“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” TƏQDİMAT - SƏS TV

Bu gün Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Kitabxanası birgə Multikulturalizm Mərkəzinin "Azərbaycan Multikulturalizminin qaynaqları" seriyasından nəşr etdiyi "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının təqdimat mərasimini keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili" elan etdiyini xatırladaraq Azərbaycanın multikulturalizmin beşiyi olduğunu qeyd edib, Milli Kitabxanada bu istiqamətdə növbəti tədbirin keçirildiyini söyləyib. O, uzun illərdir ölkəmizdə tolerant həyat tərzinin mövcudluğundan, hər zaman azsaylı xalqlara, onların milli mənəvi dəyərlərinə, adətlərinə hörmətlə yanaşıldığından danışıb.

Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev respublikamızın müxtəlif azsaylı xalqların yaşadığı tolerant və multicultural məkan kimi tanındığını, bu sahədəki uğurların dünyada yüksək qiymətləndirildiyini, Azərbaycanın tarixən fərqli mədəniyyətlərin qovuşduğu, çoxsaylı xalqların dinc yanaşı yaşadıqları ölkə kimi multikulturalizm sahəsində böyük təcrübə əldə etdiyini söyləyib və son illər ölkəmizdə qlobal miqyaslı tədbirlərin keçirilməsini Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə əlaqələndirib.

Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla (kitabın elmi redaktoru) kitab haqqında danışarkən "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasının ilk kitab olduğunu, bu seriyadan "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları" və "Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları" yaxın gələcəkdə işıq üzü görəcəyini, oxucuya təqdim olunan bu kitabda klassik şair və yazıçılarımızı tamam yeni rakusda görəcəklərini söyləyib, bu gün xalqımıza xas olan tolerant, multicultural dəyərlərin əsrlər boyu əcdadlarımızın canında, qanında yaşadığını qeyd edib.

Digər çıxışçılar da kitabda Azərbaycan ədəbiyyatının 1920-ci ilə kimi yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multicultural, tolerant dəyərlərin toplandığını, ayrı-ayrı dinlərə, dillərə məxsus xalqlara, başqa xalqlara məxsus alimlərə, gözəllərə sonsuz ehtiramın təsvirinin, tərənnümünün faktlarla öz təsdiqini tapdığını söyləyiblər.

Tədbir iştirakçıları "Multikulturalizm Azərbaycanın həyat tərzidir" adlı geniş kitab sərgisi ilə tanış olublar.

Tofiq Abdulla

Bütün xəbərlər Facebook səhifəmizdə