"Silahlı Qüvvələr Gününü artıq bir neçə ildir ki, qalib millət və dövlət olaraq qürur hissi ilə bayram edirik" . Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O bildirib ki, ilk dəfə 26 iyun 1918-ci ildə milli ordunun yaradılmasına başlanıldı. Qısa müddətdə böyük uğurlar əldə edildi. Cümhuriyyətin süqutundan sonra Azərbaycan hərbçilərinin bir qismi 1920-ci ilin mayında Gəncə üsyanından sonra güllələndi, bir qismi isə sürgünə göndərildi. Azərbaycan diviziyasının yüksək rütbəli zabitləri 1920-ci illərin sonlarında repressiyalara məruz qaldılar.
Sovet dövründə Azərbaycanın Müdafiə Nazirliyi mövcud deyildi. Müdafiə, təhlükəsizlik və xarici siyasət məsələləri birbaşa Mərkəzi hökumətin nəzarətində idi. Çarizm dövründə azərbaycanlılar hərbi xidmətə çağırılmırdılar. Sovet dövründə isə azərbaycanlılar hərbi xidmətə çağırılır, lakin əsasən tikinti batalyonlarında xidmətə göndərilirdilər. Hərbi xidmətə çağırılan azərbaycanlıların təxminən 15 faizi döyüş hərbi hissələrində xidmət edirdi. Bu vəziyyəti ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev dəyişdi. Onun təşəbbüsü və ciddi səyləri nəticəsində Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış Hərbi Məktəb yaradıldı. Bu, azərbaycanlı gənclərin peşəkar hərbi təhsil almasında mühüm mərhələ oldu. Məktəbin yaradılmasına nə qədər mane olmaq istəsələr də, Ulu Öndər öz yolundan dönmədi. O zaman Mərkəzdə deyirdilər ki, ölkənin müdafiəsi vahiddir, böyük şəhərlərdə hərbi məktəblər vardır, sizin kadrlarınız yoxdur və belə bir məktəb sizə lazım deyildir. Lakin sonradan məktəbin 10 illiyi münasibətilə çıxışında Ulu Öndər bildirdi ki, bizə deyirdilər, bu məktəb lazım deyildir, amma bizim nə qədər düzgün bir iş gördüyümüzü zaman göstərdi.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ordu quruculuğuna başlansa da, bu proses ağrılı oldu. Ölkədə yalnız ayrı-ayrı silahlı dəstələr mövcud idi.
1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Ulu Öndər Heydər Əliyevin ölkəmizdə güclü ordu quruculuğuna başladı. Qısa müddət ərzində Azərbaycan Ordusu uğurlu Horadiz əməliyyatını həyata keçirdi və torpaqlarımızın bir hissəsi düşmən işğalından azad edildi.
2003-cü ildən sonra ordu quruculuğuna xüsusi diqqət yetirildi. “Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlər nəticəsində ərazilərimizdən düşməni qovdu, diz çökdürdü, separatizmin kökünü kəsdi, dövlət suverenliyimiz tam bərqərar edildi. Millətimizin bağrından çıxan Silahlı Qüvvələrimiz göz bəbəyimiz, qürur yerimizdir"- deyə o, əlavə edib.