"Jurnalistlərin media reyestrinə daxil olması yaxşı bir göstəricidir" - JEM SƏDRİ ŞƏRH ETDİ

"Media subyektlərinin, jurnalistlərin media reyestrinə daxil olması yaxşı bir göstəricidir". Bu fikirləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, çünki bunun əsasında bir müəyyənlik yaranır: "Saytlar necə olur, jurnalistlər kimdir, gələcəkdə həyata keçiriləcək layihələrdə saytların və jurnalistlərin müəyyənləşdirilməsi asanlaşır. Jurnalistlərin sosial rifahının yaxşılaşdırılması ilə bağlı Azərbaycanda çox böyük işlər görülüb və bundan sonra da görüləcək. Jurnalistlər əziyyət çəkən təbəqədəndir. Bəlkə də dünyada ən əziyyətli işdir jurnalistika. Onları bəzən səhhətlərində də tez-tez problemlər yaranır. Çünki onlar gərgin şəraitdə çalışırlar. Bütün gün xəbərin, informasiyanın əldə olunması ilə məşğul olurlar. Ona görə də bunlara nəzərən dövlət jurnalistlərə böyük güzəştlər edib. Bu günə qədər də çox güzəştlər olunub ki, media orqanlarının nəşriyyata olan borcları bağlanılıb, birdəfəlik yardımlar olunub. Hazırda Media Agentliyi saytlara və qəzetlərə layihə şəklində dəstək göstərir. Bütün bunlar tənzimlənməlidir, bir yerə toplanmalıdır. Bu, əslində, gözəl layihədir. Məlum olacaq ki, hansı saytlar var, fəaliyyət göstərir. Reyestrə girməmək də olar. Bu da bir seçimdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə