“Fast Food” və ya “tezbazar” qidaların ağır nəticələri ARAŞDIRMA
Son illərdə xüsusilə şəhərlərdə iş fəaliyyətinin yüksəlməsi, nəqliyyat çətinlikləri, vaxtın məhdudluğu, işləyən qadınların çoxalması səbəbindən insanların yemə-içməsindəki dəyişikliklər əvvəlki illərə nisbətən həddindən artıq nəzərə çarpır. Belə ki, bizlər ev yeməklərindən daha çox "fast food" yeməklərinə üstünlük veririk ki, bu da sağlamlığımıza ciddi şəkildə zərər verir. "Fast food" məhsullarına o qədər tələb artıb ki, artıq bu cür müəssisələr dünyada böyük bir sektor halını alıb. Bəs görəsən əslində tezbazar dediyimiz bu məhsullar nələrdir və bizə nə kimi zərərləri var?
Fast food məhsulları nələrdir?
Bu məhsullar praktik, tez hazırlanıb tez yeyilən, təmiz və standart məhsul ehtiyacına cavab verə bilmək üçün yaranıb. Bunlar arasında qamburgerlər, pizza, qızardılmış balıq, dönərlər, çips kartof, sosiskalı buterbrodlar, kola tərkibli içkilər, hazır meyvə suları və digər hazır məhsullar yer alır. Bunlar arasında ən çox yayılan məhsul isə qamburgerdir.

Fast foodun qida dəyəri…
Fast food sistemi ilə istehlak olunan qidalar qidalanma baxımından qiymətləndirildiyində enerji və bəzi qida maddələri cəhətdən balanslı olmadığı görülməkdədir. Kiçik bir məhsulun kalorisi 400 kaloridən başlayıb 1500 kaloriyə qədər yüksələ bilir. Bunun da böyük bir qismi yağ və şəkərdən ibarətdir. Digər bir tərəfdən Fast food məhsullarından olan çörək və kartofda karbonhidrat olsa da, burada da şəkər istifadə edilir. Şəkərin ən böyük qaynaqları isə spirtsiz içkilər və meyvəli, ətirli şəkərli südlü içkilərdir. Bir qamburgerdə 10-12 qram yağ (90-108 kkal) olur. Qızardılmış toyuğun bir hissəsinə isə 17-26 qram yağ (153-234 kkal) daxildir.
Əlavə olaraq qeyd etmək yerinə düşər ki, Fast food qidaların yanında təzə sıxılmış portağal suyu və salat növləri C vitamini ehtiyacımızı qarşılamağa kömək edə bilər. Əgər bunlar yoxdursa, bu məhsullardakı tək C vitamini qaynağı ilə qamburgeri bəzəyən incə bir dilim pomidorla yetinməli oluruq.

Bəs bunun qarşısını almaq üçün nə etməliyik?
İlk öncə Fast food restoranlarında mövcud məhsullardan ən sağlam və ən balanslı qidalanma dəyərlərinə sahib olanlar seçilməlidir. Əgər bir parça fast food yemişiksə günün digər saatlarında qida seçimində daha diqqətli olmalıyıq. Yağda qızardılmış yeməklər yerinə qaynatma, buğlama, sobada bişmiş yeməklər seçilməlidir. Sendviçlərdə yalnız ət deyil, toyuq və balıqlar istehlak edilə bilər.Təzə meyvə və meyvə suları istehlakı artırılmalı, xidmətə təqdim edilən məhsullara tərəvəz və salat növləri əlavə olunmalıdır. Boş kalori qaynağı olan şəkərli içki və qazlı içkilər yerinə kalsium və vitamin məzmunu yüksək süd və süd məhsulları istehlak edilməlidir. Ümumiyyətlə Fast food məhsulların istehlakı olduqca azaldılmalı, hətta tamamilə imtina edilməlidir.

Sağlamlığımıza necə təsir edir?
Fast food istehlakı xüsusilə gənclər arasında yayılmaqdadır. Araşdırmalarımza görə, tələbələrin 87,7 faizi fast food məhsullarından istifadə edir. Yalnız 12,3 faiz tələbə bu qidalardan istifadə etmir. Fast food qidalanma bir çox xəstəliklərin yaranmasına səbəb ola bilir ki, onlardan ən çox yayılanı dəmir çatışmazlığı anemiyası, vitamin və mineral əksikliyi, zob, diş çürükləri, zəiflik, köklük, şəkər xəstəliyi, təzyiq, osteoporoz (sümük əriməsi), ürək və damar xəstəlikləri, xərçəng kimi xəstəliklərdir. Qadınlara arasında aparılan araşdırmaya əsasən bu yeməklərdən istifadə edənlərin 25 faizi depresiyadan əziyyət çəkir, fiziki fəaliyyətləri isə tədricən aşağı düşür.

Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, bu "tezbazarların" hazırlanmasında istifadə edilən məhsullar haqqında en qədər sosial şəbəkələrdə videolar, şəkillər paylaşılsa da, istehlakın dəyəri aşağı düşmür, əksinə artmaqda davam edir. Necə deyərlər tələb varsa, təklif də var. Bu da onu göstərir ki, bu məhsulların istehlak bazarından qaldırılması hələ mümkün olmayacaq. Bircə qalır ki, özümüz özümüzü məcbur edək. Məcbur edək ki, sağlam qidsalanaq, sağlam olaq.

İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB