“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr. Vüsal Cəfərovu təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı, uşaqlara mehribanlıqla yanaşan Dr. Vüsal Cəfərovu təqdim edirik. SİA xəbər verir ki, o, yüksək ixtisası, beynəlxalq təcrübəsi, diqqətli yanaşması və insani münasibəti ilə valideynlərin və balaca pasiyentlərin güvənini qazanıb.

Təhsilə və inkişafa sadiq yol

Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, 2011-2016-cı illərdə Türkiyənin nüfuzlu İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır. Bu illər ərzində qazandığı bilik və bacarıqlar, onun Azərbaycanda uşaq cərrahiyyəsi sahəsində qabaqcıl mütəxəssislərdən birinə çevrilməsinə zəmin yaradıb. 2014-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı və uşaq uroloqu kimi çalışan həkim, 2022-ci ildən Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi kimi fəaliyyət göstərir.

Peşəkar fəaliyyət –uşaqlara böyük qayğı

Dr. Vüsal Cəfərov anadangəlmə inkişaf qüsurları, həzm və sidik-cinsiyyət sistemi anomaliyaları, diafraqma yırtıqları, qida borusu və bağırsaq atreziyaları, Hirşprung xəstəliyi, mekonium keçməməzliyi, nekrotizian enterokolit, pilor stenozu, bağırsaq burulmaları, uşaqlarda yırtıqlar və travmalar daxil olmaqla çoxsaylı mürəkkəb xəstəliklərin cərrahi müalicəsini həyata keçirir. Onun fəaliyyəti həm də təcili tibbi halların – appendisit, yad cismin udulması və ya tənəffüs yollarına düşməsi, xaya və yumurtalıq burulmaları, boğulmuş yırtıqların operativ müdaxilə ilə müalicəsini də əhatə edir.

Elm, beynəlxalq təcrübə və innovasiya

Dr. Vüsal Cəfərov öz sahəsinin yeniliklərini daim izləyir, biliklərini beynəlxalq konfrans və elmi tədbirlərdə təkmilləşdirir. O, 2016-cı ildə Şimali Kiprdə, 2018-ci ildə İzmirdə, 2019-cu ildə Dohada, 2021-ci ildə İstanbulda və 2022-ci ildə Praqada keçirilən beynəlxalq uşaq cərrahiyyəsi konqreslərində iştirak etmişdir. Həmçinin, 2023-cü ildə Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü və həmin dərnəyin 40-cı ildönümünə həsr olunmuş 40-cı Milli Uşaq Cərrahiyyəsi Konqresində iştirak etmişdir. Vüsal həkim 2025-ci ildə Avropa Uşaq Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi Avropa Uşaq Cərrahiyyəsi “Board” imtahanını uğurla keçərək beynəlxalq səviyyədə tanınan sertifikata layiq görülmüşdür. Bu nailiyyət onun sahəsindəki yüksək ixtisasını və peşəkarlığını daha da təsdiq edir.

Onun elmi fəaliyyəti də diqqətəlayiqdir. “Xayanın xayalıqdan kənar yerləşməsi” adlı məqaləsi 2019-cu ildə “Elsevier” nəşriyyatına daxil olan “Journal of Pediatric Surgery Case Reports” jurnalında dərc olunub.
Beynəlxalq və yerli nüfuz

Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin, Türk Hipospadiya Dərnəyinin və Avropa Uşaq Cərrahiyyəsi Cəmiyyətinin üzvüdür. 2025-ci ildə Azərbaycan Respublikası Gömrük işini aparan İcra Hakimiyyəti Orqanının Fəxri Fərmanı ilə təltif olunub. Balaca ürəklərə böyük sevgi

Dr. Vüsal Cəfərovun uşaqlara olan münasibəti, empatiya və diqqəti onu fərqləndirir. Onun qəbuluna gələn hər bir ailə öz uşağını etibar edə biləcəyi güvənli bir həkimlə qarşılaşır. Həkimə yönələn minnətdarlıq dolu baxışlar, valideynlərin rahat nəfəsi və uşaqların yenidən gülümsəyən siması onun fəaliyyətinin ən böyük qiymətidir.

Dr. Vüsal Cəfərovun qəbuluna yazılmaq üçün:
(012) 404-08-08
Ətraflı məlumat üçün: https://customshospital.az/vusal-ceferov/

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə