Məlum olduğu kimi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qondarma Dağlıq Qarabağ rejimi mayın 3-nə "parlament seçkiləri" keçirməyi nəzərdə tutur. Azərbaycan ərazilərinin hərbi işğalı və etnik təmizləmənin davam etdiyi bir zəmində qondarma separatçı rejimin strukturlarına "seçki"lərin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Ona görə də bu "seçki"lərin heç bir hüquqi qüvvəsi ola bilməz. Eyni zamanda bu "seçkiləri" erməni tərəfinin Azərbaycanı növbəti dəfə təxribata çəkməsi kimi də qiymətləndirmək mümkündür. Elə fikirlərini öyrəndiyimiz ekspertlər də bu fikirdədir.
Millət vəkili Zahid Oruc bildirdi ki, qondarma "Dağlıq Qarabağ Respublika"sında 1994-cü ildən başlayaraq qanunsuz seçkilər keçirilir və bununla da ermənilər həmin "hakimiyyət" orqanlarına legitimlik xarakteri qazandırmağa cəhdlər göstərirlər: "Proses nəinki hüquqi müstəvidə deyil, eləcə də açıq-aşkar beynəlxalq hüququn tələblərinə ziddir. Çünki Azərbaycan ərazisi kimi BMT-də tanınmış və bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyi bir şəraitdə orada hansı xarakterli seçkilərin keçirilməsinin heç bir önəmi yoxdur. Yəni, istər prezident, istər parlament, eləcə də digər "hakimiyyət təsisatları" heç bir halda Azərbaycanın razılığı olmadan seçki keçirməklə beynəlxalq tanınma qazana bilməz. Bu qondarma "Dağlıq Qarabağ Respublika"sını xarici əlaqələr quruculuğuna və yaxud onun beynəlxalq təşkilatlarda təmsilçiliyinə aparıb çıxarmayacaq. Yəni, qondarma "Dağlıq Qarabağ Respublika"sı heç vaxt BMT-də təmsil olunmayacaq".
Millət vəkilin sözlərinə görə, qondarma qurumda keçirilən "seçkilər" bir neçə saxta müşahidəçinin nəzarəti altında keçirilir: "Belə ki, "kampaniya"nın özünə "demokratiklik" fonu qazandırmaq üçün ayrı-ayrı namizədlər çıxış edir. Lakin, bəllidir ki, hər bir hərəkət Ermənistan tərəfindən total bir şəkildə nəzarətdədir. Samvel Babayan adlı bir şəxs vardı hansı ki, o, "Dağlıq Qarabağ Respublika"sının saxta müdafiə naziri hesab olunurdu. O, müxtəlif hakimiyyət iddialarına düşdü və prezidentlik kampaniyasına qoşuldu. Ona qarşı dərhal qəsdlər, qısnamalar, çox kəskin şəkildə fiziki təhdid etmə prosesi aparıldı və sonda o meydanı tərk etmək məcburiyyətində qaldı. Ona görə Ermənistanın özü qeyri-demokratikdirsə, qondarma qurumda hansı qanunçuluqdan söhbət gedə bilər? Bu torpağı özü, onun üzərindəki bütün hüquqlar, hərəkətlər, hər hansı bir hakimiyyət subyektlərinin yaradılması iradəsi Azərbaycana məxsusdur. Ümidvaram ki, sonda belə də olacaq".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da o fikirdədir ki, işğal altında olan Dağlıq Qarabağda mayın 3-nə təyin olunan qondarma "parlament seçki"ləri növbəti erməni təxribatıdır: "Bu addım ermənilərin öz iddialarını yerinə yetirmək cəhdidir. Onlar heç nəyə baxmırlar, dünyaya, beynəlxalq təşkilatlara meydan oxuyurlar. Eyni zamanda sülh danışıqlarını tamamilə mənasızlaşdırırlar. Bütün bunlar Azərbaycana əsas verir ki, öz mövqelərini kəskin, radikal şəkildə ortaya qoysun. Hesab edirəm ki, Azərbaycan bununla bağlı beynəlxalq təşkilatları qarşısında məsələ qaldırmalıdır. Əgər o seçkilər keçiriləcəksə Azərbaycan sülh danışıqlarını dayandırmalıdır. Eyni zamanda həmsədrlərin vasitəçiliyindən imtina etməlidir. Şərt qoymalıdır. Çünki doğrudan da onlar bu məsələni dinc yolla nizama salmaq istəyirlərsə, beynəlxalq təşkilatların fikri ciddidirsə, azacıq da olsa obyektiv yanaşmaq istəyirlərsə, bu proseslərə yol verməməlidirlər".
A. Nağı onu da bildirdi ki, işğal altında olan Dağlıq Qarabağdakı qondarma rejimi Ermənistan yaradıb: "Ona görə də Ermənistan qarşısına beynəlxalq təşkilatlar şərt, tələb qoymalıdırlar. Belə bir mövqedən Azərbaycan çıxış etməlidir. Əgər Ermənistan işğal olunmuş ərazilərdə bu cür hərəkətlərə yol verərsə, danışıqları davam etdirməyin heç bir əhəmiyyəti yoxdur".
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə Ermənistanın BMT-nin qətnamələrinə məhəl qoymamaqla dünya birliyinə qarşı çıxdığını söylədi. Qeyd etdi ki, Ermənistan Rusiyanın və digər xarici havadarların siyasi, hərbi yardımı ilə Azərbaycan torpaqlarını işğal etməklə özlərinə qondarma rejim qurublar: "Məsələ burasındadır ki, dünya birliyi tərəfindən tanınmamış qondarma qurumun keçirdiyi "seçki"yə müşahidəçilər gələcək. Bax, günah müşahidəçilərdədir. Onlar bir növ ilana zəhər daşıyan kərtənkələdir".
Politoloq Sülhəddin Əkbərin fikrincə isə əsas problem torpaqlarımızın işğal altında olmasındadır: "Orda seçkilərin keçirilməsi hər birimizi narahat edir. Hər dəfə qondarma qurumda seçkilərin keçirilməsi danışıqlar prosesinə mənfi təsir edir. Bu məsələ həll olunmayana qədər, yəni, Azərbaycan işğal altında olan torpaqlarını azad etməyənə, orada öz suverenliyini bərpa etməyənə qədər istər "mərkəzi hakimiyyət" orqanlarına, istər "yerli idarəetmə" "orqan"larına keçirilən seçkilər Azərbaycan qanunlarına uyğun olaraq keçirilməyənədək bu problem olduğu kimi də qalacaq".
Ekspertlərində fikrincə məsələnin bir dəfəlik həll olunması üçün Azərbaycan işğal olunmuş torpaqları üzərində öz suverenliyini bərpa etməlidir. Əks təqdirdə belə erməni təxribatları ilə hələ çox qarşılaşacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB