Milli-mədəni dəyərlərimizin qorunması üçün nə etməliyik? - ARAŞDIRMA

Azərbaycan qədim tarixi köklərə malik bir dövlətdir. Ən qədim zamanlardan bəri milli-mənəvi dəyərləri ilə bir çox ölkələrdən fərqlənən Azərbaycan adət-ənənələrini yaşadaraq inkişaf etdirir. Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiq qalıb, əsrlər boyu onu yaşadaraq inkişaf etdirib. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında böyük rolu vardır. Müasirləşən dünya ilə yanaşı milli dəyərlərimizi qorumaq bir qədər çətindir. Lakin milli dəyərlərimizi qoruyub gələcək nəsillərə ötürmək lazımdır.

İslam dini xalqımızın milli-mənəvi sərvətidir

Məhəmməd peyğəmbər 40 yaşı olarkən Hira mağarasında təklikdə Cəbrail mələyi ona görünmüş və ona Quranın ilk beş ayəni diktə etdi. Bu (610 il) islamın meydana gəldiyi il hesab olunur. 1993-cü ilin, iyununda xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev hər bir sahədə olduğu kimi, dini ibadətgahlarımızın və abidələrimizin bərpasına, onların yenidən inşasına dair bir sıra yeniliklər etmişdir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yüzlərlə ibadətgah inşa olunub, bir çoxları yenidən bərpa edilib. Bir sözlə dini dəyərlərimiz yenidən canlandı. Heydər Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edib və bildirib ki, dinimiz xalqımızın milli-mənəvi sərvətidir. Hazırda Ali Baş Komandan İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində əldə etdiyimiz qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdə də dini ibadətgahlarımız yenidən təmir edilir. Qarabağın incisi sayılan Şuşada Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məcsidləri yenidən bərpa edilib. Ölkəmizdə islam dininə qayğı və diqqət hər zaman özünü yüksək səviyyədə göstərmişdir.

Dil Azərbaycan dövlətinin rəmzi kimi

Ana dilimiz müstəqil dövlətimizin, Azərbaycan xalqının ən böyük sərvətidir. Bir dövlətin ən böyük sərvəti onun özünəməxsus dilinin olmasıdır. Azərbaycan dili böyük inkişaf yolu keçən dillərdəndir. Hər bir xalqda olduğu kim Azərbaycanda da dil milli-mənəvi dəyərlərin tərkibindədir. Azərbaycan dilinin inkişaf etdirilməsi, zənginləşdirilməsi dövlətin əsas prioritetlərindəndir. Dilimiz zaman-zaman bir çox problemlərlə qarşılaşıb. Lakin Ümummilli Lider Heydər Əliyevin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsində 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib.

Tolerantlıq milli-mənəvi dəyərlərimizin bir hissəsi kimi

Bu gün Azərbaycanda islam dini ilə yanaşı digər dinlərin nümayəndələri da yaşayır. Hətta onların rahat ibadət etməsi üçün onlarla kilsələr, ibadət yerləri, sinaqoqlar inşa edilib. Azərbaycan dünyada tolerant bir dövlət kimi tanınır. Hazırda ölkə ərazisində 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Hər bir dinin özünəməxsun qaydaları, qanunları mövcuddur. Azərbaycan dövləti hər zaman öz tolerantlığ ilə, öz humanizmi ilə şeçilib. Bunun üçün də düşünürəm ki, tolerantlıq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin bir hissəsidir. İslam dini heç bir dini ötələşdirməyib. Hər bir xalqın nömayəndəsi vətənimizdə rahat şəkildə həyatına davam edir. Ölkəmizdə hər bir dinə hörmətlə yanaşılır və ölkəmizdə yaşayan qeyri-müsəlmənlar üçün hər cür şəraitin yaradılmasına diqqət yetirilir.

Musiqimiz mədəniyyətimizin incisi kimi

Azərbaycan xalqının zəngin və özünəməxsus mədəniyyəti vardır. Qədim zamanlardan etibarən bədii yaradıcılıq sahəsində böyük uğurlara imza atan xalqımız həmçinin musiqi yaradıcılığı sahəsində də əsrarəngiz əsərlər yaratmışdır. Azərbaycan musiqisi Şərq dünyasının ən qədim köklərinə sahibdir. Muğam musiqi dünyasının incisidir. Muğam bir çox xalqların, o cümlədən Azərbaycan xalqının milli-mənəvi irsinin formalaşmasında böyük rol oynayıb və bu gündə öz rolunu davam etdirir. Muğamın ahəngi Quran oxuyan mouzəçilərdən, melodiyası fars saraylarında çalınan musiqidən, ifa tərzi isə Azərbaycan aşıqları tərəfindən qoyulmuşdur. Muğamın ilahi bir musiqi olduğu danılmazdır. Bu sənət Azərbaycan ərazisində yaşayan ləzgilər, avarlar, gürcülər, talışlar arasında da məşhurdur. Muğam Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Muğam sözü iran-ərəb-türk dilində işlənilən "məqam" sözündən yaranmışdır. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Azərbaycan musiqisində 7 əsas, 3 köməkçi muğam vardır. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır. Düşünürəm ki, muğam bundan sonra, hətta 100 illər keçsə belə hər zamam Azərbaycan xalqının mədəniyyətində böyük rol oynayacaq. Muğamla yanaşı xalq alətlərimiz olan qaval, kamança tar, saz, tütək, zurna, ney və digər çalğı alətlərimiz də milli-mənəvi irsimizin bir hissəsidir.

Azərbaycanın qədimiliyini yaşadan tarixi abidələrimiz

Hər bir ölkənin bir tarixi, bir döyüş salnaməsi vardır. Qəbilələr, tayfalar öz torpaqlarını, xalqını qorumaq üçün qalalar, saraylar, türbələr və bir çox abidələr tikirdilər. Azərbaycanın qəhrəman sərkərdələri, döyüşçülər, şahlar, xanları öz ərazilərini qorumaq üçün abidələr ucaltmışlar. Azərbaycan o qədər əsrarəngiz, möhtəşəm bir dövlətdir ki, onun hər qarışını gəzdikcə heyrətlənməmək əldə deyil. Hər bir bölgədə özünəməxsus abidələr, saraylar görmək mümkündür. Bu abidələr Azərbaycan dövlətinin qədimiliyindən xəbər verir. İstər Qız qalası, istər Şirvanşahlar sarayı, istər Möminə Xatun türbəsi, istər Bəzz qalası və digərləri bunların hər biri dövlətimizin keçdiyi yollardan bir mirasdır. Bu gün ölkəmizdə olan hər biri tarixi abidələrə xüsusi diqqət göstərilir. Azərbaycanın tarixi-mədəni irsinə daxil edilən bu abidələr onu göstərir ki, qədim zamanlardan bəri bu torpaqlarda yaşayan xalqlar şərəfli yaradıcılıq yolu keçərək mədəniyyət əsəsrləri yaratmışlar.

Yuxarıda sadalalanların hər biri Azərbaycan xalqının milli-məvəvi dəyərləridir. Bu dəyərlərin qorunması üçün bir çox layihələr həyata keçirilir. Məsələ ilə bağlı SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov bildirir ki, qəbilə dövründən bu yana insanlar özləri üçün müəyyən qrupun dəyərlərini yaratdılar və bu dəyərlər bir müddət sonra bir xalqın, bir millətin ümumi dəyərlərinə çevrildi: "Burada etik, estetik, mənəvi, dini, elmi, ictimai, sosial və digər dəyərləri nəzərdə tutulur. Bu dəyərlərin daha sonra inkişaf edərək toplumun demək olar ki, böyük əksəriyyətinə təsir etməsi və genişlənərək kənd, qəsəbə, şəhərlərdə yaşayan insanların bu dəyərlərlə öz həyat tərzini qurması, bu dəyərlər uyğun yaşaması bir xalqı digərlərindən fərqləndirən əsas cəhətlərdəndir. Milli dəyərlər stabildirmi? Bu sual hər zaman bizi düşündürüb. Əlbəttə milli dəyərlər daşlaşmış bir format, stabil deyil. Milli dəyərlər getdikcə inkişaf edir, islahatlara məruz qalır, dəyişilir, bəziləri çıxardılır, genişləndirilir, gələcək nəsillərə ötürülür. Misal üçün demək olar ki, kiçik qız uşaqlarının evləndirilməsi düzgün olmasa da normal milli dəyər kimi qəbul edilirdi. Lakin illər keçdikcə ziyanlı tərəfləri araşdırıldı və bu dəyərdən imtina edildi. Eyni zamanda milli dəyərlərlə bağlı digər məsələlərdə də bu dəyişikliyi, canlılığı görürük. Ümumiyyətlə dəyərin özü də canlı bir orqanizm kimidir. O da uşaq kimi doğulur, böyüyür, qocalır və bəziləri ölür, bəziləri isə əbədi olaraq qalır. Azərbaycan xalqının çox ciddi, geniş, qədim ənənələrə malik milli dəyərləri vardır. İmperiyalar, işğallar, müharibələr oldu. Xalqımız uzun müddət işğal altında qaldı. Amma bizim dəyərlərimiz əcnəbi işğalçılara qarşı gələrək xalqımızı yaşatdı. Keçmişdə bir çox işğallara məruz qalsaq da dəyərlərimiz o qədər dəqiq formalaşmış institutdur ki, onlar bizi yad təsirlərdən qoruya bildi. Dəyərlər çox geniş bir anlamı özündə birləşdirir. Buraya dil, mənəviyyat, din, məshəb, adət-ənənələri özündə birləşdirir. Bunların hər biri ayrı-ayrılıqda inkişaf edərək bizim bir millət kimi formalaşmağımızda böyük rol oynayır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz 60 milyonluq Azərbaycan millətik. Bu çox böyük bir millətdir və bu millətin formalaşmasında milli-mənəvi dəyərlərimizin, xüsusən də mədəni dəyərlərimizin çox böyük rolu var. Milli dəyərlərin inkişafı, gələcək nəsillərə çatdırılması məsələsi həmişə aktual olub. Bu məsələdə biraz ehtiyyatlı olmaq lazımdır. Bütün dünyadakı mütəxəssislər, eksperlər, araşdırmaçılar, yazıçı folklorşünaslar, xüsusən də kulturoloqlar milli dəyərlərin stabilləşməsi, dəyişməsi, gələcək nəsillərə çatdırılması ilə bağlı çox önəmli mövqeyə malikdirlər. Yəni ekspertlərin rəyi olmadan irəli sürülən təkliflər heç vaxt gerçəkləşməz. Ona görə də bu məsələdə həmin mütəxəssilərin rəyi xüsusi nəzərə alınır. Milli dəyərlər bir çox dəyərlərə nisbətən bizə məxsuz olan bir hadisədir. Milli dəyər lokaldır, hər hansısa bir xalqa aiddir. Onun da qorunması, gələcək nəsillərə çatdırılması vacibdir”.

Milli Məclisin deputat Ülviyyə Həmzəyeva qeyd edib ki, milli dəyərlərimizin qorunması hər bir Azərbaycan vətəndaşının müqəddəs vəzifəsidir: "Bu gün Beynəlxalq Muzeylər Günüdür və bizim ölkəmiz başdan-başa açıq səma altında muzeydir. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Biz milli dəyərlərimizi qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqdan keçmiş bu dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasında ailənin roluna da xüsusi önəm verirdi. Bəli, hər hansı sahənin sevkiməsi, qorunması təməldə olmalıdır. Bunu isə biz övladlarımıza beşikdən öyrətməliyik. Əslində hər sahəyə sevgi ilk öncə məhz elə ailədən başlamalıdır.
Ulu Öndərimiz ölkəmizə rəhbərliyi dövründə milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirmişdir. Bu gün müstəqil Azərbaycanda milli dəyərlərimiz layiqincə qorunub saxlanılır və bunun davamı üçün hər şərait yaradılır.
Bu gün milli mənəvi dəyərlərin qorunmasında və təbliğində muzeylərin rolu danılmazdır. Hər bir xalq o zaman özünü xoşbəxt hiss edir ki, onun zəngin mədəniyyəti, musiqisi, incəsənəti var. Hər bir xalqı dünyada daha çox onun mədəniyyəti, mənəvi sərvətləri tanıdır. Bu mənada Azərbaycan vətəndaşları həqiqətən fəxr edə bilərlər ki, bizim zəngin mədəniyyətimiz var. Biz elə bir mədəniyyətə sahibik ki, onunla təkcə özümüz deyil, dünya xalqları belə fəxr duyurlar. Biz özümüzün dəyərlərini qoruyur, digər ölkələrin dəyərlərinə hörmətlə yanaşırıq.
Muzeyləri keçmişimizdən bu günümüzə çəkilən körpü də adlandırmaq olar. Çünki bu ocaqlarda, xalqımızın tarixi yaddaşı qorunub saxlanılır. Hər bir muzey eksponatında bütöv bir xalqın nəfəsi, ruhu, varlığı duyulur. Onun şad günləri, qan günləri hopmuş olur eksponatlara. Biz bir xalq olaraq, başqa xalqı qarət edib muzey qurmamışıq. Biz muzeylərimizi öz keçmiş bizə aid olan materiallardan qurmuşuq. İllərdən yadigar qalan hər saxsı parçasında, şüşə qırağında, düzülən muncuqlarda və.s insanlığın bir izi var, bizim insanların bir izi var. Onun nəfəsi duyulur. Bu mənada milli-mədəni irsimizin qorunması və təbliği sahəsində muzeylərimizin rolu əvəzsizdir. Tarix və mədəniyyət abidələrinə nəzər salsaq, görərik ki, bu diyar dünya memarlıq, arxeoloji, monumental və xatirə abidələri ilə zəngin bir ölkədir.
Bu gün ölkəmizin muzeyləri zənginləşir yenidən qurulur və bərpa olunur bu isə zamana və tarixə qalib gəlmək deməkdir. Buna görə, bu diqqət və qayğıya görə Ölkə Rəhbərimizə sonsuz minnətdar olmalıyıq. Çünki bizim ölkəmizdə heçnə unudulmur və heç kəs unudulmaz!".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...