Əgər bu proses Azərbaycanda olsaydı, 90 faiz müğənni işsiz qalacaqdı - SAMET MİRİ KİMLƏRİ TƏNQİD ETDİ?

"Azərbaycan gözəl musiqi təhsili və bazası olan bir ölkədir. Amma indi insanların musiqi zövqü çox korlanıb. Bunun səbəbi də təbliğatdan irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında tanınmış müğənni Samet Miri deyib.

Onun sözlərinə görə, bugün "TikTok"u, televiziyanı açan zaman ancaq bayağı musiqilər insanı qarşılayır: "Sadəcə bu cümləni qura bilərəm ki, Azərbaycan 40 il musiqidə geriyə getsə, 50 il qabağa getmiş olar. Çünki Azərbaycanın çox köhnə klassik mahnıları, dəyərli musiqi aləmi, musiqi şedevrləri, əfsanələri göz qabağındadır. Amma indi insanların musiqi zövqü də korlanıb və bundan istifadə edənlər də bəzi ara müğənnilərdir. Bunun səbəbi təbliğatdan irəli gəlir. Televiziyaların, "TikTok"un, reklamların, sponsorların, prodüserlərin də kimlərə üstünlük verdiyi də göz qabağındadır".

Samet Miri sözlərinə belə davam edib: "Ara musiqilər və bayağı müğənnilər nəyə görə xaricdə sevilir? Mən 12 il Türkiyədə yaşamışam. Bu həqiqətdir ki, bizim bir çoxumuz ara müğənnilərini və bayağı mahnıları sevirik. Bu ondan irəli gəlir ki, musiqi ritmik olub və insanlar tərəfindən bəyənilib. Amma göz önündə olan odur ki, Azərbaycanda insanların bayağı musiqiyə və ara müğənnilərə qarşı yönləndirilməsi var. Bu barədə təbliğat gedir. Qazaxıstan ya da Özbəkistanı araşdırsanız görərsiniz ki, orada 2-3 il içində fonoqram oxumaq bütün restoran və televiziyalardan yığışdırıldı. Əgər bu proses Azərbaycanda olsaydı, indi gündəmdə olan 90 faiz müğənni işsiz qalacaqdı".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə