Ukrayna dəyərli sənətkarını itirdi

Ukraynanın xalq artisti, opera müğənnisi, rejissor və pedaqoq Dmitriy Qnatyuk 92 yaşında dünyasını dəyişib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, uzun sürən xəstəlikdən vəfat edib.

Bu haqda Ukraynanın Mədəniyyət Nazirliyi məlumat verib.

Dmitriy Qnatyukla vida mərasimi mayın 4-də Kiyevdə keçiriləcək.

Qeyd edək ki, 1924-cü ildə anadan olan sənətkar opera səhnəsində Ostap ("Taras Bulba" N. Lısenko), Nikolay ("Natalka-Poltavka" N. Lısenko), Mazepa ("Mazepa" P. Çaykovskiy), Oneqin ("Yevgeniy Oneqin" P. Çaykovskiy), Demon ("Demon" A. Rubinşteyn), Fiqaro ("Sevilya bərbəri" C. Rossini) və digər qəhrəmanları canlandırıb. O, həmçinin rejissor kimi də fəaliyyət göstərərək, teatrda 20 tamaşaya quruluş verib.

Dmitriy Qnatyukun yaradıcılığı müddətində 15 albom, 6 diski işıq üzü görüb. O, Macarıstan, ABŞ, Kanada, Portuqaliya, Almaniya kimi ölkələrdə çıxışlar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə