Mərkəzi Kitabxanası bu dəfə izləyiciləri “Bakı və Abşerona virtual səyahət” layihəsi çərçivəsində Bakının qədim kəndlərindən olan Balaxanıya virtual tura dəvət edib. İdarədən SİA-ya bildirilib ki, səyahət kitabxananın “Instagram” və “Facebook” səhifələrində yayımlanıb.

Balaxanı Bakının ən qədim kəndlərindən sayılır. Kənd Bakının şimal-şərqində, Abşeron yarımadasının mərkəzi hissəsində yerləşir, Sabunçu və Zabrat qəsəbələri, Ramana, Digah və Məmmədli kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki – "Yuxarı" və "Aşağı" – məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu kəndi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır.

Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir.

1989-cu ildən başlayaraq qəsəbənin qərb hissəsində “Yeni Balaxanı” adlanan yaşayış massivi formalaşmağa başlayıb. Yeni Balaxanı massivi (Fazenda) Qədim Balaxanıdan fərqli olaraq, eni 10-15 metr olan paralel küçələr şəklində salınıb.

Kəndin adının mənası Qılman İlkinin “Bakı və bakılılar” kitabında qeyd olunub: "bala" – yuxarı, hündür, "xana" – ev deməkdir. Balaxana qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa (mezonin, yaxud antrisol) deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı. Hazırda belə otaqlar Bakının 40 kilometrliyində, 1439-1440-cı illərdə tikilmiş Səngəçal karvansarayının və Suraxanıdakı 1713-cü ildə inşa edilmiş Atəşgahın qapısı üstündə var.

Tədqiqatçılar qeyd edirlər ki, Balaxanıda lap qədim zamanlardan mədrəsələr fəaliyyət göstərib. Ədəbiyyat tarixindən məlumdur ki, Mirzə Ələkbər Sabir 1910-cu ildə Balaxanı məktəblərində çalışıb. Bir çox məşhur şeirlərini də o, məhz Balaxanıda yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...