“Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ

“Heydər Əliyev Fondu Ümummilli Lider Heydər Əliyevin ideyalarını təbliğ etmək, Onun qurduğu Azərbaycan dövlətində humanizmi yaşatmaq, sosial layihələri həyata keçirmək, dövlətimizi dünyada layiqincə təmsil etmək, mədəniyyətimizi, incəsənətimizi, elmimizi təbliğ etmək məqsədilə yaranmış və yarandığı gündən bu ideyalara sadiq qalmış ölkəmizdəki ən nüfuzlu qurumlardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu deyiləndə ilk növbədə humanizm, sosial tərəfdaşlıq yada düşür: “Şübhəsiz ki, Heydər Əliyev Fondunun yaranması, təşkilatlanması və güclənməsi Fondun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məhz Mehriban xanımın yaratdığı bu Fond qısa müddət ərzində Azərbaycan vətəndaşlarının böyük bir hissəsinin ümid yerinə çevrildi. Fonda edilən müraciətlərin heç biri cavabsız qalmadı. Heydər Əliyev Fondu bir-birinin ardınca müxtəlif xarakterli və geniş miqyaslı məqsədlərə xidmət edən layihələr həyata keçirdi. Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi, təhsili, müalicəsi, tərbiyəsi və gələcəyinin xoşbəxt qurulması üçün ictimai-fəal həyata atılarkən onlara dəstək verilməsi, ev ilə təmin olunması və s. böyük bir missiyanın tərkib hissəsidir. Ciddi xəstəliyi olan uşaqların müalicəsi, peyvəndlənməsi, ölkədə ilk dəfə Talassemiya Mərkəzinin yaradılması məhz Heydər Əliyev Fondunun sosial və tibbi sahədə missiyasının bir hissəsi idi”.

Deputat sözlərinə davam edərək bildirib ki, Heydər Əliyev Fondu təhsil sahəsində də böyük işlər görüb: “Azərbaycanda məktəblərin tikilməsi, uşaq bağçalarının açılması, təhsilə əlçatanlığın təmin edilməsində maliyyə dəstəyinin göstərilməsi, qabaqcıl və bilikli gənclərin seçilib, ölkədən kənarda təhsilini davam etdirməsinə göstərilən dəstək də Fondun tarixində şərəfli bir səhifədir.

Biz bu günlərdə Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində konsertin iştirakçıları olduq. Maraqlı idi ki, məhz Heydər Əliyev Fondunun dəstəyilə öz arzularına çatmış, musiqi və incəsənət sahəsində böyük uğurlar qazanmış, dünyada tanınmış sənətkarlara çevrilmiş şəxslər o konsertin həm iştirakçıları, həm təşkilatçıları olan gənclər idi. Heydər Əliyev Fondunun ardıcıl fəaliyyəti nəticəsində bizim tar musiqimiz, muğamımız, xalçalarımız, qeyri-maddi və mədəni irsimiz dünya səviyyəsində təbliğ olunub və Azərbaycan brendi kimi tarixə düşüb. Heydər Əliyev Fondunun keçirdiyi muğam müsabiqəsi ölkəmizdə xeyli sayda istedadlı gənclərin ortaya çıxmasına, sənətkar kimi yetişməsinə səbəb oldu. Dini tolerantlıq və multikulturalizm sahəsində Heydər Əliyev Fondunun həm ölkə daxilində, həm də xaricdə apardığı işlər də olduqca əhəmiyyətli bir missiya idi. Əslində bu missiya Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliği, eyni zamanda Azərbaycanın dünyada mədəni, tolerant, savadlı və humanist insanların yaşadığı ölkə kimi tanıdılması idi”.

“Heydər Əliyev Fondunun müxtəlif istiqamətlərdə gördüyü işlərin bir hissəsi də məhz Fondun Birinci vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası idi. Məhz bu kampaniya çərçivəsində dünyanın 10-dan çox dövləti və ABŞ-nin 22-i ştatı Xocalı soyqırımını tanıdı. Şübhəsiz ki, 44 günlük müharibə və ondan sonra şəhid ailələrinin, qazilərin, psixoloji travma almış mülki və hərbi şəxslərin reabilitasiya olunmasında, onların sosial müdafiəsinin təmin olunmasında Heydər Əliyev Fondunun tarixi rolu oldu. Heydər Əliyev Fondu Azərbaycan cəmiyyətinin ən çox güvəndiyi və arxalandığı bir ünvandır, hansı ki 20 ildir dövlətimizə ləyaqətlə xidmət edir. Fondun yaranmasının 20 illiyi münasibətilə başda Mehriban xanım Əliyeva olmaqla, onun bütün əməkdaşlarını ürəkdən təbrik edirəm, gələcək fəaliyyətlərində yeni uğurlar arzu edirəm. Düşünürəm ki, Heydər Əliyev Fondu gözəl bir Azərbaycan nümunəsi kimi tarixdə qalacaq”,- deyə komitə sədri əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə