Qaniçən diktatora sentyabra qədər vaxt verilib
Artıq Erməni Milli Konqresi diktator dövlət başçısı Serj Sarkisyan
qarşısında ultimatum qoyub. Yerevanın "Azadlıq" meydanında müxalifətin sonuncu
mitinqində çıxış edən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan bildirib
ki, sentyabr ayına kimi hakimiyyət onlarla dialoqa getməsə, yaxud, tələblərin
heç olmasa bir qismi yerinə yetirilməsə o, bu imkan itirəcək: "Hakimiyyət bu
məsələ ilə bağlı sentyabr ayına kimi qərar verməlidir. Əgər qərar verilməsə,
onda biz növbədənkənar prezident seçkiləri tələbindən vaz keçib, birbaşa və
yeganə tələblə çıxış edəcəyik - Sarkisyan və hakim koalisiya istefaya
getməlidir".
Bu, ilk ultimatum deyil
Bu, Levon Ter-Petrosyan ilk belə bəyanatı deyil ki, hakimiyyətə qarşı
ultimatum irəli sürüb. Xatırladaq ki, bir neçə dəfə bu cür bəyanatlar
səsləndirilib. Lakin Levon Ter-Petrosyanın budəfəki bəyanatına ciddi yanaşmaq
lazımdır. Və bunun da səbəbləri çoxdur. İş ondadır ki, hazırkı şəraitdə Erməni
Milli Konqresinin hakimiyyəti devirməsi üçün münbit şərait yaranıb. Ermənistan
iqtisadiyyatı bərbad vəziyyətdədir, ölkənin xarici borcu ümumi daxili məhsulun
50%-nə yaxınlaşır, işsizlik rəsmi rəqəmlərdə böyük olmasa da, əslində pik
nöqtəsinə çatmaqdadır, istehsal demək olar ki, yox səviyyəsindədir və bunların
nəticəsində miqrasiya böyük sürətlə gedir. Bu gün Ermənistan əhalisinin sayı
heç 2,5 milyon nəfərə çatmır, baxmayaraq ki, 13-14 il əvvəl bu rəqəm 3,5
milyondan artıq idi. Bu minvalla Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, 20
ildən sonra ölkədə 1 milyon, bəlkə də ondan da az insan qalacaq. Məhz bu və
digər səbəblər üzündən Levon Ter-Petrosyannın lideri olduğu müxalifət Sarkisyan
rejimini yıxmaq üçün yaranmış fürsətdən istifadə etməlidir. Və göründüyü kimi
buna hazırlaşır.
İtirilmiş diaspor dəstəyi
Ölkə daxilində dəstəyi hələ
hakimiyyətə gələndən öncə itirən Sarkisyan dünyaya səpələnmiş böyük və güclü
erməni diasporunun da dəstəyini itirib. Bunun da bariz nümunəsi Birləşmiş
Ştatlardan hər il Ermənistana "Minilliyin çağırışı" proqrammı çərçivəsində
maliyyə yardımının ayrılmasının dayandırılmasıdır. Bəlkə də hazırda bir
çoxlarının 1 mart hadisələrindən sonra "Amerika Erməniləri Assosiasiyası"nın
Sarkisyan əleyhinə mitinqləri yadından çıxıb. Və elə o vaxt da "Amerika
Erməniləri Assosiasiyası" Sarkisyan rejiminə yardımları kəsəcəyinə söz
vermişdi. Çox keçmədi diasporun Ermənistana ayırdığı vəsaitlər azaldı və
üstəlik, "Minilliyin çağırışı" proqramı da dayandırıldı. Sözsüz ki, ABŞ-dakı
erməni diasporu istəsəydi, bu proqram çərçivəsində Ermənistana yardımlar indi
də ayrılardı.
Ən maraqlısı isə odur ki, Sarkisyan Levon Ter-Petrosyanın Ermənistanda və elə
diaspor daxilində günbəgün artan nüfuzu qarşısına heç nə qoya bilmir. Sarkisyan
nə özü defoltdan qaça bilir, nə də ki, bu işdə onun havadarı Moskva yardım
göstərir. Sarkisyandan bu gün soruşulsa ki, nə etmisən, o, yalnız
İran-Ermənistan dəmir yolunun tikintisinə dair layihənin adını çəkə bilər ki,
bu layihənin də reallaşması hələ sual altındadır. Digər tərəfdən, Sarkisyan
Levon Ter-Petrosyanla dialoqa getməyəcək. Çünki hakimiyyətin müxalifətlə
dialoqa getməsi onun gücsüzlüyü kimi qəbul olunacaq. Üstəlik, bu müzakirə
mövzusu elə Sarkisyanın istefasıdır ki, hər iki yolun sonu buna aparır. Odur
ki, Levon Ter-Petrosyanın Ermənistan hakimiyyətinə sentyabr ayına kimi vaxt
verməsinə ciddi yanaşmaq lazımdır. Ələlxüsus da buna Sarkisyan və onun
komandası ciddi yanaşmalıdır.
RÖVŞƏN NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB