"31 dekabr Azərbaycan xalqının milli şüurunda birləşmənin günüdür" - ŞƏRH EDİLDİ

"Dünya Azərbaycanlılarının Həmrəylik Günü 1989-cu ilin dekabrın 31-də Naxçıvan Muxtar Respublikası istiqamətində sərhəddə dirəklərin aşılması, məhz Şimalla Cənub arasında birləşməni özündə ehtiva edən bir gündür. Bu, əlamətdar gündür". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Təbii ki, Yeni il olması, həm də Həmrəylik Gününün birgə olması 50 milyondan artıq azərbaycanlının birliyidir: "Bu istiqamətdə Azərbaycan Diasporası da fəal şəkildə işləməli, 31 dekabr Yeni ildən istifadə edərək azərbaycanlıların bir araya gəlməsində mühüm işlər həyata keçirilməlidir. Həm Avropada, həm Amerikada, həm Asiyada, dünyanın istənilən ölkəsində bizim diplomatik korpuslarımız, diasporamız var. Bu istiqamətdə işlər həyata keçirilməlidir. Təbii ki, 31 dekabr Azərbaycan xalqının milli şüurunda birləşmənin günüdür. Bir daha Azərbaycan xalqının Güney Azərbaycanda 40 milyona yaxın soydaşı olduğunu və onlarla birlik, həmrəylik nümayiş etdirdiyi gündür.

31 dekabr təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar üçün deyil, dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların milli birliyinin simvoludur. Azərbaycan hökuməti bu istiqamətdə çox işlər görür. Dünya azərbaycanlılarının bir neçə dəfə qurultayı keçirilib, Diaspora Komitəsi bu istiqamətdə işlər həyata keçirib. Siyasətdən çox uğurlu bir gündür. Dünyada tək-tək xalqlar var ki, onların həmrəylik günü var, onların ən öncülü azərbaycanlılardır. Çox təəssüf ki, Azərbaycanda obyektiv və subyektiv səbəblərə görə ərazisi, xalq olaraq parçalanıb, müxtəlif ölkələrin ərazisində yaşayırlar. Amma buna baxmayaraq yenə də milli həmrəyliklərini qoruyublar. Azərbaycan Respublikasında 86,6 min kvadrat kilometr ərazidə 10 milyon olan azərbaycanlılar məhz 50 milyondan artıq azərbaycanlıları təmsil edirlər. 114 min kvadrat kilometr ərazidə və 40 milyona yaxın azərbaycanlı bu gün İran adlanan dövlətin ərazisindədir. Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar siyasi cəhətdən bütün azərbaycanlıları bu gün milli birliyə dəvət ediblər. Bu hər bir azərbaycanlının yaddaşında qalır və bundan sonra da gələcəkdə daha da mütəşəkkil şəkildə birləşməsinə vəsilə ola bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə