Şifrəsiz Wi-Fi şəbəkələrinə qoşulmaq kibertəhlükəsizlik baxımından riskli hesab olunur. Fərq etmir, söhbət simli və ya simsiz bağlantıdan gedir, təhlükəsizlik tədbirləri zəif olan şəbəkələrdən istifadə zamanı şəxsi məlumatların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi, izlənilməsi və ya zərərli proqramların cihaza ötürülməsi ehtimalı artır.
Bu sözləri SİA-ya İnformasiya Texnologiyaları sahəsi üzrə ekspert Fərrux Rəcəbli deyib.

O bildirib ki, bu, əlbəttə, o demək deyil ki, hər dəfə şifrəsiz şəbəkəyə qoşulan kimi kimsə məlumatlarınızı oğurlayacaq. Belə bir təsəvvür yanlışdır. Lakin risk mövcuddur və məhz buna görə mütəxəssislər açıq Wi-Fi şəbəkələrindən mümkün qədər uzaq durmağı tövsiyə edirlər:
“Xüsusilə telefonunda və ya kompüterində məxfi sənədlər, şəxsi məlumatlar, iş faylları və ya digər həssas informasiyalar saxlayan şəxslər üçün bu risk daha böyükdür. Belə şəbəkələrdən istifadə etməklə həmin məlumatların təhlükəsizliyi təhlükə altına düşə bilər.
Bu cür hallarla praktikada da qarşılaşılır. Məsələn, təcili internetə ehtiyac yarandığı üçün otelin şifrəsiz Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra yüksək dəyərə malik proqram təminatı lisenziyalarının oğurlandığı hadisələr yaşanıb. Bu da açıq şəbəkələrin real təhlükələr yarada biləcəyini göstərir.
Bəzən isə insanın başqa çıxış yolu olmur və təcili internetə ehtiyac yaranır. Belə vəziyyətdə açıq Wi-Fi-dan istifadə edilə bilər, lakin mümkün qədər ehtiyatlı davranmaq lazımdır. Bu zaman bank əməliyyatları aparmaq, şəxsi hesablara daxil olmaq və ya həssas məlumat ötürmək məsləhət görülmür.
Eyni zamanda telefon və kompüterlərdə etibarlı, lisenziyalı antivirus proqramlarının olması da vacibdir. Müasir təhlükəsizlik proqramları qoşulduğunuz şəbəkənin risklərini müəyyən edə, təhlükəli bağlantılar barədə xəbərdarlıq edə və müəyyən səviyyədə qoruma təmin edə bilir. Bu, tam təhlükəsizlik demək olmasa da, mümkün riskləri xeyli azaldır.
Ümumiyyətlə, internetdən istifadə zamanı həm şifrəsiz Wi-Fi şəbəkələrindən, həm də etibarlılığı bilinməyən proqram və xidmətlərdən uzaq durmaq daha təhlükəsiz seçimdir.
Azərbaycanda, xüsusilə paytaxtda fəaliyyət göstərən əksər kafe, restoran, otel və digər ictimai məkanlarda artıq şifrə ilə qorunan Wi-Fi şəbəkələrindən istifadə edilir. Bəzi mobil operatorların təqdim etdiyi pulsuz Wi-Fi xidmətlərində isə istifadəçidən əvvəlcədən müəyyən təsdiqləmə və təhlükəsizlik mərhələlərindən keçməsi tələb olunur. Bu səbəbdən həmin şəbəkələr adi açıq Wi-Fi-larla müqayisədə daha etibarlı hesab edilir.
Nəticə etibarilə, bir çox istifadəçi sonradan telefonundan şəkillərin, videoların və ya digər məlumatların silindiyini, yaxud cihazın virusla yoluxduğunu gördükdə səbəbi başqa yerdə axtarır. Halbuki bu problemlərdən bəziləri vaxtilə qoşulduqları qorunmayan Wi-Fi şəbəkələri ilə də əlaqəli ola bilər. Hər hadisənin səbəbi məhz bu olmasa da, belə risklər mövcuddur. Buna görə də şəxsi məlumatların təhlükəsizliyini qorumaq üçün şifrəsiz Wi-Fi şəbəkələrindən istifadə etmək tövsiyə edilmir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB