Məlum olduğu kimi Rusiyanın tanınmış siyasətçisi, hazırda müxalifət liderlərindən biri olan Boris Nemtsov fevralın 27-də qətlə yetirilib. Rusiya hökuməti bunun təxribat olduğunu desə də, müxalifət bu ölümdə Rusiya prezidenti Vladimir Putini günahlandırır. Çünki Boris Nemtsov V.Putinin xarici siyasət kursunu sərt şəkildə tənqid edənlərdən idi.. O, dəfələrlə mətbuatda və keçirilən mitinqlərdə V. Putini açıq-aşkar ifşa etmişdi. Eyni zamanda Rusiyanın Ukraynada apardığı müharibəni və Krımın ilhaqını kəskin şəkildə pisləyirdi. Hətta Ukrayna prezidenti Petro Poreşenko Moskvada martın 1-ə planlaşdırılan aksiyada B.Nemtsovun Ukrayna ilə bağlı Putinin yeni planları bardə açıqlamalarla çıxış edəcəyini bildirib. Bütün bu hadisələrin fonunda qətldən sonra Rusiya daxilində baş verə biləcək proseslər hər kəsin diqqət mərkəzindədir. Məsələ ilə bağlı söhbət etdiyimiz ekspertlər qətl hadisəsinin Rusiya da içtimai siyasi vəziyyəti gərginləşdirəcəyini söylədilər.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Boris Nemtsovun qətli Ukraynadakı qeyri-müəyyən vəziyyətin, Rusiya-Qərb qarşıdurmasının davam etdirməsi üçün bir vasitə ola bilər: "B.Nemtsovu öldürənlər çalışır ki, bu hadisədən Avropa Rusiyaya qarşı bir az da həssas olsun, qıcıqlansın. Son vaxtlar Avropa Ukraynadan bir az əl çəkib. Yəni Avropa ilə Ukrayna arasında real iş getmir. Məsələn, Ukrayna prezidenti Petro Poreşenkonu iclaslara dəvət etmirlər, Ukrayna-Avropa İttifaqı müştərək komissiyası Ukrayna üçün kredit alınması ilə bağlı keçiriləcək iclası təxirə salır. Belə bir vaxtda bu hadisəni törətdilər ki, Rusiya bir az da günahkar görünsün və Ukrayna münaqişəsi uzansın".
Politoloq bildirib ki, Nemtsovun ölümü Rusiya daxilində vəziyyəti gərginləşdirəcək: "Çünki, Nemtsov Kremlin bir neçə metrliyində öldürülüb. Ona görə də Nemtsovun tərəfdarları onun öldürüldüyü yeri ziyarətgaha çevirməyə və orada daimi mitinqlər keçirməyə çalışacaqlar. Bu əslində mitinq yaratmaq üçün böyük bir stimuldur. Hesab edirəm ki, hadisənin törədilməsində əsas məqsədlərdən biri Rusiya daxilindəki vəziyyəti gərginləşdirmək, Vladimir Putinə psixoloji təzyiq etməkdir. Hadisələrin sonunun hara gedib çıxacağını gözləmək üçün xeyli vaxt lazımdır".
Millət vəkili Fazil Mustafa da bu məsələnin Rusiya hakimiyyəti üçün faydası olmayacağı qənaətindədir: "Təbii ki, müxalifətin liderlərindən biri Boris Nemtsovun qətli Rusiyada müəyyən gərginlik yaradacaq. Amma, indiki şərtlərdə bu real görünmür".
Onun sözlərinə görə, Rusiya cəmiyyətində mövcud aqressivlik və müharibə ab-havasının genişlənməsi nəyisə dəyişməyəcək: "Amma, hər halda bu Rusiya hakimiyyəti üçün ciddi rəyin formalaşması üçün yekun bir vəziyyətdir. Çünki, Ukrayna məsələsi, müharibə və başqa məsələlərdən sonra artıq istənilən addımın atıla biləcəyi, rus cəmiyyətində bütün müxalif fikrin susdurula biləcəyi istiqamətində qəti fikir oturmağa başlayıb. Hesab edirəm ki, bu məsələnin Rusiya hakimiyyəti üçün faydası olmayacaq".
Politoloq Qabil Hüseynli də müxalif liderin qətlinin Rusiyadakı prosesləri gərginləşdirəcəyi fikrində olanlardandır: "Rusiyada aparıcı bir müxalifət rəhbərinin, keçmişdə ölkə qarşında böyük xidmətləri olmuş şəxsin - Boris Nemtsovun sui-qəsd nəticəsində öldürülməsi Rusiyada çox ciddi nəticələr doğuracaq. Proses narazı kütlənin sayının artmasına gətirib çıxaracaq: "Müxalifətin birləşməsi prosesi daha da sürətlənəcək. Bu birlik əvvəlkindən xeyli fərqlənəcək. Eyni zamanda Vladimir Putinin reytinqi düşməkdə davam edəcək".
Politoloq güman etmir ki, Boris Nemtsovun qatilləri tapılacaq: "Bu qatillərin tapılmaması da məsələni daha da kəskinləşdirəcək".
Ekpertlərin də fikirlərindən göründüyü kimi Boris Nemtsovun qətli Rusiyada artmaqda olan narazılığa əlavə təkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB