Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.
Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyi, Bakı şəhəri 95, 107, 214, Gəncə şəhər 17 saylı orta məktəbin, həmçinin evdə təhsil sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan xalçasını tanı və tanıt” adlı onlayn görüş keçirilib.
SİA-nın məlumatına görə, onlayn görüşdə kitabxananın əməkdaşı Respublika Uşaq Kitabxanasının fondunda qorunub saxlanılan Azərbaycan milli xalçalarını özündə əks etdirən ədəbiyyatlarla uşaqları tanış edib. Milli Xalça Muzeyinin şöbə müdiri Aygün Abbaslı Azərbaycan qədim və müasir xalçaları haqqında ətraflı məlumat verib, məktəblilərin müxtəlif suallarını cavablandırıb.
Sonda kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova kitabxananın sıx əməkdaşlıq etdiyi Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşlarının simasında peşə bayramını qeyd edən bütün xalçaçıları təbrik edib, onlara uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə