Milyonların ziyarətgahı-Mövlanə muzeyi ANALİZ

"İçində nur olmayana kənardan verilən tövsiyə fayda verməz", "Qapı açılar, yetər ki, sən döyməyi bacar. Nə vaxt? Bilmirəm. Sən o qapıda durmağı bacar" kimi aforizmlər bizim həyat yolumuzda bir göstərici, işıqdır. İşimiz çətinə düşəndə sanki bu fikirlər bizim həyat məktəbimizə çevrilir, öyrəndikcə öyrənir və atacağımız addımlarda düzgün yol seçməyimizə qərar verir. XIII əsrin dahi şəxsiyyətlərindən olan, daxili dünyasında böyük eşq – ilahi eşq gəzdirən məhşur şairlərindən, türk və İslam dünyalarının ən böyük sufilərindən olan Mövlanə Cəlaləddin Ruminin söz mücrüsündən olan bu aforizmlər dünya ədəbiyyatının nadir incilərindədir. Elm və hikmətə sahib olan böyük ustada "Savadlılar sultanı" adının verilməsi onun əql və hikmət sahibi olduğuna söykənir.Bu gün müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahib olan məkanda – Türkiyənin Konya şəhərində Mövlanə muzeyi yerləşir. Bir ziyarətkahdır bu məkan. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türkiyənin Konya şəhərində olarkən Mövlanə muzeyini ziyarət ediblər. Konyanın Karatay səmtində yerləşən muzeyi 1926-cı ildən Mövlanənin yaşadığı bina kompleksində fəaliyyət göstərir. Mədəniyyət ocağı həm də "Mövlanə türbəsi" kimi tanınır. Hündürlüyü 25 metr olan türbə dörd qalın – "fil ayaq" adlanan sütunlar üzərində tikilib. Türbənin əsas günbəzi füruzəyi rəngli olduğundan "Yaşıl qübbə" adlandırılır. İçəridən piramida formalı olub üç tərəfi açıq, cənub tərəfdən isə divarlarla örtülü olan türbənin üstü qızılı ulduzlar, zəminləri isə müxtəlif rənglərlə boyanıb. Qübbənin yuxarısında ağ xətlə "Bismillah" və "Ayətül kürsü" həkk edilib. Kompleksdə yer alan məsciddə Qaramanoğulları və Osmanlı dövrlərinə aid əlyazma, "Qurani-Kərim"in nüsxələri, Məsnəvilər və miniatür əlyazmaları ilə xalı səccadələr nümayiş etdirilir ki, Mövlanə Muzeyinə gələnlər bu nümunələr ilə tanış olurlar. Bu türbə, Mövlanənin ölümündən sonra inşa edilib. Mövlanə 1273-cü ilin 17 dekabr tarixində vəfat edəndən sonra məhz burada atasının yanında dəfn olunur.

Bəs, görək onun həyat yolu haradan və necə keçib. Əsl adı Muhamməd Cəlaləddindir və Mövlanə ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Məsnəvisi ilə şöhrət qazanan böyük türk sufisi monqol-tatar yürüşü vaxtı atası ilə birlikdə Anadoluya köçmüşdü. Atası dövrünün elmlərini yaxşı bilən alim idi. Cəlaləddin ilk təhsilini də məhz ondan almış, az bir müddətdə biliyi və savadı ilə Anadoluda şöhrət qazanmış ətrafına çoxlu tələbə toplamışdı. Cəlaləddin Anadoluda, əsasən Konya şəhərində yaşadığına görə Rumi təxəllüsü ilə ( o vaxtlar Anadoluya Rum ölkəsi deyirdilər ) şeirlər yazırdı. Onun türkcə yazdığı bir neçə şeirindən başqa qalan əsərləri farscadır. Fars ədəbiyyatında məsnəvi formasını şöhrətləndirən məhz Cəlaləddin Rumi olmuşdur. Mövlanə 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir. Şəms Mövlanəyə elmə dərin yiyələndikdən sonra ağılın yerinə eşqin, kitabın yerinə şəxsi təcrübənin daha da üstün olduğunu başa saldı. Həmin andan Ruminin həyatı tamamilə dəyişdi. Cəlaləddin Mövlanə Ruminin şeirləri xalq arasında geniş yayıldığından çox vaxt zərb-məsəl, atalar sözü kimi işlədilir: "Ya göründüyün kimi ol, ya olduğun kimi görün", "Ey dil! Sən sonsuz bir xəzinəsən, həm də dərmanı olmayan dərdsən!"

Mövlanənin "Məsnəvi"si 25618 beytdən ibarətdir. Bu əsər bir çox dünya dillərinə tərcümə olunub. Digər əsəri "Məktubat" adlanır. Bu əsər 147 məktubun toplusudur."Divani Kəbir"də 2073 qəzəl vardır. 44 min 8 yüz 34 beytlik şeirlərdən ibarət əsərdir. Mövlanənin "Aşiqlər Divanı" formasında adlandırdığı əsər eyni zamanda "Şəms Divanı", ya da "Divan-ı Şəmsi Təbrizi" kimi anılır. Divan ədəbiyyatında divanların şairlərinin adları ilə anılması ənənəsinə uyğun olmayan bu son adlandırma onun qəzəllərinin sonunda öz adı əvəzinə Şəmsi Təbrizi adından istifadə etməsindən irəli gəlir.Ruminin şeirlərində dərin düşüncə ilə lirik duyğu birləşdirilmişdir. Onun əsas məqsədi insanda və kainatda gizli olan həqiqətləri göstərməkdir. "Söylənənlərə diqqətlə qulaq as, amma hamısını doğru sanma. Səssiz qalmaq bir şey bilmədiyin anlamına gəlməz" kimi deyimlərdə insanı sanki daxildən tərbiyə etmə, onun həyat hikmətini anlatma kimi bir məqsəd dayanır. "Hər kəsi özünə bərabər hesab et. Kim olursa-olsun, bir insanı kiçiltmək ağılsızlıqdır" – deyən Rumi onu da yazırdı ki, "cəsarət ağıldan doğursa, cəsarətdir, savadsıqlıqdan gəlirsə, cəhalətdir". Saymaqla bitməyən bu müdrik ifadələrdə insan özünü tapır, haqqa qovuşur. Yol getdiyin insanın psixologiyasını, həyat mövqeyini sənə açıq-aydın göstərir. Odur ki, Mövlanə Cəlaləddin Rumi kimi böyük, müdrik insanların yazdıqlarını oxumalı, öyrənməli, hətta çətinə düşəndə söz mücrüsü bizə yol göstərən olmalıdır. Rumi böyüklüyü budur ki, bu gün onun adını daşıyan Mövlanə muzeyi bir ziyarətgahdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə