Əli Kərimli bu şansı əldən verməyəcək ANALİZ

Yaxud, Müsavat daxilindəki parçalanmalarda AXCP sədrinin rolu nədən ibarət olacaq?

Artıq Müsavatın qurultayı başa çatdı və yeni başqan seçildi. Lakin indidən bəli olur ki, partiya İsa Qəmbərin gedişi ilə təlatümlər astanasındadır. Xüsusilə, başqanlığa namizəd olmuş Qubad İbadoğlunun və tərəfdarlarının (hansı ki, Hikmət Hacızadə, Vurğun Əyyub və İbadoğlunun xeyrinə namizədliyini geri götürmüş Səxavət Əlisoy kifayət qədər köhnə müsavatşılardırlar – R.N.) sərt tonda etiraz bildirmələri, o cümlədən, başqanlıq seçkilərini ədalətsiz, qeyri-şəffaf və qeyri-legitim adlandırmaları sözügedən təlatümləri daha da yaxnılaşdırmaqdadır. Bu baxımdan, artıq istefaların da başlanacağına şübhə etmək olmaz. Düzdür, qurultaydan öncə İsa Qəmbər də istefaların baş verəcəyini istisna etməmişdi, ancaq bildirmişdi ki, həmin istefalar partiyanın işinə zərbə vurmayacaq. Ancaq görünən budur ki, reallaşacaq istefalar Müsavata köklü zərər də vura bilmək ehtimalını gündəmdə saxlayır.

Arif Hacılı İsa Qəmbərə nisbətdə daha radikal imicə malikdir

Lakin bu gün Müsavatın bu kimi duruma doğru sürətlə irəliləməsi fonunda daha çox hərəkətə keçmək istəyən tərəf AXCP və onun sədri Əli Kərimlidir. İstisna etmək olmaz ki, cəbhə sədri Müsavatı zəiflətmək istiqamətində öz tədarükünü çoxdan görüb. Hətta o da sirr deyildi ki, onun müsavatdaxili məsələlərə təsir etmək üçün xüsusi emissarları da mövcuddur. Ancaq bütün bunlardan savayı, Əli Kərimlinin İsa Qəmbərdən sonar bu dəfə Arif Hacılı ilə münaqişəyə girməsi düşərgədəki vəziyyətə də təsirsiz ötüşməyəcək. Çünki Arif Hacılı İsa Qəmbərə nisbətdə daha radikal imicə malikdir.

Arif Hacılının da Əli Kərimliyə qarşı potoloji nifrəti var

Əgər İsa Qəmbər Əli Kərimlinin hücumlarına o qədər də əhəmiyyət vermirdisə, Arif Hacılı gözlənilən hücumlara əhəmiyyət verməklə yanaşı, AXCP ilə daha açıq formalı savaşa girə bilər. Belə ki, onun da Əli Kərimliyə qarşı potoloji nifrəti var. Xüsusilə, Müsavatın Milli Şuradan ayrılmasında və sonrakı fəaliyyətində İsa Qəmbərdən çox Arif Hacılının rolu böyük olub. Məhz Arif Hacılı həmin dövrlərdəki açıqlamalarında deyirdi ki, Milli Şura xarici qüvvələrin, eləcə də Rusiyanın layihəsidir. Bütün bunları da nəzərə alsaq, Hacılının Kərimli ilə sərt tonda danışması təsadüf sayıla bilməz.

Əgər müsavatçılar istefa verərək, Milli Şuraya qayıtsalar, onda bu amil Əli Kərimlinin Arif Hacılı üzərindəki qələbəsi hesab edilə bilər

Belə bir situasiyada AXCP sədri çalışacaq ki, Müsavatdan istefa verəcək şəxslər cəbhəyə olmasa da Milli Şuraya transfer olunsunlar. Çünki siyasi kuluarlarda Milli Şuranı AXCP-nin filialı kimi də dəyərləndirənlər kifayət qədərdir. Əgər müsavatçılar istefa verərək, Milli Şuraya qayıtsalar, onda bu amil Əli Kərimlinin Arif Hacılı üzərindəki qələbəsi hesab edilə bilər. Ona görə də arif Hacılı hazırda başqanlıq eyforiyasını yaşamasına rəğmən, həm də partiyanın daxili parçalanmasını, kənar müdaxilələrin qarşısını almaq zorundadır. O, bunları edə bilməsə, Müsavat partiyası məhz onun başqanlıq dövründə ciddi sarsıntılar yaşaya bilər. Lakin görünən budur ki, Əli Kərimli hazırkı vəziyyətdə əlində olan şansı itirmək fikrində deyil.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə