"Bu barədə gəncliyi qınamağın tərəfdarı deyiləm" - MÜSAHİBƏ

Əməkdar artist, Prezident mükafatçısı və Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrının aktyoru Elnur Kərimovun SİA-ya olan müsahibəsini təqdim edirik:

- Müasir dövrdə görkəmli sənət xadimlərimizin az tanınmasının səbəbləri nələrdir?

- Yetəri qədər araşdırma aparılmır. Bizim əlimizdə informasiya bolluğu var və biz bu bolluqdan istifadə edə bilmirik. Şou xararkteri daşıyan, müvəqqəti təsir müddəti olan məlumatlara daha çox üz tutulur. Bu barədə geniş araşdırmalar az aparılır və ya heç aparılmır. Bu sənətin inkişafında əməyi olan bir çox sənətkarın adı çəkilmir. Bu barədə gəncliyi qınamağın tərəfdarı deyiləm. Gənclər onlara təqdim edilən məlumatdan bəhrələnirlər.

- Sənət xadimlərimizi və görkəmli sənət nümunələrimizin xatırlanması üçün hansı addımları ata bilərik?

- Əlimizdə olan informasiya bolluğundan istifadə etməliyik. Nə qədər ki, bir çox sənətkarın övladları, nəvələri sağdır, onlara yaxınlaşıb məlumat ala bilərik. Biz də araşdırmaq, məlumat əldə etməkdə istəkli olmalıyıq. Tamaşalarla, filmlərlə bunları təbliğ etməliyik. Azərbaycan dövlət Milli Gənc Tamaşaçılar Teatrı repertuarında canlandırılan “Kod adı:V.X.A.” əsərində repressiya illərində qadın ziyalılarımızdan, onların məruz qaldığı işgəncələrdən, şərqin ilklərindən bəhs edilir. Bu tamaşada Azərbaycanın necə mərd, cəsur qadınlara sahib olduğu mesajı verilib. Bütün bu araşdırmaları Mehriban Ələkbərzadə edib. Bu tamaşalara həmin şəxsiyyətlərin nəvələri, nəticələri gəlib baxıblar. Bu kimi çağırışlar çox olmalıdır ki, tariximiz, xadimlərimiz haqqında geniş anlayışımız olsun.

- Bu barədə ən çox vəzifə kimin üzərinə düşür?

- Bu barədə hər birimizin öhdəliyi var. Araşdırma etməliyik və məlumatlara açıq olmalıyıq. Sənətkarların obrazları ilə yanaşı həyatları barəsində də məlumatların təqdim edildiyi verilişlər çoxalmalıdır. Sənət əsəri meydana gətirən zaman bunu sırf maliyyə xətrinə etməmək lazımdır. “Leyli və Məcnun” operası canlandırılan zamanı düşünənlər olub ki, opera vasitəsilə pul qazanırlar. Həmin şəxslər fikirləşib ki, biz də opera yazaq və pul qazanaq. Lakin sənətkarlarımız bununla razılaşmayıb və vurğulayıblar ki, bu sənət deyil, bunlar tarixdə qalmayacaq, “Leyli və Məcnun” isə tarixdə qalacaq. Sənətkarlarımıza və sənət əsərlərimizə sahib çıxmalı, onları nümayiş etdirməliyik.

Ayaz Zeynalzadə

Bütün xəbərlər Facebook səhifəmizdə