Jurnalistin hüquqları pozularsa NƏ ETMƏLİ? - HÜQUQŞÜNAS DANIŞDI

"Jurnalistin qanuni peşə fəaliyyətinə qəsdən mane olmaq onun hüquqlarının pozulması deməkdir. Jurnalist iş saatından sonra çəkiliş edə bilməz deyə bir qayda-qanun yoxdur". Bu sözləri SİA-ya media üzrə hüquqşünas Ələsgər Məmmədli deyib.

Onun sözlərinə görə, jurnalist öz vəsiqəsini göstərdikdən sonra ona bilərəkdən zor tətbiq edilməsi onun hüquqlarını pozur: "Əgər əməliyyat-axtarış açıq şəkildə keçirilir və hüquq-mühafizə orqanları kobudluğa yol verirsə, bu da hər kəsin görə biləcəyi mühitdədirsə, jurnalist qanunsuz olaraq qapalı olan bir əraziyə daxil olmayıbsa hadisəni görüb çəkə bilər. Ona heç kim deyə bilməz gördüyü iş əməliyyatın gizlilik prinsipini pozur. Polis əməkdaşının jurnalistin icazəsi olmadan telefonunundan hər hansı məlumatı silməsi, jurnalistin fəaliyyətini birbaşa məhdudlaşdırır. Jurnalistin hüquqları pozularsa, hüquq pozuntusuna yol verən şəxslərdən şikayətçi olmalıdır".

"Jurnalistin hüquqları pozulan zaman, həmin şöbənin polis əməkdaşından şikayətçi olmalıdır. Öncə prokurorluğa hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılmasına dair Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət işinin açılması barədə şikayət ünvanlanmalı, daha sonra isə məhkəməyə müraciət etməlidir”, - deyə o, əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə