"Məktəblərdə təhsil avtobusu olması məqsədəuyğundur" - MÜNASİBƏT BİLDİRİLDİ

“Kəndlərdə olan məktəblərdə təhsil avtobusu yəni, nəqliyyat servis xidmətinin yaranması əlbəttə ki məqsədəuyğundur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Çünki bilirsiniz, bizdə məktəbəqədər təhsil istiqamətində hələ də istədiyimiz məqsədə, hədəfə çata bilməmişik. Yəni, deyək ki ölkədə məktəbəqədər təhsil istiqamətində məsələn 150 min şagird var, amma onlardan cəmi 90-100 minini prosesə cəlb edə bilirik, qalanlarını cəlb edə bilmirik. Bunun da təbii fərqli səbəbləri var. Məsələn, ilk növbədə deyərdim ki bölgələrdə şagirdlər konkret mərkəzə daşınma problemi var. Onların aparılıb gətirilməsi və s. O nöqteyi-nəzərdən məhz regional bölmələrdə məhz servis xidmətinin təşkil olunması və şagirdlərin məktəbəqədər təhsil pilləsinə cəlb olunması məqsədəuyğun hesab oluna bilər”.

Elçin Əfəndi bildirib ki, bundan əlavə təkcə bu pillədə deyil, digər yuxarı pillədə, yəni ibtidai təhsil pilləsində də hansı ki biz qarşıda düşünürdük 1500-ə qədər məktəbin rasionallaşdırılmasını, yaxud da avtomatlaşdırılmasını və burada da düşünürəm ki, şagird sayı az olan məktəblərdə də vahid bir məktəbdə birləşdirilib və nəticə etibarilə burada da servis xidmətini təşkil etmək daha məqsədəuyğun hesab oluna bilər: “Yəni hardasa müsbət qatqıları çox olacaq deyə düşünürəm. Ümumi həm şagirdlərin təhsil prosesinə cəlb olunması, həmçinin təhsilin əlçatanlığı baxımından müsbət dəyərləndirilə bilər”.

Xatırladaq ki, ötən gün Elm və Təhsil naziri Emin Əmrullayev “Təhsil avtobusları haqqında düşünürük. Hansısa formada ucqar kəndlərdə avtobus kəndə gəlir və həmin kəndin içində uşaqlara məktəbəqədər təhsili təqdim edir” deyə fikirlər səsləndirmişdi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə