Evdə internetin zəif işləməsi hər zaman provayder və ya modemin keyfiyyəti ilə bağlı olmur. Bir çox hallarda problem Wi-Fi routerinin mənzildə düzgün yerləşdirilməməsindən qaynaqlanır.
Bu sözləri SİA-ya texnoloq Elvin Həsənov deyib.

O bildirib ki, əksər istifadəçilər routeri internet kabelinin daxil olduğu ilk nöqtəyə, dəhlizin küncünə, televizorun arxasına və ya şkafın içinə yerləşdirirlər. Daha sonra isə digər otaqlarda internet siqnalının niyə zəiflədiyini düşünürlər:
“Router üçün ən uyğun yer mənzilin mərkəzinə yaxın, açıq və mümkün qədər hündür bir mövqedir. Bunun əsas məqsədi siqnalın bütün otaqlara bərabər şəkildə yayılmasını təmin etməkdir.
Router mənzilin kənar otaqlarından birində yerləşdirildikdə siqnalın bir hissəsi evdən kənara yayılır. Digər otaqlara çatmaq üçün isə siqnal bir neçə divardan keçməli olur ki, bu da internetin sürətinə və keyfiyyətinə mənfi təsir göstərir. Xüsusilə qalın beton divarlar, metal konstruksiyalar və böyük güzgülər Wi-Fi siqnalını əhəmiyyətli dərəcədə zəiflədə bilər.
Bundan başqa, routerin televizorun arxasında, metal şkafın içində və ya döşəməyə yaxın yerləşdirilməsi də tövsiyə edilmir. Mikrodalğalı soba və bəzi digər simsiz cihazların yaxınlığı, xüsusilə 2.4 GHz diapazonunda işləyən şəbəkələrdə, əlavə radio müdaxiləsi yaradaraq internet bağlantısının keyfiyyətini aşağı sala bilər.
Təhlükəsizlik baxımından routerin düzgün yerləşdirilməsi siqnalın mənzildən kənara həddindən artıq yayılmasını müəyyən qədər azalda bilər. Lakin bu, əsas təhlükəsizlik tədbiri hesab edilmir. Router evin mərkəzində yerləşsə belə, Wi-Fi şəbəkəsinin siqnalı qonşular və ya yaxınlıqda olan digər şəxslər tərəfindən aşkar edilə bilər.
Şəbəkənin təhlükəsizliyini təmin etmək üçün əsas tədbirlər routerin proqram təminatı və təhlükəsizlik parametrləri ilə bağlıdır. Bunun üçün WPA2, imkan olduqda isə WPA3 şifrələmə standartından istifadə edilməli, güclü və mürəkkəb Wi-Fi parolu seçilməli, routerin standart administrator şifrəsi dəyişdirilməli, proqram təminatı mütəmadi yenilənməlidir. Həmçinin WPS funksiyasından istifadə edilmirsə, onun deaktiv edilməsi tövsiyə olunur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB