Nazirlərin Birinci Görüşü işə başlayıb - YENİLƏNİB - FOTOLAR

Noyabrın 20-də COP29 çərçivəsində COP tarixində ilk dəfə olaraq təşkil edilən “Turizm Günü”ndə Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü keçirilir. SİA xəbər verir ki, Dövlət Turizm Agentliyinin və BMT-nin Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə baş tutan tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksək səviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Görüş turizmin milli iqlim strategiyalarına daha səmərəli inteqrasiya edilməsi prosesinə dəstək verməyi hədəfləyir.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin iqlim dəyişikliyinin təsirinə məruz qaldığını, lakin qlobal iqlim dəyişikliyi ilə mübarizdə xüsusi rola malik olduğunu bildirib. O, görüşdə təqdim ediləcək Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsinin turizmin milli və qlobal iqlim strategiyalarına, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə inteqrasiyası üçün yol xəritəsi olduğunu bildirərək, dövlətləri və maraqlı tərəfləri bəyannaməyə qoşulmağa çağırıb. F.Nağıyev Azərbaycanın milli səviyyədə turizm sahəsində dayanıqlı təcrübələrin tətbiqində maraqlı olduğunu, dayanıqlı bir dünya üçün qlobal turizm sənayesinin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

COP29-un Prezidenti Muxtar Babayev çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tarixində ilk dəfə keçirilən tarixi tematik “Turizm Günü”nün turizmin qlobal iqlim gündəliyinə inteqrasiyası, Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğunu qeyd edib. “Turizm iqlim fəaliyyətində əhəmiyyətli rol oynamaq potensialına malikdir. Dayanıqlı təcrübələrin tətbiqi və innovativ texnologiyalardan istifadə etməklə turizm dayanıqlılıq, adaptasiya və miqrasiya üçün bir modelə çevrilə bilər”, - deyə Muxtar Babayev əlavə edib.

BMT Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili qeyd edib ki, turizm ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Fəaliyyət Proqramına daxil edilib və bu, sektor üçün əsas dönüş nöqtəsidir. Turizmin təkcə iqtisadiyyatın bir parçası olmadığını, eyni zamanda, bir sıra icmalar və xalqlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Zurab Pololikaşvili bu sektorun qlobal ÜDM-in 3,4 faizinə töhfə verdiyini diqqətə çatdırıb. “Bununla belə, biz iqlim böhranı ilə üzləşərkən, turizm də həll yolu olmalıdır. Bakı Bəyannaməsi və Qlazqo Bəyannaməsi kimi təşəbbüsləri qəbul etməklə biz azkarbonlu və dayanıqlı gələcəyə gedən yolları formalaşdırırıq”, - deyə o vurğulayıb.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen çıxışında bildirib ki, onu heyran edən COP29 Sədrliyinin ilk dəfə turizm məsələsini iqlim dəyişikliyi kontekstində qəti şəkildə gündəmə gətirməsi olub: "Bu, çox vacibdir, çünki emissiyalar üzrə hesabatlar bizə göstərir ki, hazırda doğru istiqamətdə irəliləmirik, çünki 2023-cü ildə emissiyalarımız azalmaq əvəzinə 1,3 faiz artıb. Əslində, 2030-cu ilə qədər 1,5 dərəcə Selsi həddində qalmaq istəyiriksə, emissiyalarımızı 41 faiz azaltmalıyıq. İki dərəcə həddinə çatmaq istəyiriksə ki, - düşünürəm, bunu istəmirik, - o zaman emissiyalarımızı 28 faiz azaltmalıyıq. Bunun üçün beş ilimiz var, lakin bu, tamamilə mümkündür”.

İ.Andersen hesab edir ki, turizm sektorunun iqlim dəyişikliyi kontekstində dayanıqlığı təmin etmək üçün böyük potensialı var.

Tədbirdə turizm sahəsində iqlim fəaliyyətinin təkmilləşdirilməsi üzrə COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə qlobal təşəbbüs kimi daxil edilmiş “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib.

Təşəbbüsün əsas məqsədləri turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə turizmin milli iqlim strategiyaları və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsində rolunun artırılması ilə siyasi yanaşmanın təkmilləşdirilməsini, milli turizm qurumları və təşkilatlarının iqlim fəaliyyətinə daha aktiv formada cəlb olunması ilə iqlim fəaliyyətinin təşviqini, turizmin ətraf mühitə təsirinin dəqiq ölçmə metodlarının tətbiqi ilə həyata keçirilməsi və bununla da elmi əsaslı ölçmələrin aparılmasını, turizmdə səmərəli iqlim təşəbbüsləri üçün qlobal əlaqələndirmə mexanizmlərinin təmin edilməsi ilə tərəfdaşlıqların genişləndirilməsini təmin etməkdir.

Tədbirin yekunu kimi hazırda 50-dən çox ölkənin və 8 qeyri-dövlət aktorunun qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də qoşulması üçün elan olunacaq.

Bakıda qəbul edilən “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” “Turizmdə İqlim Fəaliyyəti üzrə Qlazqo Bəyannaməsi”ndən əldə olunan uğurlara söykənərək turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi müəyyənləşdirir.

Bundan əlavə, “Turizm Günü” çərçivəsində “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması - öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)”, “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması – öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və maliyyələşmə)”, “Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti: İnnovativ həllər və irəliyə doğru” mövzularında üç yüksək səviyyəli dəyirmi masa təşkil ediləcək və müxtəlif tematik təqdimatlar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə