Diplomlar bu hallarda tanınmır - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI

"Diplomların tanınmaması ilə bağlı müəyyən kriteriyalar var. Belə ki, həmin tələbənin iddia etdiyi ixtisas üzrə müəyyən biliklərə sahib olması, tədris aldığı dil, ixtisası barədə müəyyən qədər biliklərin olması və iddia etdiyi universitetin reytinq siyahısında yer alıb-almaması kimi məqamlar olduğu təqdirdə diplom tanınır. Yerdə qalan digər hallarda isə təəssüflər olsun ki, diplom tanınmır". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bundan əlavə qiyabi, distant təhsil forması olan diplomlarla yox, yalnız əyani təhsil forması olan diplomlar tanınır: "Nəticə etibarilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Agentliyi tərəfindən müvafiq olaraq müraciət edən şəxslərin sorğuları əsasında araşdırma aparılır. Kimlərdə diplomların tanınması ilə bağlı problem yoxdursa, onların diplomları tanınır və bununla bağlı xəbərdarlıq olunur. Tanınmadıqda da şəxsə eyni şəkildə bunun səbəbi ilə bağlı məlumat verirlər".

Elçin Əfəndi sözlərinə belə davam edib: "Xaricdə təhsil alarkən vətəndaşlarımız bəzi məqamlara mütləq diqqət etməlidirlər ki, onların təhsil alacaqları universitet dünya reytinq siyahısında yer tutsun, onlar hansı dildə təhsil alacaqsa həmin dil barədə biliklərə sahib olmalıdırlar. Həmçinin, təhsil aldıqları ixtisas barədə biliklərə sahib olmalıdırlar. Eyni zamanda, onların təhsil aldıqları dövr ərzində ölkəyə giriş və çıxışları vətəndaş pasportunda öz əksini tapmalıdır. Belə olduğu halda diplomun tanınması mümkün ola bilər. Bu amillər mütləq nəzərə alınmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə