F.Köçərli adına Respublika Uşaq Kitabxanası mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filiallarının və metodistlərin istifadəsi üçün nəzərdə tutulan növbəti metodik vəsaiti oxucuların ixtiyarına verib. SİA-nın məlumatına görə, elmi-metodika şöbəsinin hazırladığı vəsait nasir, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın 100 illik yubileyi münasibətilə hazırlanıb.
Vəsait iki hissədən ibarətdir. “Zərif duyğular tərənnümçüsü” adlanan birinci hissə yazıçının həyat və yaradıcılığından bəhs edir. İkinci hissə isə “Yüksək vüsətli romanlar müəllifi” adlanır. İstifadəçilər vəsaitin ikinci hissəsində yubiley münasibətilə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi-bədii gecə və digər tədbirlər haqqında da məlumat əldə edə bilərlər.
Vəsaitdə “Mənim müəllimim”, “Hekayələr”, “Tək ağac”, “Kənd yolları”, “Payızda”, “Yenə bahardı”, “Tut ağacı”, “Süsən sünbül”, “Hörüklər”, “Adamlar və talelər”, “Hardasan, dost, harda”, “Əlvida”, “Dəli Sona”, “Son döngə”, “Səni axtarıram” kitablarının müzakirəsi oxuculara çatdırılıb.
Qeyd edək ki, göstəricidə görkəmli şəxsiyyətlərin Ələviyyə xanım haqqında söylədiyi fikirlər də yer alıb.
Oxucular vəsaitdən http://clb.az/elmi-metodika_k74.html linkindən istifadə etməklə yararlana bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə