Prezident İlham Əliyev "Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir"

Dünyanı mahnıları ilə gəzən və hər bir ifasında Azərbaycanı, onun gözəlliyini vəsf edən Müslüm Maqomayev bir ömür yolunda böyük bir sənətkar ömrü yaşadı. Mahnıları ilə, Azərbaycanı eldən-edə tanıtması ilə. Hansı ölkədə olmasından asılı olmayaraq, böyük sevgi ilə Azərbaycandan söz açdı. Ey əziz anam, Azərbaycan! - deyərək, onu qucağında bəsləyən vətəni ülvi hissləri ilə dünyaya təqdim edəndə bir övlad sevgisini ifadə etmiş oldu. Böyük musiqiçi idi Müslüm Maqomayev. Dildən-dilə düşərək, dünyanı klassik musiqisi ilə gəzən sənətkar sanki ifası ilə bəşəriyyətin dilində danışmağı bacarırdı. Tərcüməyə ehtiyac olmadan qitələrə yol açan musiqisində insanları sanki biri-birinə yaxınlaşdırdı. Sərhədsiz musiqi dünyası ilə böyük bir məktəb yaratmış oldu. Bu məktəbdən çoxları keçdi, ona bənzəmək istədilər də. Amma Müslüm ola bilmədilər. Təkrarsız Müslüm Maqomayev. Onu bizdən çox da uzun olmayan bir zaman məsafəsi ayırsa da, bu cismani yoxluq ruhi dünyalara bir soyuqluq gətirməmişdir. İstər ifası, istərsə də tərcümeyi-halı ilə nümunəvi bir ömür yaşadı. Avqustun 17-də böyük sənətkarın doğum günüdür və 80 yaşı tamam oldu. Bu münasibətlə Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı oldu. Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, ucaldılan abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Bürüncdən hazırlanan abidənin hündürlüyü 2 metrdir. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.

"ATAM HEYDƏR ƏLİYEV DƏ ONUN FƏALİYYƏTİNƏ ÇOX BÖYÜK DİQQƏT YETİRİRDİ"

Bakı şəhərinin ən gözəl və mənzərəli bir məkanında Müslüm Maqomayevin abidəsi ucaldılıb. Bura gələn hər bir kəs bu abidənin önündə ayaq saxlayıb qeyri-adi səsi ilə dünyaları fəth edən bir musiqiçinin dünyasına səyahət edəcək, möhürünü vurduğu mahnıların sədasında uzaq bir dünyaya yol alacaqlar. Müslümün min bir rəngli musiqili dünyasına. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Tədbirdə çıxış edən Prezident İlham Əliyev "Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır. Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də", deyərək bildirib ki, Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi. Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda daha çox olsa da ürəyi Azərbaycanla həmahəng vurub. Cənab Prezidentin qeyd etdiyi kimi, "Hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. Dövlət başçısı onun keçdiyi həyat yoluna qısa şəkildə nəzər salaraq, bildirib ki, atasının İkinci Dünya müharibəsinin son günlərində qəhrəmancasına həlak olduğu zaman Müslümün hələ 3 yaşı tamam olmamışdı və o, əmisi Cəmaləddin müəllimin ailəsində böyümüşdü: "Artıq gənc yaşlarında ümumittifaq şöhrəti qazananda, əlbəttə ki, atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq". Onun keçdiyi şərəfli ömür yolunun səhifələri zəngin və oxunaqlıdır. 1942-ci ildə Bakı şəhərində dünyaya göz açan dünya şöhrətli müğənni Müslüm Maqomayev gənclik illərini Bakıda keçirib. İlk dəfə olaraq, 14 yaşında ikən Dənizçilər klubunda çıxış edib. Qeyri-adi istedada malik olan M.Maqomayev 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La Skala" Teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. O, gənclik xəyallarını gerçəkləşdirib və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı. Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. M.Maqomayevin nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmiş və məşhur dirijor və bəstəkar Niyazi ilə sıx təmasda olmuşdu. O, dövrünün təcrübəli pedaqoqlarından dərs almış və beləliklə, dünya şöhrətli bir ifaçıya çevrilmişdir. 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verir. İki il sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirir və 1969-cu ildə Sopotda keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alır. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verir. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qramoffon valları böyük tirajla buraxılır. "Onun böyük sənətkar olmasını təsdiqləyən təkcə iki faktı qeyd etmək kifayətdir", - deyən Cənab Prezident qeyd edib ki, hələ 30 yaşı olmadan o, Azərbaycanın Xalq artisti adına layiq görülmüşdür, 31 yaşında isə Sovet İttifaqının Xalq artisti adına layiq görülmüşdür. Estrada ifaçısı üçün bu, nadir bir hadisədir. Bütövlükdə Müslümün səsi Allah vergisi idi, özünəməxsus ifa tərzi bir fenomen idi. Nə o vaxt, nə də bu gün onun səviyyəsinə hələ ki, qalxan olmamışdır".

"BULVARDA DAHİ SƏNƏTKARLARIMIZIN RUHLARI DOLAŞIR, O CÜMLƏDƏN MÜSLÜMÜN"

M.Maqomayevin sonrakı yaradıcılıq fəaliyyəti Moskva şəhərilə bağlıdır. Müslümün fitri istedadı burada çiçəklənməyə başlayır və öz bəhrəsini bir sıra mahnıların ifasında görür. Moskvanın görkəmli bəstəkar-nəğməkarları Müslümün səsinə uyğun olan xüsusi mahnılar bəstələməyə başlayır. Bunların sırasında "Buhenvald harayı", "Ruslar müharibə istəyirmi?" mahnıları, rus xalq mahnılarından: "Piter boyunca", "Mənim atlarım", italyan mahnılarından: "Luçiya", "Sorento" və s. xüsusi yer tutur. Bununla yanaşı, onun repertuarında Azərbaycan mövzusu da öz əksini tapır. Bunlardan Ü.Hacıbəyovun iki romansı - "Sənsiz", "Sevgili canan", həm də babası M.Maqomayevin "Şah İsmayıl" operasından Şah İsmayılın ariyasıdır. Ənənəyə sadiq qalaraq, M.Maqomayev öz bacarığını bəstəkarlıq sahəsində də müvəffəqiyyətlə sınayır. Bəstələdiyi mahnıların sırasında "Ey əziz anam, Azərbaycan!" öz layiqli yerini tutur. Bildiyimiz kimi, o, konsertlərinin əvvəlində və sonunda, daima bu mahnını qüvvətli səslə və qüdrət hissilə ifa edirdi, bu da dinləyicilərdə böyük qürur doğururdu. Cənab Prezident çıxışında "Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır", - deyərək bildirib ki, o mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq: "Müslümün bəstələdiyi son mahnı isə çox kədərlidir. Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı "Əlvida, Bakı" idi və o, anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi". Bəli, tale onu "Əlvida, Bakı" mahnısı ilə əbədiyyətə qovuşdurdu. Bu mahnıda musiqi dili ilə onun ürəyinin əksi görünür. Ötən əsrin 80-ci illərdə kinoda ölməz Nizami rolunda çəkilməyə təkliflər alır və onları qəbul edir. Onun keçdiyi zəngin yaradıcılıq yolu dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Nizami obrazını özünəməxmsus bir tərzdə oynamış və böyük müvəffəqiyyət qazanmışdır. Yaradıcılıq fəaliyyətinə görə, SSRİ və Azərbaycanın ən yüksək ad və ordenlərinə layiq görülüb. Qırmızı Əmək Bayrağı Ordeni, Azərbaycan Respublikasının xalq artisti, SSRİ xalq artisti, Xalqlar Dostluğu Ordeni, "Şöhrət" ordeni və "İstiqlal" ordeni ilə təltif olunur. 1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilmişdir. Bütün bunlarla yanaşı, müğənni SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır. Böyük musiqiçinin sənət dünyasına musiqi duyumu yüksək olan dinləyicilər müraciət edərək, sözün əsl mənasında ölməz musiqiçi olan M.Maqomayevin ifasında gözəl musiqi əsərlərini dinləyirlər. Hər zaman yaddaşlarda, qəlblərdə yaşayan böyük musiqiçi böyük səs xəzinəsini bizlərə bəxş etişdir. "Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaqdır", - deyən Azərbaycan Prezidenti çıxışının sonunda bildirib ki, bu abidəni biz ucaltdıq və bu abidə üçün, hesab edirəm ki, ən məqbul yer seçdik: "Bulvar Bakının gözüdür, Bakının mərkəzidir, Bakının tacıdır və bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün. Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız "Salam, Müslüm" deyəcək və Müslüm əbədi yaşayacaqdır".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə