Azərbaycan iqlim dəyişikliyində nəqliyyat sektorunun əsas rolunu dərk edir - PA RƏSMİSİ

Azərbaycan iqlim dəyişikliyində nəqliyyat sektorunun əsas rolunu dərk edərək karbon izini azaltmağa,daha təmiz, daha dayanıqlı iqtisadiyyata keçidə töhfə verir. SİA xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova COP29 çərçivəsində təşkil olunmuş İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısının “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masasında bildirib.

"Bu gün COP29-da iştirak etmək böyük şərəfdir. Çünki biz gələcək nəsillər üçün davamlı gələcək qurmaq üçün ən kritik çağırışlardan birini müzakirə etmək üçün birləşirik. Azərbaycan bu kollektiv missiyanın önündə qürurla dayanır", - deyə o qeyd edib.

G.Cavadova əlavə edib ki, Azərbaycanın iddiaları fonunda koordinasiyalı fəaliyyət tələb edən problemlər, məhdud infrastruktur, elektrik nəqliyyat vasitələrinin yüksək ilkin xərcləri və dayanıqlı hərəkətliliyin faydaları haqqında ictimaiyyətin məlumatlılığının aşağı olması ölkənin üzləşdiyi maneələrdən yalnız bəziləridir: "2016-cı ildə yaradılmış Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət Komissiyası təşəbbüslər qarşısında maneələri dəyişdirən güclü dəstəkçi olub".

O əlavə edib ki, komissiya nəzdində konkret işçi qrupu yaradılıb və islahatlarla bağlı təşəbbüslərin konkret yol xəritəsi təsdiq edilib: "Bizim islahatlar gündəliyi həm əlverişli, həm də infrastruktur problemlərini həll edən, transformativ olub. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsini təşviq etmək üçün biz 2022-ci ilin yanvar ayında 18% ƏDV azadlığını tətbiq etdik. Bu güzəşt təkcə elektrik və hibrid avtomobillərin gömrük rəsmiləşdirilməsi və satışı zamanı deyil, həm də elektrik enerjisi ilə işləyən doldurucuların idxalına da şamil edilir. Bu gün bizdə 600-dən çox şarj cihazı var. Bu doldurma cihazlarının 70%-dən çoxunu özəl sektor quraşdırıb ki, bu da Azərbaycanda "yaşıl infrastruktur"a güclü özəl investisiyaları nümayiş etdirir".

PA rəsmisi Azərbaycana son 3 ildə elektromobillərin idxalının 33 dəfə artdığını deyib: "Bu, Azərbaycanın dünya üçün davamlı və ekoloji şüurlu gələcək yaratmaq öhdəliyini və inamını vurğulayır. Transformativ dəyişikliklərin mümkün olduğuna inanırıq. Birlikdə biz gələcək nəsillər üçün daha yaşıl, daha təmiz və firavan gələcək yarada bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə