Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafiki optimallaşdırılıb

Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ADY sədrinin müşaviri Arif Ağayev Abşeron dairəvi dəmiryol marşrutu üzrə son yeniliklər barədə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, məqsəd pik saatlarında sərnişin sıxlığının qismən tənzimlənməsini, sərnişinlərin daha rahat və vaxtında mənzil başına çatmasını təmin etməkdir.

“İlk dəfə olaraq, bu marşrut üzrə iş günləri, şənbə və bazar günləri olmaqla qatarların ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Bundan əvvəlki qrafik iş və qeyri-iş günlərini əhatə edirdi. Şənbə və bazar günləri üçün ayrı qrafiklərin tərtib olunması şənbə günləri qatarla səfərlərə bazar günləri ilə müqayisədə daha çox tələbatın olması ilə əlaqədardır. Yeni hərəkət cədvəlləri hazırlanarkən sərnişin tələbatı ADY-nin qatar parkının imkanları daxilində maksimum nəzərə alınıb. Yeni qrafikə əsasən, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, xüsusən günorta saatlarında qatarlararası interval azaldılıb”, - deyə Arif Ağayev vurğulayıb.

A.Ağayev qeyd edib ki, iş günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı isə 42-dən 56-ya çatdırılıb. O cümlədən sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunub (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Eyni zamanda, Sumqayıt–Xırdalan–Bakı istiqamətində səhər reysləri optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 07:20-də Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatır. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilib. Bu, evdən işə gedən və işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir. Optimallaşdırma çərçivəsində həftənin şənbə və bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Yeni cədvələ əsasən, şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı 20-dən 36-ya çatdırılıb. Bazar günləri isə Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı 20-dən 28-ə qədər artırılıb.

“Bundan başqa, sərnişinlərin rahatlığının təmin edilməsi, turniketlərdə növbələrin azaldılması məqsədilə Biləcəri stansiyasında yeni kassa və yeni turniket zalı tikilib. Nəticədə əlavə olaraq 7 turniket sərnişinlərin istifadəsinə verilib. Xırdalan stansiyasında mövcud turniket zalı genişləndirilib və turniket sayı 4-dən 9-a çatdırılıb. Məmmədli stansiyasında isə turniket sayı 3-dən 10-dək artırılıb. Ümumiyyətlə isə ADY-nin sərnişindaşımada hədəfi ölkədə, o cümlədən Abşeron dairəvi marşrutu üzrə mobilliyin inkişaf templərini də nəzərə almaqla illik sərnişin sayını 2030-cu ilədək 15 milyon nəfərə çatdırmaqdır. Ümumilikdə son illərdə sərnişin sayında yüksək artım tempi qeydə alınıb. Belə ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon, 2024-cü ildə isə 8,5 milyon nəfər təşkil edib.Təkcə bayram günlərində şəhərətrafı və rayonlararası qatarlarla 130 mindən çox sərnişin daşınıb”, - deyə ADY sədrinin müşaviri diqqətə çatdırıb.

O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda da dəmir yolu ilə daşımalara xüsusi yer verilib. ADY tərəfindən həyata keçirilən layihələr yeni stansiyaların istifadəyə verilməsi, sərnişinlərə daha sərfəli və əlçatan xidmətlərin təqdim edilməsi məqsədilə Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarburaxma, eləcə də sərnişindaşıma və ötürücülük qabiliyyətinin yüksəldilməsi üçün dəmiryol stansiyalarına giriş-çıxış imkanlarının genişləndirilməsi, turniketlərin artırılması, bu marşrut üzrə gündəlik reyslərin artırılması, yeni qatarların dövriyyəyə buraxılması və hərəkət cədvəllərinin optimallaşdırılması kimi Dövlət Proqramında göstərilən əsas hədəflərə nail olmağa hesablanıb. Həmin proqramda 2030-cu ilə qədər Bakı və Abşeronda mobillik üçün hədəflərdən biri kimi daha sürətli, daha təhlükəsiz və daha ekoloji sərnişindaşıma xidmətlərinin göstərilməsi müəyyən edilib. Qatarla maneəsiz, sürətli, təhlükəsiz daşımalar bu hədəfə çatmaqda olduqca önəmli rol oynayır, şəhər mobilliyinin təmin olunmasına ciddi töhfə verir. Əlavə olaraq, elektrik qatarları daha yaşıl nəqliyyat növüdür və daha az karbon emissiya edir ki, bu da havanın keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə