Avropa Parıamenti, Andrey Saxarov, Leyla Yunus və Xədicə İsmayıl kvarteti ANALİZ

Bu dördlüyün səsi Azərbaycan xalqı üçün heç vaxt eşidilməyəcək

Məlum olduğu kimi, bu günlərdə Avropa Parlamentinin təsis etdiyi Saxarov mükafatçıları sırasında Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusun da adı hallanmaqdadır. Əslində, Avropa Parlamentinin məhz Leyla Yunusu Saxarov mükafatına layiq görməsi sağlam düşüncəli insanlara təəccüblü gəlmir. Çünki Avropa Parlamentinin bir neçə gün öncə Azərbaycana qarşı qərəzli və qondarma qətnamə qəbul etməsi, bir sıra avropalı parlamentarilərin ölkəmizə qarşı sanksiyaların tədbiq olunmasını tələb etməsi arxasında Leyla Yunusa adıçəkilən mükafatın verilməsi ehtimalı çox böyükdür. Və bütün bunlar öz yerində...

Andrey Saxarovun arvadının erməni olması faktoru adıçəkilən rusiyalı akademikin Azərbaycana, xalqımıza qarşı erməni aqressiyasının, nifrətinin təməl prinsipi olub

Ancaq hələlik, keçək həmin mükafata ki, onun da adı bilavasitə Saxarovla – Andrey Saxarovla bağlıdır. Kimdir Andrey Saxarov? İlk növbədə bu insan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi alovlanan zaman açıq şəkildə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyənlərdən biri olub. Çünki onun arvadı milliyyətcə erməni olub – Yelena Bonner Əlixanyan. Beləliklə, Andrey Saxarovun arvadının erməni olması faktoru adıçəkilən rusiyalı akademikin Azərbaycana, xalqımıza qarşı erməni aqressiyasının, nifrətinin təməl prinsipi olub.

Yaşlı insanlarımız 1988-89-cu illərdə Saxarovun SSRİ Ali Sovetində Ermənistanı dəstəkləyən çıxışlarını yaxşı xatırlayırlar. Həmin çıxışlarda Saxarova ən çox əl çalanlar da Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsini təbliğ edən Qdlyan, Starovoytova (yeri gəlmişkən, başından güllələnərək öldürülən bu rus şovinist qadın da hər zaman Saxarovun yanında olub, onu dəstəkləyib, Azərbaycana qarşı hədsiz nifrət sərgiləyib – R.N.) və sairələri olub. Saxarov, Sumqayıt hadisələri ilə bağlı öz qrupu ilə həyasızcasına Azərbaycana səfər edib və buradaca millətimizlə təzyiq dilində danışmağa cəhd göstərib. Qısası, Andrey Saxarov anti-türk, anti-azərbaycanlı ovqatına köklənərək, xalqımızın sonrakı bəlalarının köklü baiskarlarındandır.

Ona görə də erməni kəşfiyyatına işlədiyinə, onlarla birgə təlimatlandırmalarda iştirak etdiyinə görə həbs edilən Leyla Yunusun adının Andrey Saxarov adına mükafatçılar sırasına salınması kimsədə təəccüb doğurmamalıdır.

Andrey Saxarovun arvadının erməni olması ilə Leyla Yunusun ərinin erməni olması maraqlı təsadüfdürmü?

Digər tərəfdən isə, Avstriyadan olan avroparlamentari Ulrike Lunacekin də Leyla Yunusu müdafiə edən çıxışı hər şeyi gün kimi bəlli etməkdədir. Məsələn, avroparlamentari deyib ki, "onu (Leyla Yunusu-R.N.) nominasiya edənlər əmindirlər ki, Leyla Yunus Saxarov mükafatına layiqli namizəddir və hazırda müdafiə olunmağa ehtiyacı var". Ulrike Lunacek eyni zamanda Leyla Yunusu müasir dövrün Saxarovu da adlandırıb. Yeri gəlmişkən, bu xəbəri dərhal dərc edən mətbuat isə "Azadlıq" qəzeti olub. Həmin "Azadlıq" qəzeti ki onun hər bir buraxılışına imza qoyan şəxs ayrıca baş redkator olsa da, həmin imzanı təsdiq edən məhz AXCP sədri Əli Kərimlidir.

Beləliklə, Avropa Parlamentinin Leyla Yunusu Saxarov mükafatına namizəd kimi təqdim etməsi bir daha sübut edir ki, bu gün Azərbaycanda onu müdafiə edənlərlə yanaşı, Avropada da kifayət qədər ermənipərəst fərdlər mövcuddur.

Və nə qədər qəribə, ya da təsadüf görünsə də Saxarovun arvadı – Yelena Bonner Əlixanyandırsa (artıq bu qadın həyatda yoxdur-R.N.) Leyla Yunusun əri olan Arif Yunusun da nəcabəti bilavasitə erməni geninə bağlıdır!

Xədicə də öz maskasını yırtaraq əslində, hansı kateqoriyaya məxsus ünsür olduğunu kifayət qədər sərgiləmiş olub

Təbii ki bu gün Leyla Yunusu müdafiə edənlər arasında dövlətimizə qarşı xüsusi nifrəti ilə seçilən daha bir nəfər - Xədicə İsmayıl da var. Məsələn, bu günlərdə Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in zirvə toplantısında "Fundamental azadlıqlar" mövzusu müzakirə olunub. Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa başlayanda jurnalist Xədicə İsmayıl 10-a yaxın erməni dostuna işarə edib və onlar Əhməd Şahidovun arxasında düzülərək, dal çevirməklə bir növ çıxışa etiraz ediblər. Beləliklə, Xədicə İsmayıl erməni xislətini bir daha sərgiləyib. Çünki istər-istəməz belə bir sual yaranır – axı necə ola bilər ki, Ermənistanı işğalçı siyasətinə görə tənqid edən insanı elə ermənilərin gözü qarşısında təhqir edəsən, onun çıxışına iyrənc bir formada etiraz edəsən? Sözsüz və qeyd şərtsiz ki, bu addımı nəticəsində Xədicə də öz maskasını yırtaraq əslində, hansı kateqoriyaya məxsus ünsür olduğunu kifayət qədər sərgiləmiş olub. Buna isə ilk olaraq, erməniçilik deyərlər.

Beləliklə, hər şey aydındır. Avropa Parıamenti, Andrey Saxarov, Leyla Yunus və Xədicə İsmayıl kvartetinin səsi çıxsa da, bu səs Azərbaycan xalqı üçün, bu Vətən, bu torpaq üçün yaşayan, çalışan, satmağa deyil, ölməyə hazır olanlar tərəfindən heç vaxt eşidilməyəcək!

Rövşən Nurədinoğlu

P.S. Saxarovun arvadı ilə Leylanın ərinin genlərini araşdırsaq bəlkə qohum da çıxarlar!

Bütün xəbərlər Facebook səhifəmizdə