Görkəmli geoloqun kitab kolleksiyasının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə görkəmli alim, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, 42 elmi əsərin, bir monoqrafiyanın müəllifi olan, xeyli sayda elmi kadrlar yetişdirən alimin əsərləri və şəxsi kitab kolleksiyasından seçmələr ailəsi tərəfindən MEK-ə hədiyyə edilib.

MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri M.Göyüşlü alimin şəxsi kitab kolleksiyasının kitabxanaya bağışlanmasının əhəmiyyətindən danışaraq qeyd edib ki, MEK-də belə təqdimatların təşkili gözəl bir ənənəyə çevrilib. M.Göyüşlü qeyd edib ki, təqdimatların media vasitəsilə işıqlandırılması ictimaiyyətin diqqətini kitabxana fondlarındakı ədəbiyyata cəlb etmək məqsədi güdür. Onun sözlərinə görə əvvəlki təqdimatları izləmək istəyən şəxslər mek.az saytına və MEK-ə məxsus olan sosial şəbəkələrə baxa bilərlər. M.Göyüşlü görkəmli alim Əli Bayramovun şəxsi kitab kolleksiyasını MEK-ə bağışladığına görə alimin ailəsinə də minnətdarlığını bildirib.

Sonra Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşları Aygün Mehdiyeva və Nərmin Rəcəbli alimin qızı Lalə Bayramova tərəfindən kitabxanaya hədiyyə edilmiş kitab kolleksiyası haqqında geniş məlumat veriblər.

Aygün Mehdiyeva qeyd edib ki, “Kolleksiya 69 adda kitabdan ibarətdir. Bunlardan 13-ü azərbaycan, 2-si ingilis, 54-ü isə rus dilindədir. Kolleksiyada fərqli elm sahələrinə aid kitablar öz əksini tapsa da, bunların əksəriyyəti yer haqqında elmlərin müxtəlif bölmələrindən bəhs edən kitablardır. Kolleksiyanın tərkibində dilçilik, siyasət, incəsənət, filologiya, tarix elmlərinə dair kitablar, elmi əsərlər, müxtəlif elm sahələrinə aid lüğətlər yer alıb. Kolleksiya müvafiq kitabxana qaydalarına əsasən işlənərək həm elektron, həm də ənənəvi kataloqa daxil edilmiş və “Yer elmləri üzrə yardımcı fond”da yerləşdirilərək oxucuların istifadəsinə verilmişdir”. A.Mehdiyeva bildirib ki, kolleksiyada rus dilində olan ədəbiyyatlardan “Золото Азербайджана”, “Неотектоника и некоторые

аспекты позднеорогенной геодинамики Азербайджана”, “Рудные месторождения Азербайджанской Республики” adlı kitablar MEK-in Milli Rəqəmsal Yaddaş bazasına salınıb.

Kolleksiyada Azərbaycan dilində olan ədəbiyyat haqqında isə MEK-in Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Nərmin Rəcəbli məlumat verib. Siyahıya daxil olan “Akademik M.Ə.Qaşqayın elmi irsi (XXI əsrdən baxış)”, Firudin Şuşinskinin müəllifi olduğu “Azərbaycan Xalq Musiqiçiləri”, “Akademik Akif Əlizadə - İstedadla enerjinin harmoniyası” və 1991-ci ildə nəşr edilmiş “100 böyük türk” və s. kitablar barədə ətraflı bəhs olunub.

Tədbirdə iştirak edən qonaqlardan BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, professor Məmməd Yaqubov alim haqqında xatirələrini bölüşərək onun atası Əşrəf kişinin də nüfuz sahibi olduğuna diqqət çəkib. Hər iki şəxsiyyətin - ata və oğulun böyük amallar uğrunda çalışdıqlarını vurğulayaraq onların davamçılarının elm və təhsildə yüksək səviyyəyə yüksəldiklərini söyləyib.

AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev yaxın dostu Əli Bayramovun elmi fəaliyyətindən, gənc kadrlara dəstəyindən, irihəcmli tədqiqat işlərindən geniş söhbət açıb. Əli Bayramovun yaxın qohumu, Əməkdar mədəniyyət işçisi Elçin Axundov isə onun insani xüsusiyyətlərini önə çəkib. Sonda alimin qızı, BDU-nun dosenti Lalə Bayramova atası ilə bağlı xatirələrini bölüşüb, onun elmi fəaliyyətinə, kitab kolleksiyasına göstərilən diqqətə və yüksək təşkil edilən təqdimata görə MEK rəhbərliyinə və əməkdaşlarına, həmçinin tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını bildirib.

Qeyd edək ki, Əli Əşrəf oğlu Bayramov geologiya və mineralogiya sahəsində Azərbaycanın tanınmış alimlərdən olub. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Geologiya-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1951-2001-ci illərdə Azərbaycan Geologiya idarəsinin (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) ekspedisiyalarının geoloji qruplarında işləyib, kollektor vəzifəsindən ekspedisiyanın baş geoloqu vəzifəsinə qədər yüksəlib. 1966-cı ildə “Dağlıq Qarabağ Muxtar Vilayətinin geoloji quruluşu və onun Kiçik Qafqaz sistemində vəziyyəti (Tərtərçay-Qozluçay çayarası zonasının misalında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə mükafatlandırılıb, 1978-ci ildə Azərbaycanın elm və texnika sahəsində Dövlət mükafatı laureatı adına layiq görülüb. 1998-ci ildə onun “Azərbaycanın alternativ enerji daşıyıcıları resursları” kitabı nəşr olunub. Son elmi işi “Qızılın metallogeniyası” monoqrafiyasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə