Hər il olduğu kimi, yenicə başladığımız 2022-ci ilimiz də ilk gündən uğurlu oldu. Ali Baş Komandanımız, Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etdi. 5 yanvar 2022-ci ildə isə Prezidentin 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında Sərəncamı ilə bu qərar hüquqi qüvvəyə mindi. Dövlət başçısı xalqa müraciətində bildirdi: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”. Bu qərar dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini fərəh, böyük qürur və iftixar hissi ilə doldurdu. Qeyd edim ki, Prezident İlham Əliyev 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhəri mədəniyyət paytaxtı elan edildi. Bunun ardınca, 2022-ci ilin Şuşa İli elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir.
44 günlük Vətən müharibəsi başladığı gündən rəşadətli ordumuzun ardıcıl qələbələrindən sonra hər kəs həyəcanla Şuşa xəbərini gözləyirdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyi milləti belə düşünməyə vadar edirdi. Hələ 2020-ci ilin oktyabr ayında, döyüşlərin qızğın getdiyi günlərdə Prezident İlham Əliyev xarici media nümayəndələrinə verdiyi müsahibə zamanı bu məsələyə toxunmuşdu: “Şuşasız bizim işimiz yarımçıq qalar”.
Bəli, məhz Vətən müharibəsinin 43-cü günündə millətin bu arzusu reallaşdı. 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi barədə Sərəncam imzaladı. 2022-ci ilin «Şuşa İli» elan olunması isə Azərbaycanın inkişafında yeni bir səhifə olacaq. İl təkcə Azərbaycanın dilbər guşələrindən biri olan Şuşanın adı ilə bağlı deyil, bu işğaldan azad edilən torpaqların bərpası deməkdir. Bu il artıq ilk məcburi köçkün ailələri öz dədə-baba torpaqlarına qayıdacaqlar. Ağdam və Cəbrayılla yanaşı digər rayon mərkəzlərinin də yeni planla əsası qoyulacaq. Kommunikasiyaların bərpası davam etdiriləcək. Bir çox kəndlərimizin, şəhərlərimizin əsası qoyulacaq və il ərzində onların artıq məşkunlaşdırılması baş verəcək. Şuşanın isə sözün əsl mənasında mədəniyyət paytaxtı kimi formalaşmasına dövlət böyük diqqət ayıracaq. Çünki Şuşa bizim kimliyimizdir, Şuşa bizim adımızdır və Şuşada beynəlxalq tədbirlərin, ilk növbədə mədəniyyət tədbirlərinin keçirilməsi geniş vüsət alacaq. Füzuli Beynəlxalq Aeroportunun işə salınması işğaldan azad olunan və bərpa edilən ərazilərlə yanaşı, Şuşa şəhərinin də turist marşrutlarına əlavə edilməsinə şərait yaradacaq. Həmçinin, bu il Şuşanın əsasının qoyulmasının 270 illik yubileyi tamam olur. Bunun özü Qarabağa, Şuşaya Azərbaycan xalqının bağlılığının növbəti bir göstəricisidir.
İllər öncə Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi.
28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə Xilaskar İlham Əliyev Şuşanı belə dəyərləndirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Bu gün isə Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Bugünkü Şuşanın yenidən qurulması isə İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
Odur ki, yenicə qədəm qoyduğumuz 2022-ci ilin “Şuşa İli” elan edilməsi xalqımız üçün çox əlamətdar hadisə olmaqla, həm də ölkəmizin uğurları daha da artacaq, xalqımızın inkişaf və intibahı sürətlənəcək. Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla bundan sonra da irəliləyəcək, ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlara imza atacaq.
FUAD HEYDƏRLİ,
YAP Səbail rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə