2026-cı ilin payız dəbi: Qarderobumuzda nələr dəyişəcək? - ARAŞDIRMA

2026-cı ilin payız dəbi: Qarderobumuzda nələr dəyişəcək? - ARAŞDIRMA

Yay mövsümü artıq geridə qalır, sentyabrın gəlişi ilə qarderoblarda da tədricən dəyişiklik başlayır. Nazik yay geyimlərini daha qalın parçalar, gödəkçələr, pencəklər və çəkmələr əvəz etməyə hazırlaşır. Lakin 2026-cı ilin payız dəbi sadəcə havaların soyumasına uyğun geyinməkdən ibarət deyil. Bu mövsüm podiumlarda və küçə dəbində klassik payız rəngləri ilə yanaşı daha cəsarətli rənglər, fərqli teksturalar və əvvəlki illərdən tanıdığımız bəzi modellərin yeni formada qayıdışı diqqət çəkir.

SİA mövzu ilə bağlı araşdırma edib.

Bu il dəb dünyasında əsas istiqamətlərdən biri fərdiləşdirmə və özünü ifadə etməkdir. Yəni payız qarderobu yalnız qəhvəyi, qara, boz və bej tonları ilə məhdudlaşmır. Kral bənövşəyi, doymuş qırmızı və şaftalı kimi daha parlaq rənglər də mövsüm kolleksiyalarında özünə yer tapır. Rəngləri yalnız geyimdə deyil, çanta, ayaqqabı və digər aksesuarlarda kiçik vurğu kimi istifadə etmək də aktualdır.

Eyni zamanda qəhvəyi, karamel, konyak və torpaq tonları payız estetikasının əsasını qoruyur. Xüsusilə dəri və zamşa kimi teksturalar bu rənglərlə birləşərək daha isti və payıza uyğun görüntü yaradır. 2026-cı ilin ayaqqabı trendlərində konyak və şabalıdı qəhvəyi çalarların, zeytun tonlarının və krem rəngli modellərin önə çıxması da bu istiqaməti göstərir.

Zamşa və dəri isə mövsümün ən diqqətçəkən materialları sırasında qalır. Zamşa çəkmələr, dəri gödəkçələr, uzun dəri paltolar və teksturalı çantalar həm gündəlik, həm də daha klassik kombinlərdə istifadə oluna bilər. Küçə dəbində də dəri üst geyimlərinin, trikotaj qatların və müxtəlif teksturaların bir arada istifadəsi xüsusi diqqət çəkir.

Üst geyimlərdə isə trençkot, strukturlaşdırılmış blazer, dəri gödəkçə, anorak və həcmli modellər payız qarderobunun əsas parçaları olaraq qalır. Maraqlı məqam odur ki, bu mövsüm praktik geyimlərlə daha eleqant parçaların birləşdirilməsi də geniş yayılır. Məsələn, idman üslublu küləkliklər daha klassik geyimlərlə, trekking tipli ayaqqabılar isə qadınsı paltarlarla kombin edilir.

Ayaqqabılarda isə dizə qədər çəkmələr, atçılıq üslublu modellər, zamşa çəkmələr, krem və qəhvəyi tonlar diqqət çəkir. Yağışlı payız günləri üçün klassik rezin çəkmələrin belə daha dəbli və səliqəli kombinlərlə təqdim olunması mövsümün praktik istiqamətini göstərir.

Beləliklə, 2026-cı ilin payız dəbi həm klassik, həm də cəsarətlidir. Bir tərəfdə qəhvəyi, bej, dəri, zamşa və trençkot kimi dəyişməyən payız elementləri, digər tərəfdə isə parlaq rənglər, qeyri-adi ayaqqabılar, retro küləklilər və fərqli tekstura kombinasiyaları dayanır. Buna görə də bu mövsüm dəbli görünmək üçün bütün qarderobu yeniləmək deyil, mövcud geyimlərə bir neçə düzgün trend detal əlavə etmək kifayət edə bilər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə