Uşağı həddən artıq strukturlaşdırmağa cəhd etməyin - TƏHSİL EKSPERTİ AÇIQLADI

“Uşaqlar təbiətən hər şey ilə maraqlanırlar və onlar ətraflarını araşdırmaq istəyirlər. Onlar üçün hər şey yenidir və ətrafda böyük bir dünya var, odur ki, valideynlər buna mane olmamalıdırlar. Valideynlər uşağın tam təhlükəsizliyini təmin etməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, uşağı həddən artıq strukturlaşdırmağa cəhd etməyin: “Lakin öyrənmək üçün bir çox imkanlar, məsələn, uşağa nəğmə oxumaq, kitab oxumaq, uşağı gəzintiyə götürmək – bax orada ağacdır, orada isə it var, maşın var, ev var.
Odur ki, bu cür şeylər çoxdur, lakin siz uşağa müdaxilə etməyin, çünki uşaqlar təbiətən hər şey ilə çox maraqlanırlar. Azyaşlı bir uşağı çaşdırmamaq üçün ardıcıllığın olması vacibdir. Ona görə də, bəzən bir valideyn ilə bir dildə danışmaq özünü doğruldur. Bəzən isə, bir fəaliyyətlə və bir dil yanaşması özünü doğruldur. Amma nəticədə uşaqlar özləri bunu ayırd edəcəklər və hər iki dili müvafiq şəkildə istifadə edəcəklər”.

Kamran Əsədov sözlərinə belə davam edib: “Həyatlarının ilk illərində uşaqlar həssas qayğıya ehtiyac duyurlar. Onlara qayğıkeş mühit lazımdır. Onlara balaca uşağa köklənmiş valideynlər lazımdır. Valideynlər körpələrinin ilk müəllimləridir.

Valideynlər uşaqla danışanda, ona nəğmə, kitab oxuyanda, bu kimi stimullaşdırıcı təcrübələri yaradanda, öyrənmənin çiçəklənməsi baş verir – bütün bu şəbəkələr beyində inkişaf edir. Uşağın həyatının çox erkən illərində öyrənmənin bu təməlləri kritik əhəmiyyət təşkil edir, çünki onlar, həyat boyu öyrənmənin əsaslarını formalaşdırır.

Valideynlər övladına bütün bunları təmin edərlərsə, uşağın beyni inkişaf edəcək və olğunlaşacaq və uşaqlarımızdan istədiyimiz bütün potensialı həyata keçirəcək.

Valideyn,övladının təhsil prosesinə cəlb olunduğu zaman, şagirdin daha yüksək akademik davamiyyəti, həmçinin imtahanlarda və testlərdə daha yaxşı nəticəsi olur. Eyni zamanda, fəallıq göstəriciləri yaxşılaşır, şagirdin sosial bacarıqları inkişaf edir, onun hərəkətləri həm evdə, həm də məktəbdə pozitiv olur. Bunlar, şagirdlərə həm məktəbdə tədris müddətində, həm də gələcək iş fəaliyyəti prosesində təsir göstərən ən əhəmiyyətli amillərdir”.

“Valideynlərin cəlb olunması” termininin mənası – həm evdə, həm də məktəbdə şagirdlərin nailiyyətləri və təhsillərinin yaxşılaşdırılması üçün, valideynlər və müəllimlər tərəfindən birlikdə və sonsuz daşınan məsuliyyətdir. O, şagirdlərin akademik nailiyyətlərinin yaxşılaşdırılmasına vahid güclə kömək etmək üçün valideynləri və müəllimləri birləşdirir. “Valideynlərin cəlb olunması” valideynlərin bir qayda olaraq hərtəfərli əlaqələrdə, şagirdin təhsil prosesində və məktəbdə keçirilən müxtəlif tədbirlərdə iştirak etməsi deməkdir. Bu zaman:

• Valideynlər, övladlarının təhsil prosesində əhəmiyyətli rol oynayırlar;
• Valideynlər məktəb tərəfindən planlaşdırılan tədbirlərdə iştirak edirlər;
• Valideynlər, övladlarının təhsil prosesinə tam hüquqlu tərəfdaş olaraq cəlb olunurlar. Onlar, uşaqların təhsili haqqında qərarların qəbul edilməsində də iştirak edirlər. “Valideynlərin cəlb olunması” valideynlər üçün aşağıdakıları ifadə edə bilər:
• İmkan daxilində məktəbin tədbirlərində daha çox iştirak etmək;
• Uşaq tərəfindən yaxşı yerinə yetirilmiş tapşırığın valideyn tərəfindən tərifləməsi və uşağın həvəsləndirilməsi;
• Məktəb üçün real tələblərin təyin olunması;
• Müəllimlərlə daimi görüşlərdə iştirak etmək və şagirdlərin inkişafını müzakirə etmək;
• Ev tapşırıqlarının yerinə yetirilməsində şagirdlərə kömək etmək; Direktorlar və müəllimlər üçün valideynlərin məktəb həyatına cəlb edilməsi aşağıdakıları ifadə edə bilər:
• Valideynlərin övladlarının inkişafı ilə bağlı müvafiq məlumatlarla təmin olunması;
• Valideynlərə məktəbdə keçirilən tədbirlər haqqında məlumat verilməsi;
• Şagirdlərin inkişafını müzakirə etmək məqsədi ilə daimi görüşlərin təşkil edilməsi.

Valideynlərin məktəb həyatına cəlb edilməsinin şagirdlərin uğur qazanması üçün xüsusi əhəmiyyəti var. Ailənin sosial-iqtisadi vəziyyətinin necə olmasından asılı olmayaraq, valideynin övladının təhsil prosesində iştirak etməsini şagirdin inkişafına böyük təsir göstərir. Tədqiqatlara əsasən, valideynləri tədris prosesində fəal olaraq iştirak edən şagirdlər daha yaxşı nəticələr əldə edirlər. Onlar, daha yaxşı qiymətlər alır, daha yüksək akademik nailiyyətlərə sahibdirlər, ev tapşırıqları daha keyfiyyətli şəkildə yerinə yetirilmiş olur. Onların davamiyyət göstəriciləri daha yüksəkdir və onlar pozitiv hərəkətləri ilə fərqlənirlər. Məktəbə qarşı daim xoş əhval-ruhiyyədə olurlar. Özlərinə və imkanlarına inamları var. Vaideynlərin cəlb edilməsi tədris müəssisələri tərəfindən də müsbət qiymətləndirilir. Tədris prosesində valideynlərin fəallığı məktəb mədəniyyətini zənginləşdirir və onun inkişafına kömək edir. Belə ki, daha yaxşı nəticələrə çatmaq üçün məktəb və müəllim valideynlərlə fəal əməkdaşlıqda maraqlı tərəf olmalıdır”.

“Valideynlər uşağın təhsil prosesinə cəlb olunan zaman, ailənin sosialiqtisadi vəziyyətinin, etnik mənsubiyyətinin, valideynlərin təhsil səviyyəsinin necə olmasından asılı olmayaraq şagirdlər daha böyük nailiyyətlər əldə edirlər.
• Valideyini təhsil prosesinə cəlb edilmiş şagird, məktəbi daha uğurla bitirir, onun təhsilini davam etdirməsi üçün daha yaxşı imkanları və şərtləri olur;
• Statistik məlumatlara əsasən, əgər valideynin müəllimlərlə əlaqəsi yoxdursa və o, məktəbdə baş verən hadisələrlə maraqlanmırsa, onun uşağının akademik göstəriciləri başqa uşaqların akademik göstəricilərindən daha aşağı olur;
• Valideynlərin məktəb həyatına cəlb olunduqları zaman, şagirdlər məktəbə qarşı daha xoş münasibət bəsləyirlər və onların özlərinə və imkanlarına olan inancları daha yüksəkdir;
• Valideynləri məktəb həyatına fəal olaraq cəlb olunmuş şagirdlər nümunəvi hərəkətləri ilə seçilir və onlara qarşı tətbiq edilmiş intizam sanksiyalarının orta göstəricisi də digər şagirdlərlə müqayisədə daha aşağıdır;
• Məktəb həyatında fəal olaraq iştirak edən valideynlərin uşaqlarının müəllimlərlə və ailə üzvləri ilə daha yaxşı münasibəti olur.
Valideynlərin təhsil prosesinə cəlb edilməsi həm şagirdin nəticələrinin yaxşılaşdırılması üçün, həm də valideynin bacarıq və vərdişlərinin inkişafı üçün vacibdir. Bununla valideynin sosial, emosional və şəxsi xüsusiyyətləri dəyişir. Övladının təhsil prosesində iştirak etməklə valideyn:
• Öz övladına qarşı daha anlayışlı olur;
• Uşağın sosial, emosional və intelektual inkişafı üçün daha çox diqqət ayırır;
• Övladına qarşı daha qayğıkeş, daha az sərt olur və övladının nailiyyətlərini daha çox qiymətləndirir;
• Daha çox özünəinamlı olur və uşağın təhsil və tərbiyə prosesinə məmnumiyyətlə qoşulur
• Qərar qəbul edərkən özünə daha çox inanır;
• Öz bilik səviyyəsinin, bacarıq və vərdişlərinin yüksəlməsinə daha çox diqqət edir;
• Öz ailəsinin və övladının ehtiyaclarını qarşılaya bilmək üçün müxtəlif imkanlardan daha bacarıqla istifadə edir;
• Övladına öz fikirlərini və problemlərini daha dəqiq, daha tam söyləmək imkanı verir. Övladının müəllimləri ilə daha pozitiv əlaqələr yaradır;
• Uşağın vəziyyəti haqqında daha dəqiq məlumat əldə edir və onun problemlərini həll etmək üçün vaxtında ölçülər götürür

Bəzi valideynlər uşaqlarından birinin mütəmadi olaraq dərsləri ilə məşğul olduğunu, onu dərslərinə qarşı məsuliyyətli olması mövzusunda heç bir zaman xəbərdar etmək məcburiyyətində qalmadıqlarını, lakin digər uşaqlarının dərslə məşğul olmaları üçün xüsusi bir əmək sərf etmək məcburiyyətində qaldıqlarını söyləyirlər. Əslində iki övladın dərslə məşğul olması arasındakı fərqliliyin səbəbi motivasiyadır.
Məktəb dövrü maraqlı və yadda qalan olduğu qədər, həm də uzun və çətin bir prosesdir. Dərslərini vaxtlı-vaxtında, məsuliyyətlə yerinə yetirmək kimi bir işlə illərlə mütəmadi şəkildə məşğul olmaq heç də asan deyil. Bunun üçün yüksək motivasiyaya sahib olmaq lazımdır. Motivasiyası güclü olan şagirdlərin valideynləri şanslı hesab edilə bilər. Çünki övladları ilə mütəmadi olaraq dərslə məşğul olmaq mövzusunda mübahisə etmək məcburiyyətində qalmırlar. Təbii ki, daxili motivasiyaya malik şagirdlərin də bəzən motivasiyası düşə bilər. Xüsusilə də istədikləri nailiyyəti əldə edə bilməyəndə öyrənmə istəkləri azala bilir. Lakin bu vəziyyət uzun çəkmir və doğru bir yanaşma ilə yenidən motivasiyanı yüksəltmək mümkün olur. Bəzən də yüksək motivasiyaya sahib şagirdlərin imtahan qayğısı motivasiyanı aşağı sala bilər. Belə hallarda valideynlərin övladları ilə xüsusi söhbətlər etməsi, onların bu qayğılarını azaltması tövsiyə edilir. Bir çox hallarda valideynlər əksinə olaraq övladlarının qayğılarını daha da artırmış olur.

Övladı xarici motivasiyaya ehtiyacı olan valideynlərin işinin daha çətin olduğunu söyləmək mümkündür. Bu halda uşaq adətən öz istəyi ilə dərsi ilə məşğul olmur, olsa belə, bir müddət sonra valideynin yanına gələrək “dərslərimi öyrənib bitirdim” deyir. Bir gün dərslə məşğul olub 3-4 gün kitab açmaq istəmir. Valideyn isə mütəmadi olaraq övladına “dərslərinlə məşğul ol” deməkdən bezir. Lakin işlərin daha da pisləşdiyini görüncə valideyn olaraq dözə bilməyib övladının dərs ilə məşğul olması üçün yenə də cəhd etməyə davam edir. Böyük bir ümidlə uşağın öz qərarı ilə həvəsli şəkildə dərsi ilə məşğul olmasını gözləyir.

Şagirdlər ilə keçirilən görüşlər nəticəsində bunu anlamaq olur ki, valideynlərin uşaqlarının dərs oxuması üçün yaxşı niyyətlə etdiyi bəzi cəhdlər uşaqlarının motivasiyasını nəinki artırmır, hətta onun daha da aşağı düşməsinə səbəb olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə