“Xocalı qaranlıqdan işığa” adlı videokonfrans keçirilib

Fevralın 25-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası və İdrak liseyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xocalı qaranlıqdan işığa” adlı videokonfrans keçirilib. SİA-nın məlumatına görə, videokonfrans Xocalı soyqırım qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətindən danışaraq qeyd edib ki, artıq bir çox dövlətlər Xocalıda törədilən qırğını soyqırım kimi qəbul edib. Vurğulayıb ki, Xocalı faciəsi ermənilərin törətdikləri çoxsaylı müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir.

Tədbirdə Zahirə Dadaşova həmçinin uşaq yazarlarından danışaraq Sevinc Nuruqızının “Balaca və Cubbulu”, “Qisas”, Ələmdar Quluzadənin “Qadan mənə Qarabağ”, Qəşəm İsabəylinin “Leyləyin intiqamı”, Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcək”, “Xocalı uşaqları - Qar içində qan çiçəyi”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs”, gənc yazar Sevinc Elsevərin “Ürəyində bir arzu tut” əsəri əsasında hazırlanmış və Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş “Arzu və Murad” tamaşası haqqında əraflı məlumat verib.

Görüşdə çıxış edən şəhid şəhərin sakini, hadisələrin canlı şahidi “Xocalının səsi” qəzetinin redaktoru olmuş Səriyyə Müslümqızı deyib: “Həmin gecə yaddaşıma bir kabus kimi həkk olunub. Həmin gecə öldürülən uşaqlar haqqında “Onlar heç vaxt böyüməyəcək” kitabıma xatirələrimi köçürtmüşəm. Bu kitablar 4 dildə çap olunaraq bir çox ölkələrə yayımlanıb. Biz Xocalı soyqırımını bütün dünyada tanıtmağa borcluyuq. Ərazi bütövlüyümüz bərpa olunsa da bizə vurulan yaralar hələ sağalmayıb. Faciələrimizə biganə yanaşmağa bizim haqqımız yoxdur, Vətən müharibəsində göstərdiyimiz həmrəyliyi Xocalı soyqırımı ərəfəsində də nümayiş etdirməliyik. Azərbaycanın xoşbəxt gələcəyinin inkişafı, erməni işğalçılarının mənfur əməllərinin beynəlxalq müstəvidə tanınması həm də siz uşaqların əlindədir”.

Onlayn görüşdə məktəblilərin yazıçıya ünvanladığı suallar cavablandırılıb, sonra “Onlar heç vaxt böyüməyəcək” əsəri əsasında uşaqların hazırladıqları videoslayd təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə