Tofiq Əhmədovun 90 illik yubileyi qeyd edilib FOTOLAR

Heydər Əliyev Sarayında xalq artisti, musiqi sənətinin tanınmış nümayəndəsi Tofiq Əhmədovun anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılan yubiley gecəsində dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gecədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 17 fevral tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb. Bildirib ki, il ərzində teatr və konsert müəssisələrində Azərbaycan musiqi sənətinin tanınmış və görkəmli nümayəndələrindən biri, sevilən dirijor, bəstəkar, musiqi ifaçısı Tofiq Əhmədovun yubileyinə həsr edilmiş çoxlu sayda yaradıcılıq gecələri, tədbirlər, konsertlər, bəstəkarın mahnıları ilə yadda qalacaq gecələr keçiriləcək.

Diqqətə çatdırılıb ki, Tofiq Əhmədov 1924-cü il fevralın 28-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında klarnet ixtisası üzrə təhsil aldıqdan sonra Moskvanın məşhur caz qruplarında fəaliyyətə başlayıb.

Tofiq Əhmədovun qısa zaman kəsiyində Moskvada həm mütəxəssislərin, həm dinləyicilərin xüsusi rəğbətini qazandığını, diqqətini cəlb etdiyini söyləyən nazir müavini onun əvvəlcə ümumittifaq caz orkestrinə, daha sonra isə o dövr üçün Moskvada son dərəcə məşhur olan, böyük musiqiçilərin çalışdığı musiqi qruplarına dəvət aldığını qeyd edib.

1955-ci ildə Tofiq Əhmədov Vətənə dönmüş və o zamankı Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində həmin dövrün mühiti üçün ilk dəfə olaraq, sonralar estrada simfonik orkestri kimi fəaliyyət göstərəcək estrada orkestrinin əsasını qoymuş və ömrünün sonunadək bu kollektivə rəhbərlik edib.

Vurğulanıb ki, Tofiq Əhmədov qısa müddətdə o dövrün ən tanınmış, Azərbaycanın adını dünyada şöhrətləndirən böyük bəstəkarlarımızdan Qara Qarayevi, Fikrət Əmirovu, Cahangir Cahangirovu, Tofiq Quliyevi, Xəyyam Mirzəzadəni yeni yaranmış bu kollektiv ilə əməkdaşlığa cəlb edib. Eyni zamanda, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova, Yalçın Rzazadə, Oqtay Ağayev, İlhamə Quliyeva kimi görkəmli sənətkarlar bu kollektiv ilə uzun illər Azərbaycan Televiziyasında və respublikanın müxtəlif konsert salonlarında çiyin-çiyinə fəaliyyət göstəriblər.

Qeyd olunub ki, Azərbaycan musiqi mədəniyyətinə yenilik gətirən, bir çox musiqi nömrələri və parçalarına həyat verən Tofiq Əhmədov, əslində mədəniyyətimizdə yeni bir cığırın başlanğıcını qoyub. Qısa, lakin mənalı həyat yaşayan Tofiq Əhmədov bütün varlığı ilə Azərbaycan musiqisinə, onun tanınmasına xidmət edib. 60-cı illərdə görkəmli sənətkar rəhbərlik etdiyi orkestr ilə Azərbaycanı və SSRİ-ni onun hüdudlarından kənarda təmsil etmiş, iki dəfə beynəlxalq müsabiqədən qızıl medalla dönüb.

1977-ci ildə Tofiq Əhmədov Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

2010-cu ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən estrada simfonik orkestrinə Tofiq Əhmədovun adı verilib. Bugünkü yubiley gecəsində kollektivin yeni tərkibdə ilk dəfə olaraq çıxış edəcəyi nəzərə çatdırılıb.

Qeyd edək ki, gecədə tanınmış ifaçılar, musiqiçilər Tofiq Əhmədovun və digər görkəmli bəstəkarlarımızın musiqilərini səsləndiriblər. Onları Allahyar Vəzirovun dirijorluğu ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Tofiq Əhmədov adına estrada simfonik orkestri müşayiət edib. Tədbirdə sənətkara həsr olunmuş videokadrların təqdim edilməsi bir növ keçmişə ekskurs olmuş, nostalji hisslər yaşadıb. Həmçinin Heydər Əliyev Sarayının foyesində Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən Tofiq Əhmədovun şəkillərindən hazırlanmış foto sərgi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə