"Azərbaycan uzun illərdir balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdür" -ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda ABŞ ilə münasibətlərin siyasi, iqtisadi, enerji və müdafiə sahələrində yeni mərhələyə qədəm qoyduğunu bəyan etməsi yalnız ikitərəfli əlaqələrin inkişafı deyil, eyni zamanda Cənubi Qafqazda dəyişən geosiyasi konfiqurasiyanın mühüm göstəricisidir. Xüsusilə Strateji tərəfdaşlıq xartiyasının hazırlanması bu münasibətləri institusional və uzunmüddətli çərçivəyə salmaqla Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirir və çoxvektorlu xarici siyasətini gücləndirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan uzun illərdir balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdür: "ABŞ ilə strateji tərəfdaşlıq formatına keçid bu siyasətin alternativi deyil, əksinə onu möhkəmləndirən alət kimi çıxış edir. Bu yeni mərhələ Azərbaycan yalnız regional deyil, həm də qlobal güclərlə bərabər məsafəli əməkdaşlıq imkanlarını artırır, diplomatik manevr sahəsini genişləndirir və ölkəmizin qərarvermə prosesində asılılığını minimuma endirir.
Azərbaycanla strateji tərəfdaşlıq Vaşinqtona da regionda etibarlı dövlət aktoru ilə birbaşa əməkdaşlıq, enerji təhlükəsizliyi marşrutlarında aktiv iştirak və Orta Asiya–Xəzər–Cənubi Qafqaz xəttində təsir imkanlarını artırmaq imkanı verir. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın subyekt rolunu möhkəmləndirir, yəni Azərbaycan artıq regionun enerji və təhlükəsizlik gündəmini yalnız izləyən deyil, onu formalaşdıran tərəf kimi çıxış edir.
Enerji və iqtisadi sahədə isə yeni mərhələ ABŞ şirkətlərinin Azərbaycana marağını artırır. Strateji tərəfdaşlıq xartiyası sərmayə qoyuluşunu hüquqi və siyasi baxımdan təmin edərək, böyük həcmli investisiyaların qarşısındakı qeyri-müəyyənlikləri azalda bilər. Bu isə Azərbaycan üçün həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də iqtisadi suverenliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq texnologiya, müdafiə sənayesi və təhlükəsizlik koordinasiyası sahəsində imkanlar yaradır. Bu, hər hansı bloklaşmadan uzaq, balanslı və ölçülü yanaşmadır ki, Azərbaycanın regional mövqeyini gücləndirir.
Strateji tərəfdaşlıq həmçinin Azərbaycanın Qərb platformaları ilə əlaqələrinə də real, maraqlara əsaslanan çalar qatır. İnkişaf edən əməkdaşlıq siyasi təzyiq mexanizmi deyil, qarşılıqlı fayda prinsipi ilə həyata keçirilir və ölkənin beynəlxalq mövqelərini gücləndirir.
Ümumiləşdirərək qeyd edə bilərik ki, ABŞ ilə strateji tərəfdaşlıq xartiyası və münasibətlərin yeni mərhələyə keçməsi Azərbaycanın çoxvektorlu siyasətini zəiflətmir, əksinə dərinləşdirir. ABŞ-ın Cənubi Qafqazdakı rolunu daha real və maraqlara əsaslanan müstəviyə yönəldir; regional geosiyasi balansda Azərbaycanın müstəqil və təşəbbüskar mövqeyini möhkəmləndirir. Bu, Azərbaycanın qlobal güclərlə münasibətlərdə reaksiya verən deyil, gündəm formalaşdıran tərəf olduğunu bir daha təsdiqləyir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə