“Son illərdə əmək bazarında müşahidə olunan müsbət tendensiyalar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə dayanıqlığının əhəmiyyətli dərəcədə möhkəmlənməsinə şərait yaratmışdır”. Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, məşğulluq imkanlarının genişlənməsi əhalinin daha böyük hissəsinin rəsmi əmək bazarına cəlb olunmasını təmin etmiş, bu da sosial sığorta ödəyicilərinin sayının artmasına səbəb olmuşdur:
“Əməkhaqlarının yüksəlməsi isə sosial sığorta daxilolmalarının artımında mühüm rol oynayan digər əsas amil kimi çıxış edir. Belə ki, məcburi dövlət sosial sığorta haqları əməkhaqqının müəyyən faizi əsasında hesablandığından, əməkhaqqı səviyyəsinin artması avtomatik olaraq DSMF-yə ödənilən vəsaitlərin həcmini artırır.
Eyni zamanda, əmək müqavilələrinin sayının artması kölgə iqtisadiyyatının həcminin azalmasına və əmək münasibətlərinin leqallaşdırılmasına işarə edir.
Rəsmi əmək müqaviləsi əsasında çalışan hər bir işçi üzrə sosial sığorta haqlarının ödənilməsi Fondun gəlir bazasının genişlənməsinə və onun maliyyə axınlarının daha stabil xarakter almasına şərait yaradır.
2018–2025-ci illər ərzində sosial sığorta daxilolmalarının təxminən üç dəfə artması məşğulluğun genişlənməsi, əməkhaqlarının yüksəlməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi kimi əsas amillərin qarşılıqlı təsirinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.
Bu artım bir tərəfdən sosial təminat sisteminin maliyyə imkanlarını gücləndirir, digər tərəfdən isə pensiya və sosial ödənişlərin uzunmüddətli davamlılığının təmin olunmasında mühüm rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB