"Silahlı Qüvvələrimiz xalqımızın göz bəbəyi, qürur yerimizdir" - ŞƏRH EDİLDİ

"Silahlı Qüvvələr Gününü artıq bir neçə ildir ki, qalib millət və qalib dövlət olaraq böyük qürurla bayram edirik" . Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

O bildirib ki, ilk dəfə 26 iyun 1918-ci ildə milli ordunun yaradılmasına başlanıldı və qısa müddətdə böyük uğurlar əldə olundu. Cümhuriyyətin süqutundan sonra Azərbaycan hərbçilərinin böyük bir hissəsi 1920-ci ilin mayında Gəncə üsyanından sonra güllələndi, bir hissəsi isə sürgünə göndərildi. Azərbaycan diviziyasının yüksək rütbəli zabitləri isə 1920-ci illərin sonlarında repressiyalara məruz qaldılar.

Sovet dövründə Azərbaycanın Müdafiə Nazirliyi mövcud deyildi. Müdafiə, təhlükəsizlik və xarici siyasət sahələri birbaşa mərkəzi hökumətin – Moskvanın nəzarətində idi. Sovet rəhbərliyi azərbaycanlıları hərbi xidmətə çağırır, lakin əsasən ikinci dərəcəli batalyonlarda xidmət etməyə yönləndirirdi. Hərbi xidmətə çağırılan azərbaycanlıların təxminən yalnız 15 faizi döyüş hərbi hissələrində xidmət edə bilirdi. Bu ədalətsiz vəziyyəti ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev dəyişdi. Onun təşəbbüsü və ciddi səyləri nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı və bu, azərbaycanlı gənclərin peşəkar hərbi təhsil alması üçün mühüm mərhələ oldu. Buna nə qədər mane olmaq istəsələr də, Ulu Öndər Heydər Əliyev öz yolundan dönmədi. O zaman mərkəzdə deyirdilər ki, ölkənin müdafiəsi vahiddir, böyük şəhərlərdə artıq hərbi məktəblər mövcuddur, sizin kadrlarınız yoxdur və belə bir məktəb sizə lazım deyil. Lakin sonradan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətini qiymətləndirərkən, Ulu Öndər öz çıxışında dedi: “O zaman bizə deyirdilər ki, bu məktəb lazım deyil, yaradılmasına mane olurdular. Amma bizim nə qədər düzgün bir iş gördüyümüzü zaman göstərdi".

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ordu quruculuğuna başlansa da, bu proses dərhal mümkün olmadı. Ölkədə yalnız ayrı-ayrı silahlı dəstələr mövcud idi.

1993-cü ildə və daha sonra 2003-cü ildən etibarən ikinci dəfə hakimiyyətə gəldikdən sonra, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkəmizdə güclü ordu quruculuğu prosesinə start verildi və bu iş uğurla həyata keçirildi. Qısa müddət ərzində Azərbaycan Ordusu uğurlu Horadiz əməliyyatını uğurla reallaşdırdı və torpaqlarımız işğaldan azad edildi".

"1998-ci il mayın 22-də imzalanmış sərəncama əsasən, ölkəmizdə 26 İyun – Silahlı Qüvvələr Günü elan edilmişdir. Bu əlamətdar gün həm xalqımızın qəlbindən doğan, həm də dövlətimizin hərbi qüdrətini təcəssüm etdirən bir bayramdır. Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan, qanuni və legitim Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında şanlı əməliyyatlar həyata keçirərək torpaqlarımızı düşmən işğalından azad etdilər. Dövlət bayrağımız hər yerdə qürurla dalğalandırıldı. Müstəqillik illərində ardıcıl şəkildə dövlət bayrağımız ölkənin bütün ərazisində ucaldıldı və suverenliyimiz tam şəkildə təsdiqləndi. Silahlı Qüvvələrimiz xalqımızın göz bəbəyi, qürur yerimizdir"- deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə