Arif Hacılı jurnalistlərdən niyə qaçır? ANALİZ

“Məni narahat etməsinlər”

Müsavatın qurultayına sayılacaq günlər qalmasına baxmayaraq, partiyanın harada, hansı məkanda qurultay keçirməsi qərarı hələ də verilməyib. Lakin qətiləşdirilmiş qərarın yoxluğuna baxmayaraq, başqanlıq postuna iddialılar görüşlər keçirməkdə davam edirlər. Partiyanın rəhbər strukturlarında təmsil olunan namizədlər keçirdikləri görüşlər barədə mətbuata müəyyən açıqlamalar verirlər.

Lakin Tural Abbaslı və Səxavət Əlisoydan fərqli olaraq, digər iddialı – Arif Hacılı istər qurultaya hazırlıq işləri ilə bağlı, istərsə də keçirdiyi görüşlər haqqında heç bir açıqlamada bulunmur. Bu amil isə belə bir təsəvvür yaradır ki, Arif Hacılı digər namizədlərin fəaliyyətlərini kölgədə qoymaq amacı ilə özü barədə fikir formalaşdırmağa çalışır.

Bu arada Arif Hacılı SİA-ya açıqlamasında bildirib ki, görüşləri çox olduğu üçün jurnalistlərin suallarına cavab verməyə vaxtı çatmır. "İşlərim çoxdur. Hazırda görüşlər keçirirəm. İndi də görüşə gedirəm"- deyən Müsavat yetkilisi onu da qeyd edib ki, ümumiyyətlə, bugünlərdə heç bir mətbuat orqanına açıqlama vermək fikrində deyil: "Bu səbəbdən, Müsavat partiyasının qurultayına hazırlıqla bağlı hər hansı bir fikir söyləyə bilmərəm. Mətbuat işçilərindən də xahiş edirəm ki, görüşlər keçirdiyimə görə, məni narahat etməsinlər".

Göründüyü kimi, işlərinin çox olduğunu bəhanə edərək, suallardan yayındığını sərgiləyən Hacılı bu vasitə ilə özünə xal toplamağa, müsavatçılar arasında üstünlük təsəvvürü yaratmağa çalışır. Yəni o bilir ki, "mətbuat işçilərindən də xahiş edirəm ki, görüşlər keçirdiyimə görə, məni narahat etməsinlər" ifadəsini deməklə, onun sözləri saytlarda işıqlandırılacaq. Bununla da müsavatçılar belə anlayacaqlar ki, başqanlığa ən potensial namizəd də məhz Arif Hacılıdır.

Xatırladaq ki, Arif Hacılı başqanlığa namizəd olmaq üçün partiyanın mərkəzi icra aparatının rəhbəri vəzifəsindən istefa verib. Müsavat başqanlığına digr namizədlər – müşavirlik postundan istefa verən Səxavət Əlisoy və divan üzvü Tural Abbaslı isə mətbuata açıqlamalarında bildiriblər ki, onlar da özlərini partiya başqanlığına ən potensial namizəd kimi görürlər və qləbə qazanacaqlarına əmindirlər. Müsavatın isə qurultayına (əgər keçiriləcəksə – R.N.) artıq beş gün qalıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...