutulmuş yeməklərin uşaqlara təqdim edilməsidir. Kiçik yaşlı uşaqlar üçün ağır souslu, çox ədviyyatlı və yağlı yeməklər uyğun hesab edilmir.
Pediatrlar və dietoloqlar aşağıdakı məhsulların üstünlük təşkil etməsini tövsiyə edirlər:
-Sobada və ya qrildə bişmiş toyuq və ya balıq;
-Mini sendviçlər;
-Təzə meyvə və tərəvəz boşqabları;
-Az şəkərli desertlər;
-Təbii meyvə şirələri və su.
Allergiyaları nəzərə alın
Son illər uşaqlarda qida allergiyalarının artması valideynləri daha diqqətli olmağa məcbur edir.
Ən çox allergiya yaradan məhsullar bunlardır: Yerfındığı və digər çərəzlər, dəniz məhsulları, yumurta, süd və süd məhsulları, küncüt, buğda və qlüten tərkibli məhsullar.
Qonaqlar arasında allergiyası olan uşaq olub-olmadığını əvvəlcədən öyrənmək vacibdir.
Açıq bufet daha rahat ola bilər
Əgər tədbirdə çox uşaq iştirak edəcəksə, açıq bufet formatı daha əlverişli sayılır. Bu zaman uşaqlar öz seçimlərini edə bilir və yemək israfı azalır.
Tort seçiminə xüsusi diqqət
Ad günü tortu təkcə görünüşünə görə deyil, keyfiyyətinə görə də seçilməlidir.
Mütəxəssislər tövsiyə edir ki, tort etibarlı şirniyyat evindən alınsın, tərkibində istifadə olunan krem və digər məhsulların saxlanma şəraiti məlum olsun, süni rəngləndiricilərdən həddindən artıq istifadə edilməsin.
Qazlı içkiləri məhdudlaşdırın
Qazlı və yüksək şəkər tərkibli içkilər əvəzinə su, şəkərsiz və ya az şəkərli kompot, ayran, təzə sıxılmış meyvə şirələri daha sağlam seçim hesab olunur.
Mövsümə uyğun menyu hazırlayın
Yay aylarında mayonezli salatlar, tez xarab olan süd məhsulları, uzun müddət açıq qalan kremlər təhlükə yarada bilər.
Qış aylarında isə isti yeməklərin üstünlük təşkil etməsi daha məqsədəuyğundur.
Qida təhlükəsizliyi əsas şərtdir
Məkan seçərkən aşağıdakılara diqqət yetirmək vacibdir:
-Məhsulların saxlanma temperaturu
-Mətbəxin gigiyenik vəziyyəti;
-İşçi heyətin sanitariya qaydalarına əməl etməsi;
-Yeməklərin hazırlanma vaxtı.
Böyüklər üçün ayrıca menyu
Ad günü tədbirlərində adətən valideynlər də iştirak edir. Buna görə də uşaqlar və böyüklər üçün ayrıca menyunun hazırlanması həm rahatlıq, həm də israfın qarşısının alınması baxımından daha məqsədəuyğundur.
Mütəxəssislər nə tövsiyə edir?
Mütəxəssislərin fikrincə, uşaq məclisində əsas məqsəd masanı çox yeməklə doldurmaq deyil, təhlükəsiz, keyfiyyətli və uşaqların rahatlıqla yeyə biləcəyi qidalar təqdim etməkdir. Menyunun hazırlanması zamanı uşaqların yaşı, mümkün allergiyalar, qidaların təzəliyi və saxlanma şəraiti mütləq nəzərə alınmalıdır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB