Sarkisyanı devirmək zamanı-TƏHLİL

8 Avqust 2011 18:30 (UTC+04:00)

Qaniçən diktatora sentyabra qədər vaxt verilib

Artıq Erməni Milli Konqresi diktator dövlət başçısı Serj Sarkisyan qarşısında ultimatum qoyub. Yerevanın "Azadlıq" meydanında müxalifətin sonuncu mitinqində çıxış edən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan bildirib ki, sentyabr ayına kimi hakimiyyət onlarla dialoqa getməsə, yaxud, tələblərin heç olmasa bir qismi yerinə yetirilməsə o, bu imkan itirəcək: "Hakimiyyət bu məsələ ilə bağlı sentyabr ayına kimi qərar verməlidir. Əgər qərar verilməsə, onda biz növbədənkənar prezident seçkiləri tələbindən vaz keçib, birbaşa və yeganə tələblə çıxış edəcəyik - Sarkisyan və hakim koalisiya istefaya getməlidir".

Bu, ilk ultimatum deyil

Bu, Levon Ter-Petrosyan ilk belə bəyanatı deyil ki, hakimiyyətə qarşı ultimatum irəli sürüb. Xatırladaq ki, bir neçə dəfə bu cür bəyanatlar səsləndirilib. Lakin Levon Ter-Petrosyanın budəfəki bəyanatına ciddi yanaşmaq lazımdır. Və bunun da səbəbləri çoxdur. İş ondadır ki, hazırkı şəraitdə Erməni Milli Konqresinin hakimiyyəti devirməsi üçün münbit şərait yaranıb. Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir, ölkənin xarici borcu ümumi daxili məhsulun 50%-nə yaxınlaşır, işsizlik rəsmi rəqəmlərdə böyük olmasa da, əslində pik nöqtəsinə çatmaqdadır, istehsal demək olar ki, yox səviyyəsindədir və bunların nəticəsində miqrasiya böyük sürətlə gedir. Bu gün Ermənistan əhalisinin sayı heç 2,5 milyon nəfərə çatmır, baxmayaraq ki, 13-14 il əvvəl bu rəqəm 3,5 milyondan artıq idi. Bu minvalla Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, 20 ildən sonra ölkədə 1 milyon, bəlkə də ondan da az insan qalacaq. Məhz bu və digər səbəblər üzündən Levon Ter-Petrosyannın lideri olduğu müxalifət Sarkisyan rejimini yıxmaq üçün yaranmış fürsətdən istifadə etməlidir. Və göründüyü kimi buna hazırlaşır.

İtirilmiş diaspor dəstəyi

Ölkə daxilində dəstəyi hələ hakimiyyətə gələndən öncə itirən Sarkisyan dünyaya səpələnmiş böyük və güclü erməni diasporunun da dəstəyini itirib. Bunun da bariz nümunəsi Birləşmiş Ştatlardan hər il Ermənistana "Minilliyin çağırışı" proqrammı çərçivəsində maliyyə yardımının ayrılmasının dayandırılmasıdır. Bəlkə də hazırda bir çoxlarının 1 mart hadisələrindən sonra "Amerika Erməniləri Assosiasiyası"nın Sarkisyan əleyhinə mitinqləri yadından çıxıb. Və elə o vaxt da "Amerika Erməniləri Assosiasiyası" Sarkisyan rejiminə yardımları kəsəcəyinə söz vermişdi. Çox keçmədi diasporun Ermənistana ayırdığı vəsaitlər azaldı və üstəlik, "Minilliyin çağırışı" proqramı da dayandırıldı. Sözsüz ki, ABŞ-dakı erməni diasporu istəsəydi, bu proqram çərçivəsində Ermənistana yardımlar indi də ayrılardı.
Ən maraqlısı isə odur ki, Sarkisyan Levon Ter-Petrosyanın Ermənistanda və elə diaspor daxilində günbəgün artan nüfuzu qarşısına heç nə qoya bilmir. Sarkisyan nə özü defoltdan qaça bilir, nə də ki, bu işdə onun havadarı Moskva yardım göstərir. Sarkisyandan bu gün soruşulsa ki, nə etmisən, o, yalnız İran-Ermənistan dəmir yolunun tikintisinə dair layihənin adını çəkə bilər ki, bu layihənin də reallaşması hələ sual altındadır. Digər tərəfdən, Sarkisyan Levon Ter-Petrosyanla dialoqa getməyəcək. Çünki hakimiyyətin müxalifətlə dialoqa getməsi onun gücsüzlüyü kimi qəbul olunacaq. Üstəlik, bu müzakirə mövzusu elə Sarkisyanın istefasıdır ki, hər iki yolun sonu buna aparır. Odur ki, Levon Ter-Petrosyanın Ermənistan hakimiyyətinə sentyabr ayına kimi vaxt verməsinə ciddi yanaşmaq lazımdır. Ələlxüsus da buna Sarkisyan və onun komandası ciddi yanaşmalıdır.

RÖVŞƏN NURƏDDİNOĞLU