Bu mitinqlər sosial sifarişli deyil AÇIQLAMA

Sabah müxalifət növbəti dəfə mitinq keçirəcək. Mitinqlərlə bağlı SİA-ya danışan ekspertlərin maraqlı fikirləri olub. Millət vəkili Zahid Oruc bildirib ki, KİV-lər bu məsələ ilə bağlı sorğu almasa, belə bir aksiyanın keçirilməsi haqqında fikir cəmiyyətdə dolaşmaz: "Çünki, insanlar öz talelərinin yaxşılaşacağını aksiyalarda və ora toplaşan insanlardan gözləmirlər. Bunlar guya ağıllı bir qrup olaraq tribunaya çıxıblar. Amma reallıq bundan ibarətdir ki, Azərbaycan vətəndaşı Əli Kərimlinin və ya onun ətrafında olanların düşüncələri, təhlilləri ilə yaşamır. Bu adamların sosial xarakterli keçirdiyi belə tədbirlər hətta ehtiyaclı insanların marağını cəlb eləmir. Niyə? Çünki, vətəndaş öz gələcək taleyinə, həyatına münasibəti Azərbaycan Prezidentindən gözləyir. Əlbəttə manatın devalvasiyası əhalinin müxtəlif quruplarının maraqlarına, ticarət mühitinə müəyyən dərəcədə təsir göstərib. Lakin belə aksiyalar vasitəsi ilə hökuməti geri çəkdirilməyəcək. Çünki, hər şey hakimiyyətin özünün müəyyənləşdirəcəyi siyasət və yeridəcəyi kursla tənzimlənəcək".

Millət vəkili vurğulayıb ki, insanlar mitinqlərlə öz sosial vəziyyətlərinin yaxşılaşacağını gözləmirlər: "Əksinə onlar belə mitinqlərlə sosial vəziyyətlərinin pisləşəcəyini düşünürlər. Ona görə də bir ovuc adamdır. Meydan verilib onlara. Buyurub keçirsinlər aksiyalarını. Mən orada mitinq keçirən insan kimi həmin stadion maksimum 5 min adam tuta bilər. Bu ölkədə bir iqtisadi qərar ucbatından 5 min insanı ora toparlayıb, bunu da mitinq kimi qələmə verirlərsə, qoy etsinlər. Bundan başqa guya mitinqin səhəri gün nəsə baş verəcək? Əlbəttə yox. Yenə həyat öz axarı il davam edəcək, dövlətin yürütdüyü siyasət isə öz intensivliyi ilə davam edəcək və əsas addımlar və gözləntilər ölkə başçısındandır".

Z.Orucun sözlərinə görə, sabahkı mitinq "Facebook"da saxta profil daşıyıcılarının məhdud bir çərçivədə, real səhnəyə çıxmağıdır: "Amma Əli Kərimlinin imkanı yoxdur ki, məlum saxta profilləri, oradakı şəkilləri həmin tədbirə daşısın. Çünki, bir adam bir topdan atəş açmaqla rota təsiri bağışlamaq istəyir. Amma, bu "Facebook"da mümkündür, real həyatda yox".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyib ki, mitinqlər Azərbaycan Konstitusiyası ilə müəyyən edilmiş bir hüquqdur və vətəndaşlar bu hüquqdan istifadə etməkdə azaddırlar: "Amma mitinqlər keçirilərkən diqqət etmək lazımdır ki, bu nə dərəcədə sosial sifarişə uyğundur, cəmiyyətdə belə aksiyaların keçirilməsinə ehtiyac var və bu mitinqlərin keçirilməsi başqa güclər tərəfindən istifadə olunmaya bilər. Bunları nəzərə alıb, mitinq keçirmək olar. Amma, mitinq xətrinə mitinq keçirmək yanlışdır".

Bütün xəbərlər Facebook səhifəmizdə