Milli mənlik şüurunun, vətənpərlik hissinin inkişaf etdirilməsi prioritetdir - TƏHLİL
Milli mənlik şüurunun formalaşdırılması ilk növbədə vətənpərvərlik hissinin inkişafına gətirib çıxarır. Vətənpərlik hissi də öz növbəsində milli maraqların, dövlətçiliyin, suverenliyin, müstəqilliyin, ərazi bütövlüyünün, milli dəyərlərin mühafizəsinə, qorunmasına ən böyük zəminin yaranması deməkdir. Çünki milli mənlik şüuru və vətənpərlik hissi olan və getdikcə də inkişaf edən, formalaşan gənclər doğulduğu torpağın, mənsub olduğu xalqa məxsus olan dəyərlərin qədrini bilməyi, onları qorumağı özünə mənəvi borc hesab edir. Deməli, məhz milli mənlik şüurunun formalaşdırılması və vətənpərlik hissinin inkişaf etdirilməsi prioritet məsələdir və dövlətimizin bu məsələyə xüsusi diqqət ayırması tamamilə məntiqidir.
İstər 2016-cı ilin Aprel Döyüşləri zamanı, istər 2020-ci ilin iyulunda ermənilər tərəfindən törədilən təxribatlar zamanı, istərsə də 44 günlük Vətən müharibəsində məhz gənclərimizin igidlik, mübarizlik göstərməsi gənclərimizin milli mənlik şüurunun, vətənpərvərlik hissinin formalaşmasının, inkişaf etməsinin təsdiqidir. Gənclərimizin hərbi komissarlıqların qarşısında könüllü şəkildə toplanması, könüllü olaraq cəbhəyə getmək istədiklərini israrla bildirmələri özü də vətənpərlik hissinin yüksək səviyyədə olduğunu isbatlayır. Şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsində iştirak edən veteranlarımızın canlarını vətən, torpaq uğrunda fəda etmələri, torpaqlarımızın işğaldan azad olunması üçün tərəddüd belə etmədən döyüşə atılmaları deyilənləri təsdiq edir və bütün bunlar Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin güclü olduğunu, milli mənlik şüurunun kifayət qədər formalaşdığını bir daha göstərir.
Etiraf etmək lazımdır ki, haqqında qeyd olunan qələbələrimiz, zəfərimiz, torpaqlarımızın işğal azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, dəyərlərimizə sahib çıxılması məhz milli mənlik şüurunun lazımınca formalaşması, vətənpərlik hissinin inkişaf etməsi istiqamətində dövlətimizin apardığı məqsədyönlü siyasətin, özü də doğru istiqamətdə aparılan siyasətin məntiqi nəticəsidir. Əks halda, yəni, milli mənlik şüurunun formalaşdırılması, vətənpərvərlik hissinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü və doğru siyasət aparılmasına xüsusi həssaslıqla yanaşılmasaydı əsrin üçdə birinə yaxın dövr ərzində işğal altında qalan torpaqların işğaldan azad edilməsi üçün həmin torpaqları heç görməyən, həmin torpaqlarda bu vaxta qədər məskunlaşmayan gənclər canlarından, qanlarından keçməyə hazır olduqlarını belə bildirməzdilər. Məhz milli mənlik şurunun cəmiyyətimizdə lazımınca formalaşdırılması, eləcə də vətənpərvəlik hissinin inkişaf etdirilməsi nəticədə, bizi qələbələrə apardı, uğura imza atdırdı, milli və mənəvi dəyərlərimizə sahib çıxardı. Ona görə də əminliklə və cəsarətlə deyə bilərik ki, bu vaxta qədər olduğu kimi, bundan sonra da milli mənlik şüurunun förmalaşdırılması, vətənpərvərlik hissinin inkişaf etdirilməsi prioritet olaraq qəbul edilməlidir. Prioritet olaraq qəbul edilməlidir ki, ölkəmizin, xalqımızın gələcəyi, milli və mənəvi dəyərlərimiz bundan sonra da, gələcəkdə də etibarlı əllərdə olsun. Bunun üçün həmin məsələlərə, milli mənlik şüurunun lazımi səviyyədə formalaşmasına, vətənpərlik hissinin inkişaf etməsinə bundan sonra da daha diqqətlə və daha həssas yanaşmaq gərəkir. Ailələrdə, uşaq baxçalarında, məktəblərdə, ali məktəblərdə, ümumiyyətlə, təhsil ocaqlarında gənclərimizdə bundan sonra da məhz vətənpərlik hissi aşılanmalıdır, milli mənlik şüurunun formalaşdırılmasına yenə də davamlı şəkildə diqqət ayrılmalıdır. Məsələn, qəhrəman, vətənpərvər gənclərimiz haqqında irimiqyaslı bədii və sənədli filmlərin çəkilməsi, həmin filmlərin göstərilməsi milli mənlik şüurunun daha da yaxşı formalaşması, vətənpərlik hissinin daha güclü şəkildə inkişaf etməsi baxımından əvəzsizdir. Çünki uşaq və gənclərimiz belə filmlərə baxdıqca onlarda vətən, xalq sevgisi, torpaqlarımıza bağlılıq və dəyərlərimizə sahib çıxmaq kimi hislərin daha dərindən formalaşacağı təkzib edilə bilməz. Həmçinin, uşaq və gənclərimizin iştirakı ilə vətənpərvərlik mövzusunda görüşlər keçirmək, həmin görüşlərə döyüşlərdə iştirak edən qailərimiz də daxil olmaqla qonaqlar dəvət etmək, mühazirələr təşkil etmək, vətənpərvərliklə əlaqədar maarifləndirmə işlərini genişləndirmək haqqında qeyd olunan istiqamətdə yaxşı nəticələr vəd edir.
Xüsusilə vurğulamaq yerinə düşərdi ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, el-obaya hörmət, soykökə, ata-babaların ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına hər zaman, tarix boyu böyük məsuliyyətlə yanaşıb. Xalqımız sadalanan dəyərlərə həyati əhəmiyyətli məsələ kimi yanaşıb və Azərbaycanda ailələr öz övladlarını vətənpərlik ruhunda, qəhrəmanlıq ruhunda tərbiyə etməyə ən önəmli məsələ kimi baxıblar və bu ənənə indi də davam edir. Bu baxımdan da məhz torpaqlarımızın işğaldan azad edilməsi zamanı, daha dəqiq desək, 44 günlük müharibədə döyüş zamanı gənclərimizin fədakarcasına qəhrəmanlıq göstərmələri heç də təsadüfi sayıla bilməz. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, hansıki bu hislər də məhz xalqımızın öz ailələrində aşıladıqlarının sayəsində yaranıbdır. Deməli, milli mənlik şüuru və vətənpərlik hissinin inkişaf etdirilməsi istiqamətində təkcə dövlətimizin apardığı siyasət deyil, eləcə də ailələrdə uşaq və gənclərə verilən tərbiyə də önəmlidir. Bu isə onu deməyə əsas verir ki, ümumiyyətlə, milli mənlik şüurunun, vətənpərlik hissinin inkişaf etdirilməsi hər zaman və hər məqamda prioritet olaraq qəbul edilməkdədir.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, deyə bəyan edən Ulu Öndər Heydər Əliyevin bu kəlamı bizim hər birimiz üçün örnəkdir. Bəli, dünyanın bütün azərbaycanlıları üçün milli mənsubiyyət qürur mənbəyi olmalıdır və biz azərbaycanlılar hər birimiz məhz azərbaycanlı olmağımızla fəxr etməliyik, edirik də. Tarix boyu Cavanşir, Şah İsmayıl Xətai kimi qəhrəman, cəsur hökmdarları, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igidləri, eləcə də şəhid, milli qəhrəman Mübariz İbrahimovun, Polad Həşimovun timsalında rəşadətli hərbçiləri ilə tanınan xalqın nümayəndəsi olmaq qürurludur və azərbaycanlı olduğumuza görə fəxr etməyə haqqımız çatır. Bəli, milli mənlik şüuru, vətənpərvərlik hissi ilə uğurlara, qələbələrə, zəfərə imza atan xalqın qürur hissi keçirməyə mənəvi haqqı var. Biz davamlı olaraq qürur hissi ilə yaşamaq üçün bundan sonra da eyni qaydada milli mənlik şüurunun formalaşmasına, vətənpərlik hissinin daha da inkişaf etdirilməsinə həssas yanaşmalıyıq və bu da onu deməyə əsas verir ki, milli mənlik şüurunun, vətənpərlik hissinin inkişaf etdirilməsi prioritetdir.
Müəllif: İnam Hacıyev
6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə