Avropa Parlamentinin qətnaməsi reallığı əks etdirmir - TƏHLİL

Məlum olduğu kimi, Avropa Parlamenti Azərbaycan haqqında qətnamə qəbul edib. Qəbul olunmuş sənəd cəmiyyətimizdə birmənalı olaraq narazılıqla qarşılanıb. Belə ki, həmin qətnamədə əks olunan məqamlar Azərbaycan reallığını əks etdirmir. Siyasi təşkilatlar, dövlət və hökumət nümayəndələri, millət vəkilləri məsələ münasibət bildirərək, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini qərəzli və qeyri-obyektiv hesab ediblər.

Yeni Azərbaycan Partiyası bildirib ki, Azərbaycan ilə ümumavropa qurumları, o cümlədən, Avropa Şurası, Avropa Parlamenti və Avropa İttifaqı arasındakı münasibətlər hal-hazırda yüksələn xətt üzrə inkişaf etməkdədir və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur: "Bu əməkdaşlıq enerji, təhlükəsizlik və demokratiyanın inkişafı kimi mühüm sahələri əhatə etməklə geniş spektrə malikdir. Azərbaycan və Avropa İttifaqı arasında çox mühüm iqtisadi-siyasi əhəmiyyəti olan "Enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair" anlaşma memorandumu imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasətinə, daha sonra isə "Şərq tərəfdaşlığı" proqramlarına qoşulmuşdur. Bu tərəfdaşlıq heç şübhəsiz Azərbaycanda demokratik dəyərlərin və institutların möhkəmlənməsinə, həmçinin ölkənin istər iqtisadi, istərsə də hüquqi standartlar baxımından Aİ ilə daha da yaxınlaşması istiqamətində həyata keçirilən strateji xarakterli addımlardır. Azərbaycan ilə Avropa arasındakı əməkdaşlığın çox böyük potensialına və indiki yüksək səviyyəsinə baxmayaraq, Avropa Parlamentinin 12 may 2011-ci il tarixli sessiyasının plenar iclasında qəbul edilmiş qətnamədə bir sıra həqiqətə uyğun olmayan müddəaların yer alması ölkə ictimaiyyəti tərəfindən dərin təəssüf hissi ilə qarşılanmışdır. Qətnamədə Azərbaycanda söz və mətbuat azadlığı, həmçinin sərbəst toplaşmaq hüququnun pozulması ilə bağlı fikirlər qətiyyən obyektiv vəziyyəti əks etdirmir. Ölkəmizdə qeyd olunan hüquq və azadlıqlar konstitusion təminat altındadır və digər qanunvericilik aktları ilə dəstəklənir. Habelə qətnamədə siyasi məhbus və siyasi baxışlarına görə insanların həbs olunması müddəası da həqiqətə uyğun deyil və obyektiv araşdırma aparılmadan sənədə daxil edilmişdir.

Avropa Parlamentində heç bir araşdırmaya və ciddi əsaslara söykənməyən qətnamənin qəbul edilməsi qurumun ikili standartlar mövqeyinə istinad etdiyindən, Avropa İttifaqı ilə Azərbaycan arasında geniş əməkdaşlıq imkanlarının ötəri maraqlara qurban vermək istəyindən xəbər verir. Belə bir qərəzli və qeyri - obyektiv qətnamənin qəbul edilməsi Avropa Parlamentinin prezidentinin Azərbaycana səfəri ərəfəsinə təsadüf etməsi xüsusilə düşündürücüdür və heç bir halda nə Avropa İttifaqının, nə də Azərbaycanın maraqlarına xidmət etmir. Avropa İttifaqı ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndiyi bir zamanda ölkəmizə qarşı uydurma ittihamlarla dolu qətnamənin qəbul edilməsinin sözügedən əməkdaşlığın perspektivlərini əngəlləmək məqsədi güddüyü açıq - aşkar görünməkdədir.

Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin Azərbaycanda real vəziyyətin kobud şəkildə təhrif olunması məqsədi güdən iradlarını qətiyyətlə rədd edir və sözügedən qurumun obyektiv yanaşma əsasında həqiqəti olduğu kimi əks etdirmək üçün səy göstərəcəyinə ümidvar olduğunu bildirir".

Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demokratiya və insan hüquqları məsələsinin Azərbaycan dövlətinin Konstitusiya normaları olduğunu və ona əməl olunması sahəsindəki vəziyyəti də yetərincə qənaətbəxş saydığını vurğulayıb: "Bu yolu Azərbaycan özü seçib və Avropa strukturları ilə də mövcud sahədə əməkdaşlıq və tərəfdaşlıq xətti götürüb. Bizi təəccübləndirən odur ki, Avropa strukturları nədənsə, Cənub Qafqaz bölgəsində və bütövlükdə postsovet məkanında baş verən hadisələrə fərqli standartlar çərçivəsində yanaşır, müxtəlif ölkələrdə baş verən eyni hadisələrə tamamilə bir-birinə əks olan qiymət verirlər. Əlbəttə, mən adını çəkmək istəmirəm, həmin qətnamənin qəbul olunmasında iştirak edən deputatların özləri belə, bu subyektiv yanaşmanı və "norma"nı dəfələrlə etiraf ediblər. Məsələn, Azərbaycanda keçirilən prezident seçkilərində bizim üçün əsas amil, seçicilərin etimadını qazanmaq, əhalinin seçib-seçilmək hüququnu təmin etmək və qalib gələn namizədi şəffaf şəkildə elan etməkdən ibarətdir. Bu normanı biz demokratik Avropadan götürmüşük. Lakin qətnamədə bu prinsiplər bir kənara atılaraq, hansısa subyektiv ambisiyası olan daxili və yaxud xarici şəxsin, yaxud qrupun seçkiyə münasibəti əsas qiymət meyarı kimi dəyərləndirir. Əlbəttə, bu yolverilməzdir".

Daha sonra Ə.Həsənov Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan olmadığı ilə bağlı fikrə diqqət yönəldib. "İki gün bundan əvvəl, ATƏT-in mətbuat üzrə komissarı ilə birlikdə biz Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini müzakirə etmişik və gəldiyimiz ümumi qənaət odur ki, bu sahədə vəziyyət qənaətbəxşdir və hakimiyyətin atdığı addımlar da vəziyyətin yaxşılaşmasına xidmət edir. Qətnamədə öz əksini tapmış insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, yaxud siyasi fikrinə görə hansısa gənclərin təqiblərə məruz qalması isə heç bir əsası olmayan subyektiv mülahizələrdir. Azərbaycanda mövcud qanunvericiliyə əsasən, insan və vətəndaş hüquqlarının həyata keçirilməsi realdır və buna əməl edilir. Amma kimlərsə qanunun üzərində öz ambisiyasını təmin etmək istəyir, yerli icra strukturlarının və yaxud qanun keşikçilərinin tələblərini tamamilə inkar edirsə, o zaman onlara qarşı tədbirlər görmənin də alternativi yoxdur. Yaxud kimsə əgər öz dövlətinin milli ordusunda xidmət etməkdən boyun qaçırırsa və bunun heç bir qanuni əsası yoxdursa, Azərbaycanda hüquqi dövlət prinsiplərinə uyğun olaraq, ona qarşı yalnız qanuni tədbirlər görülməlidir" - deyə Ə.Həsənov vurğulayıb. PA şöbə müdiri Avropa Parlamentində bunun fərqli alternativinin olduğu halda Azərbaycanın müzakirəyə hazır olduğunu bildirib: "Bir sözlə, birmənalı şəkildə bəyan edirəm ki, bu qətnamə Azərbaycandakı mövcud reallığı əks etdirmir, subyektiv mülahizələrə söykənir və Azərbaycan-Avropa Parlamenti əməkdaşlığının ruhuna ziddir".

Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa Parlamentinin mayın 12-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib ki , heç bir ciddi əsas olmadan Avropa Parlamentində Azərbaycan üzrə təcili müzakirələrin təşkili və əlaqədar qətnamənin qəbulu dərin təəssüf hissi doğurur. Demokratiya və insan haqlarına hörmət olunması sahəsində bu gün mükəmməl dövlət yoxdur və müxtəlif ölkələrdə, eləcə də Avropa ölkələrində ayrı-ayrı konkret problemlərin vaxtaşırı meydana çıxması halları tez-tez müşahidə olunur.

Şöbə müdiri bu mənada hər hansı əsaslı araşdırma aparmadan və Azərbaycanın rəsmi qurumlarının mümkün mövqeyini öyrənmədən çox məhdud miqyaslı və məhdud sayda insanın cəlb olunduğu formatda bəzi hadisələrlə bağlı təcili müzakirələr prosedurundan Azərbaycana qarşı sui-istifadə olunmasının ölkəmizin nüfuzuna xələl yetirməyə yönəldiyini vurğulayıb: "Digər tərəfdən belə bir yanaşma hazırda Avropa İttifaqı ilə qurduğumuz unikal münasibətlərlə heç bir şəkildə uzlaşmır və mövcud qarşılıqlı etimada zərbə vurur. "Şərq Tərəfdaşlığı"nın fəal iştirakçısı, Avropa Parlamenti və "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərini bir araya gətirən "Avronest" Parlament Assambleyasının təsisçiləri sırasında olan Azərbaycana münasibətdə atılmış bu addıma müəyyən məntiqi izah tapa bilmir və bəzi siyasi qüvvələrin arxasında dayandığı bu təşəbbüsü ikili standartların bariz nümunəsi kimi qəbul edirik".

N.Məmmədovun fikrincə, dünyanın müxtəlif bölgələrində gündəlik insan tələfatı ilə nəticələnən insan haqlarının kütləvi pozulması hallarına, eyni zamanda, Azərbaycan ərazilərinin işğal olunmasına və bir çox hüquqlarından məhrum edilmiş yüz minlərlə məcburi köçkünlərinin taleyinə laqeydlik göstərən həmin siyasi qüvvələrin əsl məqsədi Azərbaycanın Avropaya inteqrasiya yolunda həyata keçirdiyi davamlı fəaliyyətlərə kölgə salmaq, arada olan qarşılıqlı etimad və inamı azaltmaqdır: "Avropa Parlamenti prezidentinin ölkəmizə ilk səfəri ərəfəsində sözügedən qətnamənin qəbulu mövcud əməkdaşlıq mühitini mürəkkəbləşdirmək və diqqəti yanlış istiqamətdə yayındırmaq məqsədi güdür. Ümid edirik ki, Avropa Parlamentindəki mütərəqqi qüvvələr Azərbaycanla tərəfdaşlığa sadiqlik nümayiş etdirəcək və gələcəkdə belə xoşagəlməz halların təkrarlanmasına imkan verməyəcək. Lakin bu cür addımlar xarici siyasətimizlə bağlı bəzi məsələlərə toxunmağı vacib edir. Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən, çiçəklənən, həm də xarici siyasətdə böyük nailiyyətlər qazanan dövlətlərindən biridir. Bu inkişaf təkcə paytaxtda yox, həmçinin Azərbaycanın rayonlarında da gedir, çox vaxtlar isə kəndləri də əhatə edir. Bu uğurlar, nailiyyətlər prezidentlə xalqın birliyi fonunda baş verir. Beləliklə, Azərbaycan müstəqillik dövründə Qərblə ən uğurlu əməkdaşlıq edən, möhtəşəm layihələr həyata keçirən yeganə dövlət olduğunu təsdiq edib. Biz bu formada əməkdaşlıq edərək - həm dövlətçiliyimizi qorumaq, həm də demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu həyata keçirmək istəyirik. Lap bu yaxınlarda diplomatik korpusun Avropa nümayəndələri ilə söhbət zamanı, Avropanın Azərbaycana nə üçün bir neçə çox mühüm tale yüklü məsələlərlə bağlı açıq aşkar, qərəzli, ədalətsiz mövqe tutmasına dair suallarıma - 907-ci düzəliş, Dağlıq Qarabağ, Bakı-Tbilisi-Qars, sərhədlərin açılması, və s. - ağlabatan cavab tapa bilmədilər. O zaman elan etdim - əgər mənə haqlı olduğunuzu sübut edə bilsəniz, inandıra bilsəniz, onda yüzlərlə kiçik məsələləri bir tərəfə qoyacağam, onlar haqqında heç nə deməyəcəyəm. Təəssüf ki, cavab əvəzinə qəribə baxışlardan və sükutdan başqa bir şey görmədim. Bu gün dünyada belə bir mövqe formalaşıb ki, Qərb siyasi və iqtisadi cəhətdən beynəlxalq aləmdə yeganə və rəqibsiz qüvvə olduğunu gördüyü üçün hesab edir ki, beynəlxalq hüququ necə istəsə, elə də tətbiq edə bilər. Diplomatik korpusun nümayəndələri təəssüflər olsun ki, bizimlə danışıqlarda bir cür mövqe bildirir, amma bizdə olan məlumatlara görə öz ölkələrinə fərqli informasiyalar göndərirlər. Əgər Qərb və Avropa doğrudan da ədalətli, xoşməramlı olduğunu sübut etmək istəyirsə, onda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret, özlərinin yaratdıqları beynəlxalq hüquqa uyğun mövqe nümayiş etdirməlidir".

N.Məmmədov bildirib ki, insan hüquqları və demokratiya Azərbaycan dövlətçiliyinin təməl prinsipləridir və belə də olacaq: "Lakin bu gün bunları siyasiləşdirərək başqa maraqlara bağlamaq faydasızdır və dünyada əks təsirə səbəb olacaq. Azərbaycanda siyasi partiyaların, medianın, QHT-lərin, internetin və s. fəaliyyətinə heç bir məhdudiyyət olmayıb və yoxdur. Lakin həmin dairələr insan hüquqları və demokratiya məsələlərində bu qədər ədalətlidirlərsə, qoy onda 1 milyon qaçqın və köçkünün taleyi ilə bağlı heç olmasa bir dəfə bir qətnamə qəbul etsinlər. 20 ildən artıq davam edən prosesə müşahidəçi qalmaq nə deməkdir? Düşünürəm, ikitərəfli əməkdaşlığın prinsipləri aydın olmalı, müəyyənləşməlidir. Bu zaman əməkdaşlıq qarşılıqlı faydalı və uğurlu olar".

Məsələyə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı qəbul etdiyi sənədlərdə, hazırladıqları hesabatlarda reallığa uyğun olmayan fikirlərə yer verirlər. Onun fikrincə, gerçəkliyi əks etdirməyən belə münasibət təbii ki, Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. R.Aslanova bildirib ki, Azərbaycanda insan hüquqlarının qorunması, ifadə və söz azadlığının təmin olunması məsələsində heç bir problem yoxdur. Bu hüquqlar ölkə Konstitusiyası ilə qorunur və bütün bunlar müvafiq qanunvericilikdə öz əksini tapıb. Komitə sədri xatırladıb ki, ölkəmiz özünün milli qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırıb. R.Aslanova bildirib ki, istər KİV haqqında qanun, istərsə də sərbəst toplaşmaq azadlığı haqqında qanun beynəlxalq ekspertizadan keçərək müsbət rəy alıb. Məhz həmin qanunlar sözügedən məsələləri tənzimləyir. Bu mənada, Azərbaycanda ifadə, söz azadlığı və sərbəst toplaşmaq hüququ ilə bağlı qanunlar beynəlxalq konvensiyaların müddəaları ilə tam səsləşir.

"Bu faktlar bir daha təsdiqləyir ki, Azərbaycanda söz, ifadə azadlığı tam təmin olunub və bunu inkar etmək mümkün deyil. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən islahatları, gerçəklikləri düzgün dəyərləndirə bilmirlər, hansısa qanunazidd hərəkətlərə dəstək nümayiş etdirməyə çalışırlar. Amma nəzərə almaq lazımdır ki, hüquqi dövlətlərdə bütün məsələlər qanunauyğun şəkildə həll olunur və hər kəs qanun qarşısında bərabərdir"-deyə R.Aslanova vurğulayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə deyib ki, Azərbaycan demokratik dövlətdir və cəmiyyətimizdə siyasi plüralizm, fikir və sərbəst toplaşmaq azadlığı tam mövcuddur. S.Fətəliyeva bildirib ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bölgədə iqtisadi inkişafla yanaşı, demokratik inkişaf, vətəndaş cəmiyyəti quruculuğu baxımından da öndə gedir. Onun sözlərinə, Avropa ailəsinin üzvü olan ölkəmiz bəşəri dəyərlərə sadiqdir və bu dəyərlərə dərin hörmət nümayiş etdirir. "Məlumdur ki, Azərbaycan mötəbər beynəlxalq təşkilatların üzvüdür və ölkəmizə bu qurumlara üzv olmaq heç də asan başa gəlməyib. Yəni, Azərbaycan bu qurumlara qoşulmaq üçün müəyyən mərhələlərdən keçib, dövlətimiz qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırıb və ölkəmiz demokratik qanunvericiliklə idarə olunur. Çoxpartiyalı sistemin mövcud olduğu cəmiyyətimizdə bütün siyasi təşkilatların, QHT-lərin normal fəaliyyəti üçün müvafiq şərait yaradılıb. Belə olan halda, müəyyən beynəlxalq təşkilatların, o cümlədən, Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi sənəddə əks olunan bəzi məqamlarla qətiyyən razılaşmaq mümkün deyil. Hesab edirəm ki, Avropa Parlamenti kimi nüfuzlu təşkilat qəbul etdiyi qərarlarda obyektivlik meyarlarını üstün tutmalıdır"-deyə komitə sədrinin müavini vurğulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə