ARDNŞ-in prezidenti Gürcüstanın qazlaşdırılması ilə əlaqədar memorandumu imzalayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili və Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ilə bu ölkənin qazlaşdırılmasına dair memorandumu imzalayıb. Sənəddə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin 2017-ci ilədək bu ölkənin qazlaşdırılması prosesini davam etdirəcəyi qeyd olunub. Memoranduma əsasən SOCAR həmin müddətdə Gürcüstanda 100 min ailəni təbii qazla təmin edəcək.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib: "Biz götürdüyümüz öhdəliyi tam yerinə yetirəcəyik və əməkdaşlığımızın mövcud səviyyəsi qaneedicidir. Gürcüstan hökumətinin dəstəyi işin uğurla davam etdirilməsinə imkan yaradır".

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili bunun ölkəsi üçün çox vacib sosial layihə olduğunu vurğulayaraq deyib: "Bu yolda bizə qardaş Azərbaycan dəstək verir və yardım edir. Azərbaycan Gürcüstanın vacib investisiya tərəfdaşıdır. SOCAR yaxın illərdə Kulevidə karbamid zavodu inşa edəcəkdir ki, bu da bir milyard dollara yaxın sərmayə yatırımı deməkdir. Həmçinin 5 min nəfər işlə təmin olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə