Respublika Uşaq Kitabxanası növbəti metodik vəsaiti istifadəçilərin ixtiyarına verib
Azərbaycan ədəbiyyatı tarixində Abdulla Şaiq şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi tanınıb. O, Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq yolu keçib. Şair ən çox uşaqlar və gənclər üçün yazıb yaradıb. Onun əsərləri indi də məktəblərdə tədris edilir. Onun uşaq və gənclər üçün yazdığı əsərlər gözəl lirik şeirlərdən, mənzum və mənsur hekayələrdən, nağıllardan, təmsillərdən və kiçik pyeslərdən ibarətdir. Abdulla Şaiqin 140 illik yubileyini qeyd edən F.Köçərli adına Respublika Uşaq Kitabxanası da bu münasibətlə "Ədəbiyyatımızın sönməz çırağı" adlı metodik vəsaiti istifadəçilərə təqdim edib.
SİA-nın məlumatına görə, kitabxananın Elmi-metodika şöbəsi tərəfindən hazırlanan vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.
Vəsaitin I hissəsində ədibin həyat və yaradıcılığı haqqında məlumat verilir. II hissədə isə virtual kitab sərgisi, onlayn müsabiqələr - rəsm, foto, əl işləri, inşa yazı, oxu müsabiqələri, "Milli uşaq ədəbiyyatının incilərini yaradan sənətkar" adlı virtual söhbət, "Abdulla Şaiq yaradıcılığında vətənpərvərlik" adlı onlayn dəyirmi masa, "Abdulla Şaiqin bədii və elmi-nəzəri irsi" ilə bağlı videokonfrans, ədibin nağılları əsasında çəkilmiş cizgi filmləri, "Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri" virtual kitab müzakirəsi, viktorina sualları və videogörüşün planı yer alıb.
Vəsaitdə oxuculara ədibin "Tıq-tıq xanım", "Yaxşı arxa", "Ovçu Məstan", "Sehrli üzük", "Nüşabə", "Sultan Səncər və Qarı" mənzum nağılları, "Tülkü və Xoruz", "Dəvə və Siçan", "Arı və Eşşək", "Tülkü və Dəvə" haqqında məlumat təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə