Məlum olduğu
kimi, Avropa Parlamenti Azərbaycan haqqında qətnamə qəbul edib. Qəbul olunmuş sənəd
cəmiyyətimizdə birmənalı olaraq narazılıqla qarşılanıb. Belə ki, həmin qətnamədə
əks olunan məqamlar Azərbaycan reallığını əks etdirmir. Siyasi təşkilatlar, dövlət
və hökumət nümayəndələri, millət vəkilləri məsələ münasibət bildirərək, Avropa Parlamentinin
Azərbaycanla bağlı qətnaməsini qərəzli və qeyri-obyektiv hesab ediblər. Yeni Azərbaycan
Partiyası bildirib ki, Azərbaycan ilə ümumavropa qurumları, o cümlədən, Avropa Şurası,
Avropa Parlamenti və Avropa İttifaqı arasındakı münasibətlər hal-hazırda yüksələn
xətt üzrə inkişaf etməkdədir və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur: "Bu
əməkdaşlıq enerji, təhlükəsizlik və demokratiyanın inkişafı kimi mühüm sahələri
əhatə etməklə geniş spektrə malikdir. Azərbaycan və Avropa İttifaqı arasında çox
mühüm iqtisadi-siyasi əhəmiyyəti olan "Enerji məsələləri üzrə strateji tərəfdaşlığa
dair" anlaşma memorandumu imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası Avropa
Qonşuluq Siyasətinə, daha sonra isə "Şərq tərəfdaşlığı" proqramlarına
qoşulmuşdur. Bu tərəfdaşlıq heç şübhəsiz Azərbaycanda demokratik dəyərlərin və institutların
möhkəmlənməsinə, həmçinin ölkənin istər iqtisadi, istərsə də hüquqi standartlar
baxımından Aİ ilə daha da yaxınlaşması istiqamətində həyata keçirilən strateji xarakterli
addımlardır. Azərbaycan ilə Avropa arasındakı əməkdaşlığın çox böyük potensialına
və indiki yüksək səviyyəsinə baxmayaraq, Avropa Parlamentinin 12 may 2011-ci il
tarixli sessiyasının plenar iclasında qəbul edilmiş qətnamədə bir sıra həqiqətə
uyğun olmayan müddəaların yer alması ölkə ictimaiyyəti tərəfindən dərin təəssüf
hissi ilə qarşılanmışdır. Qətnamədə Azərbaycanda söz və mətbuat azadlığı, həmçinin
sərbəst toplaşmaq hüququnun pozulması ilə bağlı fikirlər qətiyyən obyektiv vəziyyəti
əks etdirmir. Ölkəmizdə qeyd olunan hüquq və azadlıqlar konstitusion təminat altındadır
və digər qanunvericilik aktları ilə dəstəklənir. Habelə qətnamədə siyasi məhbus
və siyasi baxışlarına görə insanların həbs olunması müddəası da həqiqətə uyğun deyil
və obyektiv araşdırma aparılmadan sənədə daxil edilmişdir. Avropa Parlamentində
heç bir araşdırmaya və ciddi əsaslara söykənməyən qətnamənin qəbul edilməsi qurumun
ikili standartlar mövqeyinə istinad etdiyindən, Avropa İttifaqı ilə Azərbaycan arasında
geniş əməkdaşlıq imkanlarının ötəri maraqlara qurban vermək istəyindən xəbər verir.
Belə bir qərəzli və qeyri - obyektiv qətnamənin qəbul edilməsi Avropa Parlamentinin
prezidentinin Azərbaycana səfəri ərəfəsinə təsadüf etməsi xüsusilə düşündürücüdür
və heç bir halda nə Avropa İttifaqının, nə də Azərbaycanın maraqlarına xidmət etmir.
Avropa İttifaqı ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndiyi
bir zamanda ölkəmizə qarşı uydurma ittihamlarla dolu qətnamənin qəbul edilməsinin
sözügedən əməkdaşlığın perspektivlərini əngəlləmək məqsədi güddüyü açıq - aşkar
görünməkdədir. Yeni Azərbaycan
Partiyası Avropa Parlamentinin Azərbaycanda real vəziyyətin kobud şəkildə təhrif
olunması məqsədi güdən iradlarını qətiyyətlə rədd edir və sözügedən qurumun obyektiv
yanaşma əsasında həqiqəti olduğu kimi əks etdirmək üçün səy göstərəcəyinə ümidvar
olduğunu bildirir". Prezident
Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demokratiya
və insan hüquqları məsələsinin Azərbaycan dövlətinin Konstitusiya normaları olduğunu
və ona əməl olunması sahəsindəki vəziyyəti də yetərincə qənaətbəxş saydığını vurğulayıb:
"Bu yolu Azərbaycan özü seçib və Avropa strukturları ilə də mövcud sahədə əməkdaşlıq
və tərəfdaşlıq xətti götürüb. Bizi təəccübləndirən odur ki, Avropa strukturları
nədənsə, Cənub Qafqaz bölgəsində və bütövlükdə postsovet məkanında baş verən hadisələrə
fərqli standartlar çərçivəsində yanaşır, müxtəlif ölkələrdə baş verən eyni hadisələrə tamamilə bir-birinə
əks olan qiymət verirlər. Əlbəttə, mən adını çəkmək istəmirəm, həmin qətnamənin
qəbul olunmasında iştirak edən deputatların özləri belə, bu subyektiv yanaşmanı
və "norma"nı dəfələrlə etiraf ediblər. Məsələn, Azərbaycanda keçirilən
prezident seçkilərində bizim üçün əsas amil, seçicilərin etimadını qazanmaq, əhalinin
seçib-seçilmək hüququnu təmin etmək və qalib gələn namizədi şəffaf şəkildə elan
etməkdən ibarətdir. Bu normanı biz demokratik Avropadan götürmüşük. Lakin qətnamədə
bu prinsiplər bir kənara atılaraq, hansısa subyektiv ambisiyası olan daxili və yaxud
xarici şəxsin, yaxud qrupun seçkiyə münasibəti əsas qiymət meyarı kimi dəyərləndirir.
Əlbəttə, bu yolverilməzdir". Daha sonra
Ə.Həsənov Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan olmadığı ilə bağlı fikrə
diqqət yönəldib. "İki gün bundan əvvəl, ATƏT-in mətbuat üzrə komissarı ilə
birlikdə biz Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini müzakirə etmişik
və gəldiyimiz ümumi qənaət odur ki, bu sahədə vəziyyət qənaətbəxşdir və hakimiyyətin atdığı addımlar
da vəziyyətin yaxşılaşmasına xidmət edir. Qətnamədə öz əksini tapmış insan hüquq
və azadlıqlarının məhdudlaşdırılması, yaxud siyasi fikrinə görə hansısa gənclərin
təqiblərə məruz qalması isə heç bir əsası olmayan subyektiv mülahizələrdir. Azərbaycanda
mövcud qanunvericiliyə əsasən, insan və vətəndaş
hüquqlarının həyata keçirilməsi realdır və buna əməl edilir. Amma kimlərsə qanunun
üzərində öz ambisiyasını təmin etmək istəyir, yerli icra strukturlarının və yaxud
qanun keşikçilərinin tələblərini tamamilə
inkar edirsə, o zaman onlara qarşı tədbirlər görmənin də alternativi yoxdur. Yaxud
kimsə əgər öz dövlətinin milli ordusunda xidmət etməkdən boyun qaçırırsa və bunun
heç bir qanuni əsası yoxdursa, Azərbaycanda hüquqi dövlət prinsiplərinə uyğun olaraq,
ona qarşı yalnız qanuni tədbirlər görülməlidir" - deyə Ə.Həsənov vurğulayıb.
PA şöbə müdiri Avropa Parlamentində bunun
fərqli alternativinin olduğu halda Azərbaycanın müzakirəyə hazır olduğunu bildirib:
"Bir sözlə, birmənalı şəkildə bəyan edirəm ki, bu qətnamə Azərbaycandakı mövcud
reallığı əks etdirmir, subyektiv mülahizələrə söykənir və Azərbaycan-Avropa Parlamenti
əməkdaşlığının ruhuna ziddir". Prezident
Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa Parlamentinin
mayın 12-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib
ki , heç bir ciddi əsas olmadan Avropa Parlamentində Azərbaycan üzrə təcili müzakirələrin
təşkili və əlaqədar qətnamənin qəbulu dərin təəssüf hissi doğurur. Demokratiya və
insan haqlarına hörmət olunması sahəsində bu gün mükəmməl dövlət yoxdur və müxtəlif
ölkələrdə, eləcə də Avropa ölkələrində ayrı-ayrı konkret problemlərin vaxtaşırı
meydana çıxması halları tez-tez müşahidə olunur. Şöbə müdiri
bu mənada hər hansı əsaslı araşdırma aparmadan və Azərbaycanın rəsmi qurumlarının
mümkün mövqeyini öyrənmədən çox məhdud miqyaslı və məhdud sayda insanın cəlb olunduğu
formatda bəzi hadisələrlə bağlı təcili müzakirələr prosedurundan Azərbaycana qarşı
sui-istifadə olunmasının ölkəmizin nüfuzuna xələl yetirməyə yönəldiyini vurğulayıb:
"Digər tərəfdən belə bir yanaşma hazırda Avropa İttifaqı ilə qurduğumuz unikal
münasibətlərlə heç bir şəkildə uzlaşmır və mövcud qarşılıqlı etimada zərbə vurur.
"Şərq Tərəfdaşlığı"nın fəal iştirakçısı, Avropa Parlamenti və "Şərq
Tərəfdaşlığı" ölkələri parlamentlərini bir araya gətirən "Avronest"
Parlament Assambleyasının təsisçiləri sırasında olan Azərbaycana münasibətdə atılmış
bu addıma müəyyən məntiqi izah tapa bilmir və bəzi siyasi qüvvələrin arxasında dayandığı
bu təşəbbüsü ikili standartların bariz nümunəsi kimi qəbul edirik". N.Məmmədovun
fikrincə, dünyanın müxtəlif bölgələrində gündəlik insan tələfatı ilə nəticələnən
insan haqlarının kütləvi pozulması hallarına, eyni zamanda, Azərbaycan ərazilərinin
işğal olunmasına və bir çox hüquqlarından məhrum edilmiş yüz minlərlə məcburi köçkünlərinin
taleyinə laqeydlik göstərən həmin siyasi qüvvələrin əsl məqsədi Azərbaycanın Avropaya
inteqrasiya yolunda həyata keçirdiyi davamlı fəaliyyətlərə kölgə salmaq, arada olan
qarşılıqlı etimad və inamı azaltmaqdır: "Avropa Parlamenti prezidentinin ölkəmizə
ilk səfəri ərəfəsində sözügedən qətnamənin qəbulu mövcud əməkdaşlıq mühitini mürəkkəbləşdirmək
və diqqəti yanlış istiqamətdə yayındırmaq məqsədi güdür. Ümid edirik ki, Avropa
Parlamentindəki mütərəqqi qüvvələr Azərbaycanla tərəfdaşlığa sadiqlik nümayiş etdirəcək
və gələcəkdə belə xoşagəlməz halların təkrarlanmasına imkan verməyəcək. Lakin bu
cür addımlar xarici siyasətimizlə bağlı bəzi məsələlərə toxunmağı vacib edir. Azərbaycan
bu gün dünyanın ən sürətlə inkişaf edən, çiçəklənən, həm də xarici siyasətdə böyük
nailiyyətlər qazanan dövlətlərindən biridir. Bu inkişaf təkcə paytaxtda yox, həmçinin
Azərbaycanın rayonlarında da gedir, çox vaxtlar isə kəndləri də əhatə edir. Bu uğurlar,
nailiyyətlər prezidentlə xalqın birliyi fonunda baş verir. Beləliklə, Azərbaycan
müstəqillik dövründə Qərblə ən uğurlu əməkdaşlıq edən, möhtəşəm layihələr həyata
keçirən yeganə dövlət olduğunu təsdiq edib. Biz bu formada əməkdaşlıq edərək - həm
dövlətçiliyimizi qorumaq, həm də demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu
həyata keçirmək istəyirik. Lap bu yaxınlarda diplomatik korpusun Avropa nümayəndələri
ilə söhbət zamanı, Avropanın Azərbaycana nə üçün bir neçə çox mühüm tale yüklü məsələlərlə
bağlı açıq aşkar, qərəzli, ədalətsiz mövqe tutmasına dair suallarıma - 907-ci düzəliş,
Dağlıq Qarabağ, Bakı-Tbilisi-Qars, sərhədlərin açılması, və s. - ağlabatan cavab
tapa bilmədilər. O zaman elan etdim - əgər mənə haqlı olduğunuzu sübut edə bilsəniz,
inandıra bilsəniz, onda yüzlərlə kiçik məsələləri bir tərəfə qoyacağam, onlar haqqında
heç nə deməyəcəyəm. Təəssüf ki, cavab əvəzinə qəribə baxışlardan və sükutdan başqa
bir şey görmədim. Bu gün dünyada belə bir mövqe formalaşıb ki, Qərb siyasi və iqtisadi
cəhətdən beynəlxalq aləmdə yeganə və rəqibsiz qüvvə olduğunu gördüyü üçün hesab
edir ki, beynəlxalq hüququ necə istəsə, elə də tətbiq edə bilər. Diplomatik korpusun
nümayəndələri təəssüflər olsun ki, bizimlə danışıqlarda bir cür mövqe bildirir,
amma bizdə olan məlumatlara görə öz ölkələrinə fərqli informasiyalar göndərirlər.
Əgər Qərb və Avropa doğrudan da ədalətli, xoşməramlı olduğunu sübut etmək istəyirsə,
onda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret, özlərinin yaratdıqları beynəlxalq
hüquqa uyğun mövqe nümayiş etdirməlidir". N.Məmmədov
bildirib ki, insan hüquqları və demokratiya Azərbaycan dövlətçiliyinin təməl prinsipləridir
və belə də olacaq: "Lakin bu gün bunları siyasiləşdirərək başqa maraqlara bağlamaq
faydasızdır və dünyada əks təsirə səbəb olacaq. Azərbaycanda siyasi partiyaların,
medianın, QHT-lərin, internetin və s. fəaliyyətinə heç bir məhdudiyyət olmayıb və
yoxdur. Lakin həmin dairələr insan hüquqları və demokratiya məsələlərində bu qədər
ədalətlidirlərsə, qoy onda 1 milyon qaçqın və köçkünün taleyi ilə bağlı heç olmasa
bir dəfə bir qətnamə qəbul etsinlər. 20 ildən artıq davam edən prosesə müşahidəçi
qalmaq nə deməkdir? Düşünürəm, ikitərəfli əməkdaşlığın prinsipləri aydın olmalı,
müəyyənləşməlidir. Bu zaman əməkdaşlıq qarşılıqlı faydalı və uğurlu olar". Məsələyə
münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova
deyib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı qəbul etdiyi sənədlərdə,
hazırladıqları hesabatlarda reallığa uyğun olmayan fikirlərə yer verirlər. Onun
fikrincə, gerçəkliyi əks etdirməyən belə
münasibət təbii ki, Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. R.Aslanova
bildirib ki, Azərbaycanda insan hüquqlarının qorunması, ifadə və söz azadlığının
təmin olunması məsələsində heç bir problem yoxdur. Bu hüquqlar ölkə Konstitusiyası
ilə qorunur və bütün bunlar müvafiq qanunvericilikdə öz əksini tapıb. Komitə sədri
xatırladıb ki, ölkəmiz özünün milli qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırıb.
R.Aslanova bildirib ki, istər KİV haqqında qanun, istərsə də sərbəst toplaşmaq azadlığı
haqqında qanun beynəlxalq ekspertizadan keçərək müsbət rəy alıb. Məhz həmin qanunlar
sözügedən məsələləri tənzimləyir. Bu mənada, Azərbaycanda ifadə, söz azadlığı və sərbəst toplaşmaq hüququ
ilə bağlı qanunlar beynəlxalq konvensiyaların müddəaları ilə tam səsləşir. "Bu
faktlar bir daha təsdiqləyir ki, Azərbaycanda söz, ifadə azadlığı tam təmin olunub
və bunu inkar etmək mümkün deyil. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda
həyata keçirilən islahatları, gerçəklikləri düzgün dəyərləndirə bilmirlər, hansısa
qanunazidd hərəkətlərə dəstək nümayiş etdirməyə çalışırlar. Amma nəzərə almaq lazımdır
ki, hüquqi dövlətlərdə bütün məsələlər qanunauyğun şəkildə həll olunur və hər kəs
qanun qarşısında bərabərdir"-deyə R.Aslanova vurğulayıb. Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc
Fətəliyeva isə deyib ki, Azərbaycan demokratik dövlətdir və cəmiyyətimizdə siyasi
plüralizm, fikir və sərbəst toplaşmaq azadlığı tam mövcuddur. S.Fətəliyeva bildirib
ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bölgədə iqtisadi inkişafla yanaşı,
demokratik inkişaf, vətəndaş cəmiyyəti quruculuğu baxımından da öndə gedir. Onun
sözlərinə, Avropa ailəsinin üzvü olan ölkəmiz bəşəri dəyərlərə sadiqdir və bu dəyərlərə
dərin hörmət nümayiş etdirir. "Məlumdur ki, Azərbaycan mötəbər beynəlxalq təşkilatların
üzvüdür və ölkəmizə bu qurumlara üzv olmaq heç də asan başa gəlməyib. Yəni, Azərbaycan
bu qurumlara qoşulmaq üçün müəyyən mərhələlərdən keçib, dövlətimiz qanunvericiliyini
Avropa standartlarına uyğunlaşdırıb və ölkəmiz demokratik qanunvericiliklə idarə
olunur. Çoxpartiyalı sistemin mövcud olduğu cəmiyyətimizdə bütün siyasi təşkilatların,
QHT-lərin normal fəaliyyəti üçün müvafiq şərait yaradılıb. Belə olan halda, müəyyən
beynəlxalq təşkilatların, o cümlədən, Avropa Parlamentinin Azərbaycan haqqında qəbul
etdiyi sənəddə əks olunan bəzi məqamlarla qətiyyən razılaşmaq mümkün deyil. Hesab
edirəm ki, Avropa Parlamenti kimi nüfuzlu təşkilat qəbul etdiyi qərarlarda obyektivlik
meyarlarını üstün tutmalıdır"-deyə komitə sədrinin müavini vurğulayıb.