Zibillərin yandırılması ilə bu kimi enerjilər əldə edilir - EKSPERT FİKRİ

"Respublikamızda tullantıların emalı ilə əsasən Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodu məşğul olur. Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodu Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respubliksında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı çərçivəsində inşa olunmuşdur. Zavodun inşası ilə bağlı keçirilmiş tenderin qalibi olan Fransanın CEEIM şirkəti tərəfindən layihələndirilmə və aşar təhvil prinsipi əsasında tikinti işlərinə başlanılmışdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri Ramiz Kəlbiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il 3 noyabr tarixində zavodun təməlini qoymuş, 2012-ci il 19 dekabr tarixində isə açılışını etmişdir: "Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 000 ton məişət tullantısı, o cümlədən 10 000 ton tibbi tullantısını təşkil edən zavodun idarəetməsini hazırda Fransanın "Paprec" enerji Azərbaycan şirkəti tərəfindən həyata keçirilir.

Zavod tullantıların yandırılması prosesi nəticəsində il ərzində 200 000 000 kv/saat- a qədər elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində burada əldə edilən enerji ilə 100 000 ev təsərrüfatını elektrik enerjisi iıə tam təmin etmək mümkündür. Dördüncü nəsil 4G texnologiyaları ilə qurulan zavod istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavod hesab olunur. Avropa Birliyi ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativləyə tam cavab verir".

R.Kəlbiyev qeyd edir ki, əhalinin sağlamlığının və ekoloji mühitin tarazlığının qorunması, tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən müəssisələrin yaradılması, bu məqsədlə dövlət və özəl qurumların, habelə xarici investor vəsaitlərinin cəlb edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: "Tullantı materialların ekosistemlərə və insanların rifahına mənfi təsirlərini minimuma endirmək üçün bu sahədə nəzarət gücləndirilməli, tullantılardan təkrar emal olunmaqla elektrik enerjisi əldə olunması diqqətdə saxlanılmalıdır.

Tullantıların yandırılmaq yolu ilə elektrik və istilik enerjisinin istehsalı daha geniş yayıldığı üçün inkişaf etmiş ölkələr, o cümlədən Cənubi Koreya, Avropa ölkələri, ABŞ, Almaniya və digər inkişaf etməkdə olan ölkələr kimi Hindistan bu sahədə böyük naliyyətlər əldə ediblər. Onlar bərk məişət tullantılarından, kənd təsərrüfatında yaranan tullantılardan və digər sahələrdə yaranan tullantılardan səmərəli yolla və tullantıların yandırılması üçün elektrik və istilik enerjisi istehsalı ilə məşğul olurlar".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə