Respublika Uşaq Kitabxanası xarici yazıçıları oxuculara tanıdır

F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu il yubileyi qeyd edilən xarici yazarların oxuculara tanıdılması məqsədilə metodik vəsait hazırlayıb. SİA-nın məlumatına görə, göstəricilər mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilimiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları, məktəblər üçün nəzərdə tutulub.

Vəsaitin birinci hissəsi yazıçıların həyat və yaradıcılığından bəhs edir. II hissədə isə xarici yazarları oxuculara tanıtmaq məqsədilə uşaq kitabxanalarında nəzərdə tutulan tədbirlərin ssenarisi verilib. Vəsaitdə uşaqlar üçün nağıllar yazan amerikalı Frenk Baumun anadan olmasının 165 illiyi, Amerika yazıçısı H.Biçer Stounun anadan olmasının 210 illiyi, ingilis uşaq yazıçısı Maykl Bondun anadan olmasının 95 illiyi, alman filoloqu, folklorçu, nağılçı Vilhelm Qrimin 235 illiyi, ingilis uşaq yazıçısı, Andersen mükafatı laureatı Eleanor Farconun anadan olmasının 140 illiyi, rus uşaq şairi A.L.Bartonun 120 illiyi münasibətilə təşkil edilən kitab sərgilərindən, biblioqrafik icmallardan, konfranslardan, ədəbi bədii gecələrdən söhbət açılır.

Vəsaitdə Frenk Baumun ən məhşur “Zümrüd şəhərinin sehirbazı” kitabının təhlili, bu əsərin ssenarisi əsasında çəkilmiş cizgi filmi haqqında ətraflı məlumat verilib.

Vəsaitin üçüncü hissəsində isə Maykl Bondun ən məşhur “Paddinqton ayı balası” kitabının təhlili oxuculara çatdırılıb, həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Andersen mükafatı laureatı Eleanor Farconun 140 illiyi münasibətilə qələmə alınmış vəsaitdə yazıçının şeir, hekayə və povestləri, uşaqlar üçün opera tamaşalarında istifadə edilən şeir mətnləri haqqında ətraflı məlumat verilib.

Oxucular vəsaitdən http://clb.az/elmi-metodika_k74.html linkindən istifadə etməklə yararlana bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə